Göygöldə selin apardığı 2 nəfərin meyiti tapıldı — Yenilənir

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapıldı — Yenilənir

İntensiv yağan yağışlara görə Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını baş verib. Nəticədə kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. 

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirib, nəqliyyatın hərəkəti bərpa edilib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir, araşdırmalar davam etdirilir. 

***

Xəbər verildiyi kimi, intensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndini sel basmış və nəticədə bir neçə fəsadlar yaranıb.

DİN-dən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilmiş, müxtəlif yüngül bədən xəsarətlərinə ilkin yardım göstərilib.

***

Göygöldəki sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşməsi barədə məlumat daxil olub. 

Bu barədə DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya məlumat verilib. 

Bildirilib ki, hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir.

***

Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyiti tapılıb.

Hər iki nəfərin meyiti çıxarılaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.


Share: