Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi qərəzli fikirlərə cavab verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in yaydığı məlumatda qeyd olunub.
“Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.
Fransa nazirinə bir daha xatırlatmaq istərdik ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir.
Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir.
Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır”, – XİN rəsmisi bəyan edib.
Qeyd edək ki, Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolona “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Qarabağ bölgəsini ermənilərlə məskunlaşmış Azərbaycan daxilində anklav adlandırıb. O bir daha Laçın yolunun blokadada olduğunu iddia edərək, yolun açılmasını tələb edib.