Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.
Hələ cəmiyyət kimi formalaşmağı bacarmayan bu kütlə hər nə qədər debilizmdən əziyyət çəksə də, bəzən primitiv məsələlərdə haqlı da ola bilir.
Belə məsələlərdən biri də “Eurovision” mahnı müsabiqəsinə göndərdiyimiz kişi müğənnilərin həmin yarışda geyindiyi qadın paltarlarına olan etirazdır.
Burda bir neçə məqam var. Gərək tələsmədən, bir-bir hamısını açaq.
Ortaya atılacaq fikirlərdən ən birincisi budur:
“Sənətçinin geyiminə müdaxilə etmək olmaz”
“Bu, sənətdir, səhnədir, istədikləri kimi geyinə bilərlər”
Ümumiyyətlə, nəinki sənətçinin, heç kimin geyiminə müdaxilə etmək olmaz. Necə geyinir, saçını necə edir, necə yeriyir. Bunlar şəxsi məsələlərdir.
Hərçənd “heç kimin geyiminə müdaxilə etmək olmaz” fikrinə insanların nə dərəcədə əməl edə biləcəyi, dözə biləcəyi də sual altındadır.
Şəxsən mən, sabah şəhərdə alt paltarında gəzən kişi görsəm, narahat olaram. Yenə qadın olsa, bu mənzərəyə birtəhər dözərəm… Ta Vaqif dayını alt paltarında görmək istəmərəm. Sizi bilmirəm.
Keçək sənətçinin geyim məsələsinə. Sənətçi öz klipində, öz konsertində və özünə məxsus olan hər yerdə öz istədiyi kimi geyinə, tərzini yarada bilər. Onsuz da onu dinləməyə, izləməyə gələn adamlar da əvvəlcədən sənətçinin tərzinə bələd olur. Burda qəbahət yoxdur.
Ancaq bu məsələdə vəziyyət fərqlidir.
“Eurovision” iştirakçıları olan Tural və Turanın sənətçi adından əvvəl daha böyük bir öhdəlikləri var: “Azərbaycan təmsilçiləri”
Bəli, burada Tural və Turana sənətçi kimi yox, Azərbaycan təmsilçisi kimi qiymət verilir. Məsələn, onlar orada dava salsalar, ya hansı qeyri-etik bir hərəkətlə gündəmə gəlsələr, deməyəcəkdilər ki, “Tural və Turan mədəniyyətsizlik etdi”, deyəcəkdilər ki “Azərbaycan təmsilçiləri mədəniyyətsizlik etdi”.
Çünki bu iki gənc ora Azərbaycan təmsilçisi kimi göndərilib. Bunu anlamaq və qəbullanmaq çox sadədir.
Onları Azərbaycan özü seçib, mahnısının sözlərini Azərbaycan özü yazıb, musiqini Azərbaycan özü bəstələyib və hətta geyimlərini də Azərbaycan özü müəyyənləşdirir.
Tural və Turan isə nəinki Dünya, ya Avropada, dünənə kimi heç Azərbaycanda da tanınmırdılar. Bu səbəbdən onlara da şəxsi prizmadan yox, yenə “Azərbaycan təmsilçiləri” prizmasından yanaşılır.
Məsələn, Madonnanın, ya Şakiranın ölkəsinin heç bir əhəmiyyəti yoxdur. Şakiranı heç kim vətəni Kolumbiyaya görə tanımır. Və Şakira heç yerdə Kolumbiyanı təmsil etmir. O, artıq özünü təmsil edir. Bəli. Özünü. Buna “sənətini təmsil edir” də deyə bilərsiniz.
Tural və Turan qardaşlarında isə, dediyim kimi, vəziyyət qətiyyən belə deyil.
Keçək digər məsələyə…
Müğənninin paltarını “bu, sənətdir”, “siz nə bilirsiniz sənət nədir?!” kimi cümlələrlə müdafiə etmək də çox gülüncdür. Nolsun ki qara camaat, kütlə sənətin nə olduğunu bilmir. Bu, o demək deyil ki, başqa şeyləri onlara sənət adıyla soxuşdurmaq lazımdır.
Dünyanın heç bir ölkəsində sənətə geyimlə qiymət verilmir. Geyim qətiyyən sənətin bir parçası deyil. Geyim heç vaxt ifa sənətində, səs sənətində meyar olmamış və olmayacaqdır. Yenə deyirəm, Dünyanın heç bir yerində belə deyil.
Luis Armstronq səsi ilə sənətçidir, geyimi ilə yox.
Luciano Pavarotti səsi ilə sənətçidir, geyimi ilə yox.
Vitney Hyuston səsi ilə sənətçidir, geyimi ilə yox.
Toto Kutunyo səsi ilə sənətçidir, geyimi ilə yox.
Fredi Merkuri səsi ilə sənətçidir, geyimi ilə yox.
Hulyo İqlessias səsi ilə sənətçidir, geyimi ilə yox.
Uzatdıqca uzada biləcəyim bu siyahıdakı heç bir müğənni sənət dünyasındakı yerini geyimi ilə tutmayıb. Musiqi sənətində özünə yer tutmağın bir yolu var: səs.
