Muğanda aşkarlanmış svastika simvolları…

Muğanda aşkarlanmış svastika simvolları…

Qədim və sirli Muğan diyarının tarixi ilə bağlı apardığım araşdırmalara əsasən, indiyədək Azərbaycan Respublikası və eləcə də, İran ərazisində yerləşən Muğan zonasında ümumilikdə 3 maddi-mədəniyyət nümunəsində svastika (卐) simvolu aşkarlanmışdır.

Müasir dövrümüzdə bu simvol nasist Almaniyasının gerbi kimi təsəvvür edilsə də, əslində onun minilliklər öncə meydana gəlişi və istifadəsinin alman nasistlərinə heç bir aidiyyatı olmamışdır. Bu simvol 10000 ildən çox qədim tarixdən gələn fəlsəfi və dərin mənalı bir simvoldur. Doğma diyarımızda min illər öncə insanların mənsub olduğu Muğan və Mitraizm (Mehrpərəstlik) kimi dinlərdə dörd həyat ünsürünü (su, od, külək və torpağı), eləcə də, xoşbəxt həyatı, günəşi və s. simvolizə edən bu simvoldan geniş istifadə olunmuşdur.
Faşistlər isə XX əsrin əvvəllərində həmin qədim simvolu əxz edərək mənimsəməyə çalışmışlar…
İndiyədək qədim və sirli Muğan zonasından aşkarlanmış svastika simvol nümunələri aşağıdakılardan ibarətdir:

I nümunə:
1966-cı ildə İranda Pəhləvi sülaləsindən olan Məhəmmədrza Pəhləvinin hakimiyyəti dövründə İranın Muğan zonasında yerləşən Germi şəhəri ətrafında aparılan arxeoloji qazıntılar zamanı buradan Parfiya Dövləti (e.ə 247 – b.e 224) zamanına aid edilən küp qəbirlər tapılmışdır. Həmin küplərdən birinin içərisindən tapılan nəfis parça üzərində müəyyən naxışlardan əlavə svastika simvolu da müşahidə edilir.

Açıklama yok.

II nümunə:
1966-cı ildə İranda İranın Muğan zonasında yerləşən Germi şəhəri ətrafında aparılan arxeoloji qazıntılar zamanı tapılmış küp qəbir üzərində də, svastika simvolunun mövcudluğu təsbit edilmişdir.

III nümunə:
1990-cı ilin ilk aylarında Azərbaycan Respublikasının Cəlilabad rayonu, Ləkin kəndi ərazisindən tapılan küp qəbir üzərində də svastika simvolunun həkk olunduğu təsbit edilmişdir. Həmin nadir və tarixi tapıntı qədim Muğanın peşəkar arxeoloq və tarixçi-tədqiqatçı alimlərindən sayılan Elşad Əmənov tərəfindən aşkarlanaraq təsbit edilmişdir.
Bununla da, bura qədər Odlar Yurdu Azərbaycanın ayrılmaz parçası sayılan qədim və sirli Muğan diyarında 3 qədim maddi-mədəniyyət nümunəsində svastika simvolunun aşkarlandığı təsbit edilmişdir.

Məlumat üçün qeyd etmək lazımdır ki, İranın Muğan zonasından tapılmış hər iki maddi-mədəniyyət nümunəsi tapıldığı zamandan etibarən indiyə kimi İranın paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Muzeye-İrane-bastan” (Qədim İran Muzeyində) 3405 nömrəli qiymətli eksponat olaraq saxlanılır. Lakin uzun illər boyu Cəlilabad rayonunun aidiyyatı orqanlarına edilən bütün çağırış, müraciət və xahişlərə rəğmən Cəlilabad ərazisindən tapılmış bu qiymətli maddi-mədəniyyət nümunəsinə xüsusi biganəlik nümayiş etdirilmişdir. Doğma elimizin fədakar tarixçi alimi Elşad Əmənovun aşkarladığı küp qəbir 1990-cı ildən 2022-ci ilə qədər (düz 32 il müddət ərzində) diqqətdən kənarda qaldı və həmin müddətə qədər onun həyətyanı sahəsində əmanət kimi qorunub-saxlanıldı.
Nəhayət, ötən il (2022-ci ildə) Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin Salyan Regional İdarəsinin sabiq, həm də, dəyərli və ləyaqətli rəisi hörmətli Babək Bəkirovun təkidi və xüsusi tapşırığı əsasında Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gətirildi.

Təəssüflər olsun ki, hal-hazırda həmin tarixi, nadir və qiymətli tapıntı sınıq vəziyyətdə (restavrasiya olunmadan), özü də, insanların get-gəl etdiyi səkinin və Cəlilabad şəhər Heydər Əliyev adına prospektin yaxınlığında açıq səma altında torpaq üzərinə qoyulub!

Mənə görə, həmin nadir tapıntının torpaqlar altında qalması onun bu vəziyyətdə saxlanılmasından daha faydalı olardı. Çünki onun hər an valideyn və məktəb tərbiyəsi görməmiş şəxslər tərəfindən sındırılması, təsadüfi hadisə nəticəsində məhv olması, yoldan keçən avtomobilin qəza nəticəsində əraziyə daxil olub onu sındırması və eləcə də, yağış, dolu və qar altında qalaraq məhv olma ehtimalı daha güclüdür.
Əslində ən azından bu nadir tapıntı Muzeyin daxilində, özü də metaldan hazırlanmış xüsusi paya (ayaqlıq) üzərində saxlanılmalı idi. Qədim maddi-mədəniyyət nümunələrinin qorunub-saxlanılması sahəsində beynəlxalq təcrübə də bunu tələb edir.

Hər zaman söylədiyim kimi, tarix millətin “Şəxsiyyət vəsiqəsi”dir. Biz öz keçmiş tariximiz və maddi-mədəniyyət nümunələrimizi qorumaqla əslində şəxsiyyətimiz və mənliyimizə hörmət qoymuş oluruq. Bu baxımdan, tarixi abidələrimiz və maddi-mədəniyyət nümunələrimizə olan münasibətə yenidən baxmaq lazımdır.

۞ Ümid edirəm ki, aidiyyatı orqanlar, xüsusilə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu tarixi və qiymətli tapıntıya dərhal xüsusi diqqət ayıracaq, onun qorunması üçün lazım olan addımları atacaqdır. Bununla bağlı əziz və dəyərli həmyerlimiz, eyni halda MİQİBDX-nin mətbuat katibi hörmətli Fariz Hüseynli müəllimdən də, gözləntilərimiz çoxdur.

İlqar İsmayılzadə (Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və “Qızıl Qələm” Media Mükafatı Laureatı)
05.05.2023
İlqar
İlqar İsmayılzadə

Share: