(Esse)
Yazın orta ayının son günləri idi… Təbiət min bir rəngə boyanmışdı, sanki cənnət göydən yerə enmişdi. Quşlar, çiçəklər, ağaclar, insanlar – bir sözlə, bütün canlı varlıq dünyaya sevgi ilə baxırdı. Gecələr mürgüdən, gündüzlər sevgidən məst idi.
Belə gözəl günlərin birində böyük şair Rəsul Həmzətov adəti üzrə sübh saatlarında yuxudan oyanıb, evin eyvanına çıxdı. O, bahar fəslində günəşin doğuşunu çox sevərdi. Sanki yazın min bir gözəlliyi günəşin şəfəqləri ilə onun qəlbinə dolurdu…Böyük şair havadan ətir yağan təbiətlə, gözəlliyə dolan qəlbi arasında Maxaçkalanın üstündən ucsuz-bucaqsız Xəzərin üzərində od kimi yanan Günəşi seyr etdikcə, bu gözəlliyin işıq mənzərəsi onun düşüncələrində yeni-yeni əsərlərin işığını doğururdu. O an qeyri-ixtiyari olaraq vaxtilə böyük məhəbbətlə yazdığı “Mənim Dağıstanım” kitabını xatırlamağa başladı. Artıq onun yaradıcı ruhu bal pətəyə dolan kimi müqəddəs hisslərlə dolub şair qəlbini iş otağına çəkirdi… O ağır addımlarla iş otağına daxil olub pəncərəni açdı. Bu dəm bahar ətirli sübhün sərin havası hələ isinməyən Günəşin şüaları ilə içəri doldu. Şair açıq pəncərənin qabağında bir qədər dayanıb, yazı masasının sağ tərəfindəki kresloya əyləşdi. Deyəsən, yazmağa tələsmirdi. O, sağ dirsəyini kreslonun qoltuğuna söykəyib, əlini çənəsinə dayayaraq üzü açıq pəncərəyə doğru uzun xəyala daldı. Sanki açıq pəncərədən içəri düşən Günəşin hələ isinməyən şüası bunu gözləyirdi. O, səssiz içəri düşdüyü kimi səssiz də şairin qəlbinə düşərək könül söhbətinə başladı:
1923-cü il sentyabr ayının 8- i idi… Anam Günəş istisini bir az azaltmışdı, sanki başqa bir günəşin doğuşunu hiss etmişdi. Həmin gün Dağıstanın Xunzax rayonunun Sada aulunda tanınmış avar şairi, Həmzət Sadasanın ailəsində dünyaya bir körpə gəldi. O körpə ki Dağıstanın gələcək həyatında işığı ilə səhər, istisi ilə ocaq olacaqdı. O səhər ki onun gündüzündə Dağıstanın tarixi, insanları, təbiəti tərənnüm olunacaq və o ocaq ki onun istisi Dağıstanın canını isidəcəkdi. O körpənin ana laylası içində eşitdiyi müqəddəs bir söz də var idi. Bu söz: “Atası- od Dağıstan, anası – su Dağıstan” idi. Mayası bu söz ilə yoğrulan körpənin taleyi gələcəkdə Dağıstanın göylərində qürubu olmayan günəş kimi parlayacaqdı. Bax bu Günəş Dağıstanın böyük şairi, yazıçısı, tanınmış ictimai-siyasi xadim olan Sizsiniz.
