Avropa İttifaqı (Aİ) Çinlə münasibətlərin rəngini dəyişmək üçün əlindən gələni edir, yəni ABŞ-Britaniya ikilisinin Pekinlə kəskinləşən rəqabətinin müstəvisindən kənarda qalmağı hədəfləyir.
Aİ-nin yüksəksəviyyəli siyasətçilərinin Pekinə ard-arda səfərlər etməsi nəzəri əsasların praktikada möhkəmlənməsinə xidmət edir.
Aİ ilə Çin arasında əməkdaşlıq güclü iqtisadi xarakterə malikdir, lakin indi İttifaq Rusiya-Ukrayna müharibəsi səbəbindən daha böyük problem qarşısındadır.
Bu problemləri həll etmək üçün Çinə edilən səfərlərin məqsədini anlamaq olar, hərçənd ki, məsələdə ən çox qabağa çıxan Pekinin mövqeyidir.
ABŞ ilə Çin arasında gərginlik artdıqca Çin Sədri Si Cinpinin Avropa liderləri ilə görüşməsi Çinin Qərblə rəqabətində Avropanı neytrallaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər.
Mümkündür ki, iqtisadi özüllərin üzərində inkişaf edən Aİ üçün Çinin bu mövqeyi məqbuldur. Ona görə ki, Aİ özü də Qərb-Rusiya, Qərb-Çin kəlbətinlərinin dişləri arasında sıxılmaq istəmir.
Aİ ilə Çin arasındakı yeni düzən yaratmaq cəhdləri mərkəzləşdirilmiş və məsuliyyətli qərarların verilməsinə gətirib çıxarmalıdır. Ancaq yaxın perspektiv üçün üfüqdə belə işartı görmək çətindir. Çünki Çin hələ də formalaşan yeni siyasi nizamda ən həlledici yerə yaxınlaşmayıb və rəqibləri onu sıxışdırırlar.
Bu mənzərədən danışarkən Çinin üzləşdiyi Tayvan problemi və rəsmi Pekinin daxili siyasətdəki çətinliklərini də qeyd etmək lazımdır.
O da bəllidir ki, Çin Rusiya-Ukrayna müharibəsinin gedişatında ABŞ-nin düşdüyü boşluqları Tayvanı özünə birləşdirmək üçün fürsətə çevirmək istəyir.
Yəni Rusiya-Ukrayna müharibəsi Çin üçün çağırışları ikiqat edir, o həm Tayvan üzərindəki legitimliyini bərpa etməlidir, həm də Avropanı Qərbin bir parçası kimi davranacaq mövqedən çəkindirməlidir.
Düzdür, Çin artıq münaqişəli regionlarda da siyasi tənzimləyici kimi alətlər qazanır və bir növ Rusiya ilə ABŞ-nin moderatorluq aktivlərini zədələyir. Bunun özü Pekin üçün böyük üstünlüklərdir, lakin fövqəladə bir həddə gəlib çatmayıb.
Çin elə fövqəladə üstünlüklərə can atır, o, rəqiblərinin əhatəsində olan bölgələrdə möhkəmlənməyə çalışmaqla mövqeyini göstərir.
Pekinin Yaxın Şərq və Avropa İttifaqı ilə siyasətindəki yeni ştrixlər vahid bir yanaşma kimi davamını gətirə bilər.
Çinin qlobal siyasətini fərqli üstünlüyə çıxarması, xüsusilə onun Avropa ilə əlaqələrindəki motivlər Orta Dəhliz layihəsi üzrə növbəti danışıqlar mərhələsi kimi də başa düşülə bilər.
QEYD: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Cənub-Şərqi Asiya və Çindən başlayır. Orta Dəhliz layihəsi həmin marşrutun Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyəyə çatdırılmasını və daha sonra Avropa ölkələrinə keçməsini özündə ehtiva edir.
Bu məqamda Azərbaycanla Çin arasındakı danışıqların da olacağı gözləniləndir – bu həm ikitərəfli, həm də çoxtərəfli formatda baş tuta bilər. Ona görə də Çinlə Aİ arasındakı müzakirələr Azərbaycanın diqqətlə izlədiyi prioritetlər siyahısındadır.
Aqşin Kərimov