Rasputindən Putinə… — Rusiya necə kiçilir?

Rasputindən Putinə… — Rusiya necə kiçilir?

Qriqori Rasputin möcüzəni, mistikanı XX əsrə daşıya bilmiş barmaqsayı real şəxsiyyətlərdəndir və bədən ölçüləri olduqca böyük olub. 

O, Çar II Nikolayın yeganə oğlu Alekseyi möcüzəvi şəkildə hemofoliya xəstəliyindən sağaldıb. 

Şəfaverən Rasputinin xüsəsən də ayaqları yekə olub, ayaqqabsının bir tayı ölümündən uzun illər sonra göldən tapılıb, ayaqqabı müasir ölçülərlə “54” imiş.

O, mistik idi və bəlkə də ayaqlarının geniş ölçüləri ilə XIX – XX əsr Çar Rusiyasının tarixin ən böyük rus dövləti olduğuna işarə verirdi.

Məhz XIX əsrin II yarısı və XX əsrin ilk illərində Sankt-Peterburqda, Moskvada və Rusiyanın başqa böyük şəhərlərində yaranan elit təbəqə sərasər mədəniyyətin meyvəsi idi. Bu meyvənin özü olmasa da, mürəbbəsi çar diktəsi altında olan ölkələrə də ayaq aça bilirdi. Təsadüfi deyil ki, “Əkinçi”nin, “Füyuzat”ın və başqa onlarla qəzet və jurnalların təsisçiləri, əməkdaşları – ələlxüsus da cümhuriyyəti quran kişilərin əksəriyyəti təhsilini Çar Rusiyasında almış, həmin mədəni mühitdə formalaşmışdılar.

Qeyd olunan tarix Rusiya renesansını yaratdı – Puşkin, Qoqol, Tolstoy, Dostoyevski, Çexov, Turgenev, Qorki və onlarla başqa nəhəng imzanı! Bu təkcə Rusiyanın deyil, dünyanın hələki sonuncu renesansı idi. Həmin illərdən sonra dünyanın heç bir ölkəsi yarım əsrə, 80 ilə bu qədər nəhəng yetişdirə bilmədi.

Rasputin bu renesansın rəmzi obrazıdır: o şəfaverən idi, yaşadırdı və mistik idi, bu yazının içinə girməyi bacardı.

Sözsüz, bir rəhbər ölkəyə özündən əvvəl başçılıq etmiş şəxsə qarşı necə davransa, bir gün özünü də həmin aqibət gözləyir, sələfinə xilaf çıxan xələflər heç vaxt bərəkətli yurd qura bilmir. Yaşına-başına baxmadan son çar ailəsini güllələyən, qanaxma xəstələyindən Rasputinin yenicə xilas etdiyi 13 yaşlı Aleksey Romanovu qanına qəltan edən hakimiyyətin ən uzunömürlü rəhbəri elə Stalin olmalı idi – bu da sovet barədə qısa xülasə…

Rusiya təkcə stanislavskilərdən, tarkovskilərdən, çaykovskilərədən deyil, ümman kimi intəhasız meşələrdən, qartal gözü kimi şübhəsiz göllərdən, milyonlarla hektar bərəkətli torpaqlardan, bu torpaqlarla həşir-nəşir olan başı ləçəkli mehriban slavyan kəndlilərindən və daha nələrdən-nələrdən ibarət böyük bir diyardır. 

Məhbuslar bir tikanlı məftillər qarşısında, bir də ümmanlar kənarında nəzarətsiz işlədilir, Rusiyada isə ormanlar ümmanlardan daha keçilməz və sonsuzdur deyə, məhbuslar meşələr önündə da acizdir. Bu diyar məhbusu gözəlliklə, ormanla da azadlıqdan məhrum edə bilir. Və bir gün Maksim Qorkinin “Danko”su meydana çıxır, ümmətini yaşıl qaranlıqda həbs edən ormanlardan xilas edəcəyinə söz verib onları arxasınca meşənin ən dərinliklərinə aparır. Danko deyir, bu ormanın o tayında başqa-başqa Günəşli məmləkətlər var, yetər ki, mənə inanın. Ümmətinin ümidi meşənin ən dərin yerində, sarmaşıqlı bataqlıqlarda itir və onlar Dankonu öldürmək istəyirlər. Danko isə yenə deyir, bu meşənin o tayında Günəşli məmləkətlər var, nə olar, mənə inanın! Ümmət isə ümmətliyini itirir, yalavac vəhşilər kimi Dankonun üstünə gəlirlər. Bu zaman Danko gülümsəyib əlini köksünə salır, sinəsini yarıb ürəyini çıxarır, meşənin yaşıl qaranlıqlarına narıncı işıq düşür. Qorkinin təbirincə desək, bu zaman “qaranlıq işıqdan qorxub əsə-əsə meşənin dərinliyində, bataqlığın üfunətli ağzında gizlənir”. Danko yenə qışqırır, axı deyirəm, mənə inanın, arxamca gəlin. 

Hamı heyrətlə Dankonun işığının ardınca yola davam edirlər və bir gün Danko onları Günəşli məmləkətə, dərya kənarına çıxarır. Günəş işığına çıxanda isə artıq Dankonun narıncı işıq saçan qəlbi kimsəyə lazım olmur. Lazım olsaydı da, tapmayacaqdılar, o, artıq ölmüşdü.

Bir ölkənin qaranlıqdan işığa getməsi üçün xalq cəsarətlə yeriyir, xalq yorulanda, cürətdən düşəndə yazıçılar yaratdıqları qəhrəmanlarla o biri sahilə körpü salırlar, xalq bu körpüədən keçib yenidən yoluna davam edir, bəstəkarlar onların addımlarına nəbz nizamı verir. Bütün hallarda sənət xalq ruhunun maestrosudur.

Bir diyarda bir şəxsin ayaq ölçüsünün 54 olması üçün ölkəsi təkcə geninə-uzununa yox, həm də dərininə böyük olmalıdır. 

Ayaq ölçüsü 54 olan şəfaverən Rasputin və xırda-mırda bədən ölçüləri ilə illərdir Rusiyaya rəhbərlik edən Putinin adını eyni cümləyə salanda adam bir az düşünməlidir. Düşünəndə ilk ağlıma gələn Putinin iştirak etdiyi bir tədbir oldu. Həmin tədbirdə Vladimir Putin fenomenal coğrafi bilgiləri olan uşağa sual verir: 

– Rusiya hansı ölkələrlə həmsərhəddir?

Uşaq dünyanın ən böyük əraziyə malik ölkəsinin sərhədlərini sayanda Putin deyir:

– Rusiyanın sərhədləri yoxdur.

Olduqca iddialı ifadədir, ancaq Putin düşünmür ki, Rusiyanın sərhədlərini dünyanın bütün ölkələrinə səpələyən o və sələfləri deyil, bu gün də bütün ölkələrdə gənclərin köksünə sıxıb oxuduqları kitabların müəllifləridir. Sərhədləri öncə elastik edən, sonra kitab-kitab dünyaya dağıdan, sözükeçər adamların qəlblərinə möhürləyən azman kişilər olmasaydı, Putinin işlətdiyi həmin ifadə təcavüzkar replikadan ziyadə bir şey sayılmayacaqdı.

Bu gün Ukraynada rus bombalarının arzuolunmaz rəngarəngliyi dünyanın timsah göz yaşlarının ardınca göy qurşağı yaradır.  “Soytarı krallar”ın alqışları altında Ukraynada müharibə aparan Putin unudur ki, ölkə təkcə sərhədlərləri pozulanda kiçilmir, ölkə içdən-içə də kiçilə bilir. Ölkə içinə çəkilə bilir.

Heç bir xalq öz liderinə görə, heç bir vətəndaş öz ölkə rəhbərinə görə xaricdə xəcalət çəkməli deyil. Xəcalət sözün hər iki mənasında daxildə olanda çəkilə bilir. 

Səbəb nə olursa, olsun… Bəlkə də, Rusiya-Ukrayna müharibəsindən illər əvvəl dünya Putinlə haqsız savaşa başlayıb, bəlkə də Putinin Ukraynada apardığı müharibə Ukrayna ilə yox, dünya ilədir, bəlkə də Putinin lehinə yalnız rəhbər siyasətçilərin bildiyi minlərə diplomatik sirlər var, ancaq bunların heç biri haqq vermir ki, Putin rus vətəndaşını, o gözəl slavyan diyarını sintetik Qərb qabağında arqumentsiz qoysun. 

Bütün dünya mədəniyyətinə hekayə satan Çexovun vətəninin prezidenti hekayə savaşında uduzmalı deyildi. Onu diplomatik yolla sıxanlara qarşı qumbaratan tuşlayanda düşünməli idi ki, “qranatomyot”un mərmisi qabağa getsə də, tüstüsü xalqına dəyəcək. Sarı-sarı günəbaxanlar vətəninə qara tüstü yaraşmırdı.

Rusiya Ukraynada qatil simasında görünməli deyildi. 

Bəlkə də dünyanın heç bir ölkəsi öz liderinə müharibəyə yox demək üçün Rusiya qədər münbit mədəni-tarixi plast yaratmamışdı; Putin “yox” demək üçün başını sadəcə sağa-sola çevirsəydi, sağ çiynində “Hərb və sülh” bağıran Tolstoyu, sol çiynində heç bir cinayətin cəzasız qalmadığını pıçıldayan Dostoyevskini görəcəkdi.

Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün


Share: