Mayın 21-də PALMALI Şirkətlər Qrupunun dəstəyi ilə ərsəyə gətirilən və dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan internet saytının təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ədəbiyyat cameəsinin nümayəndələri, ictimai xadimlər, jurnalistlər və Şəhriyar şeirinin vurğunları iştirak edib.
Məlumat verilib ki, jurnalist Fərid Azərinin rəhbəri olduğu layihənin icrasına 2013-cü ildən başlanılıb. Bu məqsədlə Azərbaycan və İranda mövcud arxiv sənədlərinə, eləcə də şairin irsini araşdıran alimlərə müraciət olunub.
Şəhriyar irsinin araşdırmaçısı, Tarix elmləri doktoru Esmira Fuad çıxış edərək, Şəhriyarın zəngin yaradıcı irsindən danışıb. Bildirib ki, Şəhriyar şair kimi yetişdirən yaşadığı məşəqqətli ömür, hər şeydən əvvəl isə Sürəyyasına duyduğu nisgil olub. Şair xalqın zəngin adət-ənənələrini “Heydərbabaya Salam” poemasında ustalıqla əks etdirib.
Tədbirdə tanınmış jurnalist İlham Tumas, Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl və digər natiqlər çıxış edərək, layihəyə uğur arzulayıblar.
Qeyd edək ki ki, Azərbaycan, İngilis və Fars dillərində fəaliyyət göstərən saytda Şəhriyarın şeir və poemaları, həm Azərbaycan, həm də Fars dilində şeirlərinin külliyyatı, zəngin poeziya nümunələri toplanıb.