Mayın 28-də qeyd ediləcək Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlir.
“Qafqazinfo” xəbər verir ki, Yunanıstan Prezidenti Katerina Sakellaropulu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə inandığımı bildirirəm. Ümidvaram ki, Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq geniş regionumuzun inkişafına və sabitliyinə töhfə verərək, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəkdir.
Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Suverenlik illərində böyük uğurlar qazanan Azərbaycan bu gün dünya arenasında müstəqil, sülhsevər xarici siyasət yürüdən, Yer kürəsinin müxtəlif guşələrində tərəfdaşları ilə əməkdaşlığı fəal inkişaf etdirən və beynəlxalq təhlükəsizliyin, sabitliyin möhkəmlənməsinə mühüm töhfə verən nüfuzlu dövlət kimi tanınır.
İcazə verin, Təşkilatımız çərçivəsində məhsuldar əməkdaşlığa və onun fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirim. Azərbaycan artıq yeddi ildən çoxdur ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dialoq üzrə tərəfdaşdır, onun tədbirlərində fəal iştirak edir və Təşkilatın inkişafına öz layiqli töhfəsini verir.
Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, nəzərdə tutulan planlarınızın reallaşmasını, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.
***
Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan Respublikasının xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Sizi və qardaş Azərbaycan xalqını qarşıdan gələn milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Ölkəniz ildən-ilə dövlətçiliyin möhkəmlənməsi və cəmiyyətdə sabitliyin təmin olunması yolunda inamla irəliləyir, iqtisadi potensialını gücləndirir, əsrlər boyu xalqlarımızı birləşdirən həqiqi dostluq, yaxın və mehriban qonşuluq, həmçinin qarşılıqlı etimad üzrə çoxəsrlik ənənələri artırır.
Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları respublikanın sakinlərinin rifahının təmin olunmasında yüksək nailiyyətlərin əldə edilməsinin etibarlı bünövrəsidir.
Dağıstanlılar adından və şəxsən öz adımdan Dağıstanın Xalq şairi, bütün dünyada insanların qardaşlığını tərənnüm edən Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş bir sıra əhəmiyyətli tədbirlərin respublikanızda keçirilməsinə görə təşəkkürlərimi qəbul edin. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bizim çoxşaxəli qarşılıqlı fəaliyyətimiz gələcəkdə də inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə möhkəm cansağlığı və işlərinizdə böyük uğurlar, Azərbaycana isə tərəqqi və rifah arzularımı bildirim”.