Bu gün anadan olmasının 100-cü ildönümü tamam olan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır.
Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimizin müstəsna yeri var. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.
Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdir: “Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından məharətlə çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.
Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsi oldu. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl xalqın xilaskarı olub.
Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.
Ümummilli lider Heydər Əliyev dünyanın nadir insanlarından olmaqla hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Yalnız Azərbaycanda deyil, bütün dünyada bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəslənilib.
Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” – deyə böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, ulu Tanrı xalqımıza Heydər Əliyev dühası kimi böyük şəxsiyyət qismət edib. Bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimizin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb.
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylədi. O, bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından almışdı. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə “Xalq-Heydər, Heydər-Xalq” birliyi də belə yaranıb.
Ümummilli liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahəsini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın. Ulu öndərimizin uzun illər bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu, milli neft strategiyası bu gün öz möhtəşəm bəhrlərini verir. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri Heydər Əliyevin milli neft strategiyasının təntənəsi, Azərbaycanın xoşbəxt gələcəyinin möhkəm bazası və möcüzəli açarıdır. İndiyədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində ümummilli liderimiz, dünya səviyyəli siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə – 1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki, bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.
Bu gün Ulu öndər Heydər Əliyevin cismən aramızda olmaması xalqımız üçün nə qədər ağırdırsa, İlham Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi ən böyük xoşbəxtlikdir. Çünki, Azərbaycanda hüquqi dövlətin banisi, ömrünün 40 ilə yaxın bir müddətini xalqımızın taleyi ilə sıx bağlayan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun əzmkar davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz bu gün misli görünməyən sürətli inkişaf dinamikası əldə edərək regionun lider dövlətinə çevrilmişdir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada öncül ölkələrdən olmaqla əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır.
Qəti əminik ki, Ulu öndər Heydər Əliyevin dövlətimizin ərazi bütövlüyünün təmini ilə bağlı işğal altındakı torpaqlarımızın azad edilməsi arzusu Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində reallığa çevrildiyi kimi digər arzuları da çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır.
Biz Sizdən öyrəndik!
Ümummilli lider Heydər Əliyev 100
Hörmət və ehtiramla yad edirik!??
Hörmətlə: Nərimanov Yeni Azərbaycan Partiyasının üzvü
Vüsal Baloğlanov