Bu arada Rəsul Həmzətov gülümsədi. Sonra oturduğu kreslodan qalxıb qəhvəyi rəngli kitab rəfinə yaxınlaşdı. Rəfin boyu bərabərindəki gözündən vaxtı ilə qələmə aldığı “Mənim Dağıstanım” adlı kitabı götürərək geriyə qayıdıb yenidən kresloya əyləşdi. Kitabı açdı və xəyalı kitabı qələmə aldığı illərə döndü…
Sonra Dağıstan baharının yaşıl nəfəsi Rəsul Həmzətovun dünyaya açılan qəlbinin pəncərəsindən içəri dolub könül söhbətini davam etdirdi: Bu, bədii, fəlsəfi, vətən dəyərləri ilə cilalanan mükalimə şairin Dağıstan vurğunu olan ürəyində yağışdan sonra günəşin doğması ilə yaranan yeddi rəng göy qurşağı kimi əks olunurdu. Böyük şair gözəl bir yaz günündə “Ey Dağıstan baharı” xitabı ilə başladığı sadə və sevgi dolu bədii-fəlsəfi mükalimədə Dağıstanın əzəmətini yeddi hədiyyə timsalında göstərmişdir. Bu zaman Dağıstan baharı üzünü şairə tutaraq bulaq zümzüməsi ilə danışmağa başladı:
”Ey şair, mənim yeddi hədiyyəm var, onları mənə Dağıstan vermişdir. Mən adlarını çəkəcəm, sən isə barmaqlarını qatlaya-qatlaya say. Bunların birincisi oddur ki, həyatı məhəbbətlə dəyərləndirər. İkincisi addır ki, şərəfi insanlığın tacı edər. Üçüncüsü duzdur ki, həyatın dadı olaraq ömrü mənalandırar. Dördüncüsü ulduzdur ki, yüksək arzular qanadında işıqlı məqsədləri doğru yola rəhbər edər. Beşincisi qartaldır ki, ucalığı, zirvələri örnək edər. Altıncısı zəngdir ki, birliyə çağırış edər. Yeddincisi ələkdir ki, sağlam dəni qılçıq-qabıqdan ayırmaq üçün həqiqətlə yalan arasında pərdə olar. Bax bu dəyərlər kökü torpaqda, boyu buludlara çatan yeddi budaqlı, möhtəşəm gövdəli bir ağacdır ki, o ağac da Dağıstandır”.
Könül mükaliməsinin əzəmətli sonluğu böyük şairi daldığı xəyaldan ayırdı. O, gözlərini yazı masasının üstündə dolandırmağa başladı. Masanın üstündə gördüyü mürəkkəbqabı ilə qələm onun gözündə daha da müqəddəsləşdi. Ona elə gəldi ki, mürəkkəbqabının içindəki mürəkkəb yox, Dağıstanla qol-boyun olan Xəzərin göy sularıdır. Qələm isə, Xəzərin taleyini Dağıstanla birləşdirən əbədi sevgidir. Şairin baxışları qələmin üstündə dayananda qələm öz müqəddəsliyini hiss edib sevindi. Böyük şairin qəlbinin yaddaşında sıralanan yaradıcılığına dərindən bələd olan qələm yenidən xəyala dalan şairlə könül söhbətini davam etdirərək aram-aram danışmağa başladı:
İlk növbədə Rəsul Həmzətovun əsərləri Dağıstanın gündüzünün işığını artıran elə bir günəş oldu ki, insanlar onun işığında özlərini və dünyanı daha aydın görməyə başladılar. O, bəşəri şair olsa da, yaradıcılığı boyu Dağıstanın tarixinə, adət-ənənələrinə, insanına sadiq qaldı. Yaradıcılığının mərkəzində milli-mənəvi dəyərlərə sahib, müasir dünyaya açıq, həyatsevər, kamil insan obrazı dayanır. Çünki böyük şair qələmini mürəkkəb əvəzi səmaya, ulduzlara, buludlara, torpağa, otlara, çiçəklərə, sulara və sonda öz qəlbinə batırıb yazırdı.
Bu arada qələm sözünə ara verib dayandı. Sonra son sözünü dedi:
Rəsul Həmzətov əsərlərində Dağıstanı qəhrəmanlaşdırdığı kimi özü də Dağıstan adlı əsərin qəhrəmanı oldu.
Xatirə Fərəcli.