Ötən gün əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad köçkün qəsəbəsində səyyar qəbul-görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl Vaqif Həsənov Vətən müharibəsi şəhidi, mayor Paşayev Elsevər Vaqif oğlunun xatirəsinə inşa edilən abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna ehtiramını bildirib.
Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.
Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.