Bir çox məşhur mahnıların bəstəkarı, müğənni Sivva (Sevinc Ağasıyeva) “Bu sənmisən” adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, Sivva ilk dəfə başqa bir bəstəkardan mahnı oxuduğunu bildirib.
Bəstənin söz və musiqisi İsmayıl Əliyev, aranjimanı Camal Qurbanova aiddir.
Klipin rejissor işi Emin Muradova həvalə edilib. Sivva ekran işindəki rəqsi ilə diqqət çəkib.
O bildirib ki, klipi izləyənlərin bir çoxu rəqsi onun etdiyini bilməyib: “Bu rəqsə qısa müddətdə hazırlaşdım. Hələ orada tam olaraq göstərə bilmədim. 1 ay ərzində iki xoreoqrafla çalışdım. İlk dəfədir başqa bəstəkardan mahnı götürdüm. Beş-altı mahnı içərisindən seçdim. Oxuyanda hiss etdim ki, bəstəyə aşiqəm. Dinləyəndə artıq rəqs təsəvvürümdə yaranmışdı. Bütün komandam hər şeyi təşkil etdi. Bunun üçün peşəkar ayaqqabı da aldıq. Amma yağışda onunla rəqs etmək çətin idi. Səhərə qədər tərəf müqabilim Kamil Bayramovla suyun altında əsirdik, hətta ayağım sürüşürdü. Amma nəticə yaxşı oldu. Çoxları şlyapamı da bəyənib. Oradakı saçaqlar da yağışı əks etdirir. Obraz olaraq sevgilimi görmək istəmirəm. Klipin içində ehtiras da, göz yaşı da, təəssüf hissi də, sevgi də var”.
Sivvanın sözlərinə görə, mahnıda qadınlara mesaj göndərib: “Mesaj göndərirəm ki, emosiyalarına qalib gəli, hisslərini idarə etsinlər. Ətrafımda o qədər xanım var ki, oğlan gedir, qayıdanda onu bağışlayırlar. Hisslərinizə qapanıb iki-üç dəfə səhv etməyin. Burada göstərmişəm ki, bir qadının ağlı emosiyalarına qalib gəlir”.