Kulis.az Fəxri Uğurlunun “Xoşbəxtliyin ölümcül dozası” adlı yeni yazısını təqdim edir.
Qustav Floberin “Madam Bovari” romanı haqqında
Flober Balzak kimi məhsuldar deyildi. Təqribən altmış illik ömründə bir sıra kiçik həcmli əsəriylə yanaşı cəmi üç roman ərsəyə gətirmişdi: “Madam Bovari”, “Salambo”, bir də “Duyğuların tərbiyəsi”. Əsərlərini böyük əziyyətlə, vasvasılıqla, zülüm-zillətlə yazıb başa vururdu. İlə bir neçə roman bitirən dahi sələfinin söz israfına, üslub pintiliyinə, tələskənliyinə işarəylə yarızarafat deyirdi ki, yaza bilsəydi, çox yaxşı sənətkar olardı. Özü isə Balzakın beş-altı aylıq normasını beş-altı ilə yerinə yetirirdi. Yazdıqlarını dönə-dönə pozub yenidən yazır, bəzən günə bir səhifə də yox, bir-iki cümlə irəliləyə bilirdi. Cümlənin poetikliyi, şümallığı, gözəlliyi ondan ötrü məzmunun dərinliyindən heç də az əhəmiyyət daşımırdı.
Qustav Flober bədii mətni siyasi pafosdan, ictimai demaqogiyadan, milli təəssübkeşlikdən. ən başlıcası da müəllif hegemonluğundan qorumağa çalışan mükəmməl stilist idi. Onun ortaya qoyduğu üslub doktrinası bütün Avropa, dolayısıyla bütün dünya ədəbiyyatına təsir göstərib. Həmin dövrdə Fransanın sənət mühiti böyük yeniliklərə, tarixi dəyişimlərə qapılarını taybatay açmışdı, eyni proses Floberin çağdaşı olan sənətkarların, o cümlədən “Parnas” poeziya məktəbinə mənsub, yaxud bu cərəyana yaxın Teofil Qotye, Lekont de Lil, Sülli Prüdom, Şarl Bodler, Pol Verlen, Stefan Mallarme, Artur Rembo kimi şairlərin də yaradıcılığında özünü göstərirdi.
Floberin üslubu təbiətdən əxz olunmuş panteistik üslubdur. Özü öz üslubuna belə tərif verirdi: “Yazıçının əsərinə müdaxiləsi Allahın təbiətdə iştirakı kimi olmalıdır – hər yerdə var, amma gözə görünmür”. Onun romanlarında Balzakın, Hüqonun, Dostoyevskinin, Tolstoyun əsərlərində olduğutək zəhmli müəllif barmağına, qüdrətli müəllif yumruğuna, hər kimsənin, hər nəsnənin fövqündə duran ucalardan uca müəllif postuna yer yoxdur; o, müəllifi, son illər dəbdə olan təbirlə desək, “öldürmüşdü”, daha doğrusu, onu canlı-cansız personajların bətnində əritmişdi, ona görünməz libas biçmişdi, onu zərrələrə, nüsxələrə, rollara bölmüşdü. Havayı yerə söyləmirdi ki: “Madam Bovari mən özüməm”. Yəni demək istəyirdi ki, özümü bir müəllif kimi əkdiyim şuma dən-dən səpmişəm, xarakterimin cəhətlərini obrazlarım arasında paylaşmışam, personajlarımı doğmaya-yada bölməmişəm, hər birində şəxsən özüm təcəlla eləmişəm. Bu, xalis ədəbi-bədii panteizmdir. Onun üslubu təkcə özündən sonrakı ədəbiyyata yox, təsviri sənətə, teatr, kino sənətinə də təsir göstərib.
Flober yaradıcılığının zirvəsi sayılan “Madam Bovari” romanının bütün süjeti boyu faciəylə komediya, romantikayla satira qol-boyun addımlayır. Əsərin ən tragik məqamlarında belə dərindən boylanan müəllif ironiyasının qımışan dodaqları görünür. Bu kitabı janr xüsusiyyəti baxımından faciəvi komediya, yaxud satirik tragediya da adlandırmaq olar. Əsər romantizmlə realizmin sərhədində yazılıb.
