Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov ötən ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda erməni idmançısına qarşı etdiyi fəndlə dünyanın gündəmi oldu. Təcrübəli güləşçimiz Hraçya Poqosyanı çiyninə qaldıraraq xalçadan çıxarıb yerə çırpdı.
Bu fəndlə T.Məmmədov görüşdə təmiz qələbə qazandı. 10:4 hesablı bu qalibiyyət güləşçimizə dünya çempionatları tarixində ilk medalı qazandırdı. Həmçinin etdiyi fənd sosial şəbəkələrlə yanaşı, xarici mediada da paylaşıldı.
İdmançımızın bu görüşü hələ də müzakirə mövzusu ikən Taleh Məmmədov bir neçə gün öncə yenidən Hraçya Poqosyana qalib gəldi və Avropa çempionatının finalına çıxdı.
“Qafqazinfo” güləşçimizlə görüşərək fikirlərini alıb, onunla müxtəlif mövzularda söhbət edib: “Ermənilərlə indiyə qədər 15 dəfə üz-üzə gəlmişəm, Poqosyanla isə artıq 4 ildir ki, qarşılaşırıq. Son görüşlərin hamısında ona qalib gəlmişəm. O, zəif idmançı deyil, yeniyetmələrin Avropa çempionudur. Maraqlısı budur ki, mən həmişə ermənilərlə üzləşəndə ölkələrimiz arasında hansısa problem olur.
Birinci dəfə güləşəndə torpaqlarımız alınmışdı, amma bəzi yerlərin azad olunması üçün döyüşlər gedirdi. Həmin görüşdə də rəqib mənə qarşı düzgün yanaşmadı, təxribata çəkmək istədi. Ayağımdan dartırdı, mənə yumruq atdı, əlini gözümə salmaq istədi. Amma bunların heç birinə getmədim və finala vəsiqə qazandım. Səbr elədim və qələbəmlə ona hər şeyi göstərdim. Həmin görüş haqqında Prezident İlham Əliyev də 5-6 dəqiqəlik çıxış eləmişdi və demişdi ki, “idmançımız səbr elədi, peşəkar davrandı. Bizim necə mədəni xalq olduğumuzu sübut etdi. İstər döyüş meydanında, istərsə də, idmanda biz doğru olanı edirik”.
Həmin Dünya Çempionatında onunla üz-üzə gələnə qədər heç bir idmançımız erməni ilə qarşılaşmamışdı. Bürünc medal görüşü idi və hər kəsin gözü orada idi. Həmin döyüşdən bir gün öncə 77 şəhid vermişdik. Buna görə çox sıxılırdım və düşünürdüm ki, nə olursa-olsun qalib gəlməliyəm. Təlim-məşq toplanışında olanda da onlara salam belə vermirəm. Son Avropa çempionatından öncə isə İrəvanda bayrağımıza qarşı aciz hərəkət etmişdilər. Ona görə özümə söz verdim ki, qalib gəlməliyəm.
Dünya çempionatındakı görüşə gəlincə, indi də xatırlayanda qəribə oluram. O qarşılaşmadan öncə çox stress keçirirdim. Elə bil ki, qarnımı açıb içinə köz qoymuşdular. Mənim qardaşım da hərbçidir və ordakı ab-havanı bilirdim. İdmançı döşəyə çıxanda həyəcan itməlidir, amma mən də fərqli şey oldu. 20-30 saniyə keçmişdi, amma hələ də həyəcanlı idim. Parter vəziyyətindən 0:3 hesablı geri düşmüşdüm, ondan sonra özümə gəldim. Düşündüm ki, ermənilərə heç zaman uduzmamışam, qalib gəlməliyəm. Toparlandım və yarıya qədər qalxdım. Ona qarşı ilk fəndi edəndə rəqib şikayət etdi ki, guya ayaq ilişdirmişəm, lakin baxdılar və doğru olmadığını gördülər. Artıq hesab 5:3 idi. Düşündüm ki, 2 xal da alım və bir az rahat olsun. Onunla əvvəlki görüşümdə fərqli fənd etmişdim və Poqosyan düşündü ki, yenə eyni fəndi tətbiq edəcəyəm. Azərbaycan güləş ölkəsidir və bizim çox fəndimiz var. Gözləmədiyi anda onu qaldırdım və kənardan məşqçi Həsən Əliyev qışqırdı ki, “tələsmə, daha böyük xal al” və bu, məndə güvən yarandı. Ümumiyyətlə, güləşdə elə fənd yoxdur. Çünki təhlükəlidir və rəqibin boynu, beli qırıla bilər. Məşqlərdə uşaqlara zarafata “atırdım”, amma dünya güləş tarixində belə fənd olmayıb. Xalçadan çıxarmaqda məqsədim də çox xal almaq idi. Bir anlıq fikir yarandı ki, illərin əsəbini, hirsini, DÇ medalına həsrətimi ondan çıxım. Fikirləşdim ki, böyük xal alsam, hər şey dəqiqləşir. Ona görə də fəndi etdim.
Həmin görüşün məsuliyyəti mənim üçün çox ağır idi. Məni sevənlər çox xoş sözlər yazırdılar. Amma deyildiyi kimi, ermənini xalçadan çıxarmaqda məqsədim ona xalçaya layiq olmadığını göstərmək deyildi, sadəcə DÇ medalını çox istəməyimdən irəli gəlirdi. Ermənistan da güləş ölkəsidir və onların da bu idmanda xeyli sayda medalları var”.
Taleh Məmmədov idmanın çətinliklərindən və ailəsindən çox ayrı qalmasından da söz açıb: “Əvvəl yarışlara çıxanda tək özümü düşünürdüm, amma ailəli olandan sonra hər şey fərqli oldu. Komanda yoldaşım Rafiq Hüseynov tez ailə qurub. Yarışlardan gələndə övladları onun qarşılamağa gəlirdi.
Düşünürdüm ki, məni də kimsə qarşılayacaq? Yəqin ki, o günlərə çox vaxt var. Məsələn, idman məni ailəmi çox görməkdən məhrum edib. Bir gün evə gəldim ki, qızım mənə “ana” deyir. Deyirəm ki, “qızım ana yox, ata”. O qədər evdə ancaq ana və nənəni görüblər ki, onları tanıyırlar. Belə şeylərdən məhrum olmuşam. Mən qardaşımın, bacımın toyuna gedə bilməmişəm”.
Elsevər Məmmədov
Fotolar-Video: Pərvin Zeynal