Kulis.az “Günün şeiri” layihəsindən Xalq şairi Rəsul Rzanın “Bəxtiyar” şeirini təqdim edir.
Bəxtiyar
Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq, qardaşım;
Göylər bulud, çöl-düz ağ, qardaşım;
Kaman çalan kimdir o, Bəxtiyar?
Küləkdi, ya simdir, o, Bəxtiyar?
Hənirtini duydumu kəhərin?
Tüfənginə yapışdı əllərin.
Düşmən on bir, təkcə sən, nə zərər?
Tənlik işarəsidir güllələr!
Gənclik, həyat şirindir, qardaşım;
Vətən qat-qat şirindir, qardaşım.
Ellərimin balası, Bəxtiyar!
Qəlbi vətən qalası, Bəxtiyar!
Qurtarırsa əsgərin gülləsi,
silahıdır qəlbinin kin səsi.
Məhv etdin on yağını, qəhrəman!
Qan sızırdı sənin də yarandan.
Boğazını zabitin gəmirdin.
İradə qüvvətinlə dəmirdin!
Qalib nəğmə səslənir, qardaşım!
Qalibiyyət nəğmədir, qardaşım!
Kaman çalan kimdir, o, Bəxtiyar?
Küləkdi ya simdir, o, Bəxtiyar?
Adın bu nəğmələrdə – nəqarət!
Dostlar gedir cəbhəyə, rahat yat!
Bax, qızarır üfüqlər, qardaşım!
Bizimdir günəş, zəfər, qardaşım!
Sən qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni, Bəxtiyar!
Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar: Bəxtiyar!
1942