Müəllif personajları yaxşıya-pisə bölmür, romanda sözün klassik mənasında müsbət, ideal qəhrəman, yaxud da görkəmindən vahimə yağan eybəcər antiqəhrəman yoxdur. Flober heç kəsi ittiham mövqeyində durmur, hər bir obrazın iç üzünü öz nitqi, öz rolu, öz ifası vasitəsilə ifşa eləyir. Yazıçının bu əsərdə verdiyi mesajı yalnız təxmini yozumla çözməyə cəhd göstərmək olar, tutduğu fəlsəfi-ideoloji pozisiyanı yalnız əlhavasına axtarıb tapmaq olar. Kimi bu romanın burjua əxlaqına qarşı yönəldiyini, kimi meşşanlığı hədəfə götürdüyünü, kimi romantizmi lağa qoyduğunu, kimi də yeni estetik platformanın manifesti kimi qələmə alındığını sübuta yetirməyə çalışır. Əlbəttə, bunlar hamısı yarımçıq izahlardır, hərçənd hər birində gerçək payı var.
Süjet olduqca bayağıdır: monastırda təlim-tərbiyə almış, gizli yollarla içəri ötürülən yasaq sevgi romanlarının təsiri altında böyümüş varlı fermer qızı Emma dul kənd həkimi Şarl Bovariyə ərə gedir, tezliklə də getdiyinə peşman olur, darıxdığından özünə məşuq tutur, sonra onu başqasına dəyişir, zər-zibaya, daş-qaşa aşırı tamahı ucbatından hiyləgər, qəddar sələmçinin girovuna çevrilir, axırda da özünü zəhərləyib öldürür. Bu cür bayağı süjetdən ölməz əsər yaratmağın sirri nədədir? Yəqin ki, bayağılığın astar üzünü görə bilməkdə, bayağılıqda ifadə olunan ciddi həyat həqiqətlərini sezə bilməkdə. Bayağı olanın mahiyyəti bayağı olmaya da bilər, eynən bu romanda öz ifadəsini tapdığı kimi.
Flober qəhrəmanlarının ürəyini əsl psixoterapevt, ustad psixoanalitik kimi oxuyur, oxuduqlarını romanının səhifələrində bənd-bənd analiz eləyir, nəticə çıxarmağı isə oxucunun, təhlilçinin öhdəsinə buraxır. Biz onun yaratdığı obrazları, konkret götürsək, Emma Bovarini qınadığınımı, onu ictimai rəyin cənginə verdiyinimi, yoxsa ona acıdığınımı, onu yazıq günə qoyduğuna görə Yaradanı, təbiəti suçladığınımı dəqiq bilə bilmirik, Flober bunlarla bağlı ortalığa açıq mövqe qoymur. Biz bütün bunları yalnız ehtimal eləyə bilərik. Əlbəttə, dahi yazıçının öz şah əsərini zavallı bir qadının timsalında əyalət əxlaqının maskasını yırtmaq üçün (hərçənd əsərin yarımbaşlığında buna açıq işarə var) yazdığını düşünmək doğru yanaşma olmazdı. Floberin söykəndiyi fəlsəfi-estetik prinsiplərin dərinliyi belə dayaz yanaşmanı birmənalı istisna eləyir.
Dövrünün bir sıra böyük qələm adamı kimi Flober də insanlara yalnız diaqnoz qoyur, onları həyatın qada-bəlasından qorumaq üçün yazdığı resepti, düzəltdiyi peyvəndi isə ya gizli saxlayır, ya da heç belə bir resept, peyvənd yoxdur, hərçənd biz onun qoyduğu diaqnozdan özümüz də nəticə çıxara bilərik. Necə? Gəlin sınayaq.