Əlbəttə, Elvis Presli, Maykl Cekson, elə Fredi Merkuri kimi həm səsi, həm geyimi, həm də performansı ilə xeyli populyarlıq və sevgi qazanan ifaçılar da var, amma onların da sənətdəki yerini müəyyənləşdirən yeganə meyar səsləridir. Geyim və performansları sadəcə obrazlarını tamamlayır.
Yenə deyirəm, sadəcə geyim və performansla sənət olmur. Səs olmayandan sonra, nə edirsən et, heç nə olmur.
Bu səbəbdən Tural və Turanın qınanılan geyimini insanlara sənət adıyla soxuşdurmağa lüzum yoxdur. Çünki bu, sənət deyil.
Kişi müğənninin qadın paltarı geyinməyinin sənətə nə dəxli var?
Coşqun və Rafael qadın paltarı geyinər, onları qınayanları tənqid edərik ki, bu, sənətdir, sənət üçün geyinirlər. Bu başqa məsələdir, aktyorluq sənətidir. Ancaq kişi müğənninin qadın paltarı geyinməyinin sənətə nə aidiyyəti var? Başa düşmürəm.
Bunu deyən adamların özləri heç sənətin olduğunu bilmirlər. Bilsəydilər, belə deməzdilər. Sadəcə, təəssüf ki, kütlə də sənətin nə olduğunu bilmir.
“Eurovision” müsabiqəsi haqqında isə ağlı yerində olan, düşünə bilən adamlar üçün artıq hər şey bəllidir.
Bu müsabiqə artıq uzun illərdir ki səs və sənət yarışı deyil.
Siyasi və digər məsələlərin təbliğinə xidmət edən bir müsabiqədir “Eurovision”. Daha çox maskarada bənzəyir.
Siyasi və LGBT məsələlərinin təbliğinə yönlənmiş bir yarışdır. Bu səbəbdəndir ki, bir neçə il öncə bu yarışın qalibi də saqqallı və donlu Konçita oldu. Səsi ilə yox, saqqal və donu ilə.
Sənət idi meyar? Səs idi?
Axı heç kim çörəyi qulağının dibinə yemir.
Ya da Rusiya-Ukrayna müharibəsi başlayan kimi Ukrayna təmsilçisinin qalib seçilməsinə nə deməli?
Yenə deyirəm, heç kimin cinsi orientasiyası, geyimi məni narahat etmir. Amma o adamların adının qarşısında “Azərbaycan təmsilçisi” sözü varsa, üzr istəyirəm, amma hamının fikir bildirmək haqqı var.
Noldu ta bu ölkədə heç bir şeyə fikir bildirmək haqqımız qalmadı?
Tural və Turan ora Azərbaycan dövlətinin büdcəsi ilə göndərilir. Onların bütün xərcləri dövlətimiz tərəfindən qarşılanır. Dövlət də bunları biz vətəndaşların ödədiyi vergi hesabına edir. Yəni Tural və Turanı Avropaya biz göndəririk. Orda “Azərbaycan təmsilçisi” kimi qarşılanırlar. Hər addımları ilə bizi təmsil edirlər. Demək ki, fikir bildirmək haqqımız var.
Tural və Turan ora öz pulları ilə, Azərbaycanı yox, özlərini təmsil etməyə getsəydilər, şəxsi konsertləri olsaydı, onda camaata deyərdiniz ki, “dilinizi qoyun qarnınıza, sizə dəxli yoxdur nə geyinirlər, neyləyirlər!”.
Kimsə tənqidi fikrini bildirir, o dəqiqə bu “ultramüasir”, “utrasənətbaz”, “ultrahərşeybilən” adamlar onları gözümçıxdıya salır.
“Sən nə bilirsən sənət nədir?!”
“Sən nə bilirsən müasirlik nədir?!”
“Buxara papaq və xəncərlə çıxaydılar səhnəyə?!”
Oğru elə bağırır, doğrunun bağrı çatlayır.
Yenə deyirəm, insanlara hər şeyi sənət və müasirlik adıyla soxuşdurmaq olmaz. Biz bilirik sənət də nədir, müasirlik də nədir.
Bizə də yox da…
Ən azından, mənə də yox da…
Siz gey olmaq istəyirsiniz. Yaxşı edirsiniz. Öz seçiminizdir.
Kimsə də gey olmaq istəmir. Yaxşı edir. Öz seçimidir.
Gey olmaq istəyən adamdır, gey olmaq istəməyən yox? Bu nə absurd yanaşmadır?
Bu məsələ haqqında özüm gec yazdım ki, gündəm xətrinə yazdığımı düşünməyəsiniz. Üzrlü sayın, yenə xarici müəlliflərdən, filosoflardan sitat çəkmək yadımdan çıxdı.
Yaxşı, bir dənə sitat çəkim də. Mən inanıram ki, bir gün insanlıq yenə Rene Dekartın “düşünürəm, demək ki, varam” fikrinə qayıdacaq.