Ukrayna dili rəsmi olaraq Avropa Komissiyasının (Aİ) “eTranslation” tərcümə sisteminə daxil edilib.
Bu, mətnləri və rəsmi sənədləri Aİ-nin 24 dilinə tərcümə etmək üçün istifadə olunan xidmətdir.
Bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, bunun sayəsində ukraynalılar Aİ-nin qanunvericilik aktlarını ingilis dilindən Ukrayna dilinə tərcümə edə biləcəklər.
“Bu, sənədlərin daha sürətli təhlilinə və implementasiyasına imkan verəcək. Və əksinə – Ukrayna qanunvericiliyi artıq Aİ ölkələrinin dillərinə tərcümə oluna bilər”, – deyə nazirliyin məlumatında bildirilib.
Qeyd etmək lazımdır ki, bu, Ukrayna üçün Aİ-yə üzvlüklə bağlı danışıqlara töhfə verəcək mühüm strateji addımdır.
Vurğulanıb ki, bütün bunlar Ukraynanın 2022-ci ildə qoşulduğu Aİ-nin “Rəqəmsal Avropa” proqramında iştirakı çərçivəsində mümkün olub.