Emma Bovari romantik xəyallarla bəslənmiş fermer qızıdır. Onun diləkləri, ehtirasları nəinki yaşadığı kəndə, heç ərə gedəndən bir müddət sonra köçdüyü əyalət şəhərciyinə də sığmır. Oxuduğu eşq romanlarının təsiri altında Emma hər zaman çılğın sevgi macəralarının, ağ atlı oğlanın intizarında olub. Kənd həkiminə ərə getməyə də elə buna görə həvəs göstərir, bu nikahla xəyallarına qovuşacağını düşünür. Fəqət rutin ailə həyatının sərhədləri içində romantikaya yer olmadığını görəndən sonra yel qanadlı xəyal atından yıxılır.
Şarl onun arzularındakı eşq cəngavərinə bilmərrə bənzəməyən adidən adi bir tipdir: nə at çapmağı, nə ova çıxmağı, nə güllə atmağı, nə qılınc oynatmağı, nə poetik cümlələr qurmağı, nə şeir söyləməyi, nə də çılğınca aşiq olmağı bacarır. Əri nə qədər qayğıkeş, mərhəmətli, sədaqətli, intizamlı olsa da, Emma belə bir əfəl, maraqsız-mənasız tiplə bir dam altında yaşamaqdan tezliklə bezir, Şarldan diksinməyə başlayır, qüssədən xəstələnir, əsəbləri pozulur, depressiyaya yuvarlanır.
Düşdüyü dərin quyudan çıxmaq üçün xanım Bovari özünə yeni məşğuliyyətlər, yeni əyləncələr, yeni macəralar axtarmağa başlayır. Onun darıxdığını sezən varlı gənc mülkədar, təcrübəli donjuan Rodolf Emmanın dilsiz harayına qarşılıq verir, təbiətinə uymayan, içindən gəlməyən saxta romantikayla tez bir zamanda onun qəlbini ovsunlayır. Madam Bovari əyalət səviyyəli könül alverçisinə bütün varlığıyla təslim olur, ondan ideal aşiq, fədakar cəngavər obrazı qondarır. Onlar arasındakı bayağı sevgi söhbətləri başdan-başa romantik eşq mükalimələrinə amansız parodiyadır.
Məqsədinə çatandan bir müddət sonra Rodolf Emmanı ehtiyatlı olmağa çağırır, əslində isə qadının yox, öz reputasiyasının korlanacağından çəkinir. Görüşləri seyrəltməklə könül oğrusu xanım Bovarinin heysiyyətinə toxunur, qadın nədən fədakar, sadiq ərini sevmədiyi, heç nədən ona bunca nifrət bəslədiyi barədə düşünməyə başlayır. Bir müddət Emmanın səbbi alınır, Şarla rəğbətini bərpa eləməyə çalışır. Bu vaxt onun əlinə yaxşı bir fürsət də düşür: maarifçilik ideyalarının pərəstişkarı, əyalət qəzetinin müxbiri, onların evinin daimi qonağı tərəqqipərvər əczaçı cənab Ome Şarl Bovarini əyripəncə mehtər İppolitin ayağı üzərində əməliyyat aparmağa razı salır. Ome onları inandırır ki, bu əməliyyat ölkədə bir ilk olmaqla Şarlın adını cəmi Fransada məşhurlaşdıracaq, bütün qəzetlər bu möcüzədən yazacaq.
Beləliklə, madam Bovarinin şöhrət azarının üzünə qızıl darvazalar açılmaqdadır: onu dünya miqyaslı həkimin xanımı kimi tanıyacaqlar! Zavallı Şarl ağlasığmaz avantüraya getmək istəməsə də, arvadıyla əczaçı birləşib bu işi onun boynuna qoyurlar. Təbii ki, əməliyyat uğursuz keçir, bir neçə gün sonra mehtərin yarası qanqrena verir, uzaqdan çağırılan adlı-sanlı, təcrübəli həkim binəva İppolitin qıçını dizdən aşağı kəsir, doktor Bovari cümlə mahalda rüsvay olur. Bundan sonra Emma onun parlaq xəyallarını mehtərin ayağının getdiyi yerə göndərən fərsiz ərindən biryolluq iyrənir, yenidən məşuqunun ağuşuna sığınır.
Ardı var…