“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonra Rusiya tərəfinin verdiyi açıqlamalar rəsmi İrəvanın təxribatlara əl ata biləcəyi ehtimalını yaradırdı. Bu təxribatın da əsas faktorlarından biri Vaşinqton görüşünün nəticələrini şübhə altına almaq, Brüsseldə keçirilən görüşdə irəliləyişlərə nail olmamaq və həmçinin də Kollektiv Təhlükəsizlik Müqaviləsi Missiyasının Ermənistan sərhədinə gətirilməsi üçün əlverişli zəmin yaratmaq olub”.
Bu fikirləri “Report”a açıqlamasında siyasi analitik Elçin Mirzəbəyli deyib.
O həmçinin qeyd edib ki, Nikol Paşinyanın Moskvada keçirilən paradda iştirakı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistana gətiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanın növbəti dəfə təxribata əl ata biləcəyini gündəmə gətirirdi:
“Bu təxribatın da əsas faktorlarından biri Vaşinqton görüşünün nəticələrini şübhə altına almaq, Brüsseldə keçirilən görüşdə irəliləyişlərə nail olmamaq və həmçinin də Kollektiv Təhlükəsizlik Müqaviləsi Missiyasının Ermənistan sərhədinə gətirilməsi üçün əlverişli zəmin yaratmaq olub. İndiki davranışlar sübuta yetirir ki, Ermənistana verilən təlimatlar məhz bu istiqamətdə olub və Rusiya bölgədə özünün dominant rolunu qoruyub-saxlamağa çalışır. Vəziyyətin eskalasiyasına və daha sonra eskalasiyanın dayandırılmasına cəhd göstərir ki, bu, Rusiyanın siyasət ənənəsinə uyğun bir davranışdır. Yəni münaqişəni yaradır, sonra isə münaqişədə vasitəçi kimi guya sülh yaratdığını nümayiş etdirməyə cəhd göstərir”.
Ekspert vurğulayıb ki, son təxribatlarda İrana məxsus pilotsuz uçuş aparatlarından istifadə etməsi Ermənistanın terrorçu dövlətin yanında olduğunu və faktiki olaraq terror dövləti olduğunu nümayiş etdirməsi kimi dəyərləndirilməlidir:
“Təbii ki, atılacaq istənilən təxribat xarakterli addım Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavablandırılacaq və baş verənlər Ermənistan üçün daha ciddi problemlərə gətirib çıxara bilər. Çünki Ermənistanın atdığı hər təxribat cavabsız qalacağı təqdirdə bu ölkənin davamlı olaraq təxribatlara əl atdığını hər kəs bilir. Bu aspektdən də təcavüzkar davranışlar istənilən halda ən sərt şəkildə qarşılığını alacaq”.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Nəticədə bir hərbçimiz şəhid olub, daha bir hərbçimiz isə yaralanıb.