Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, dosent Anar Fərmayılov, İncəsənət və Fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi kafedrasının müdiri, dosent Laçın Həsənova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirin rəsmi hissəsindən öncə Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonuna tarixi səfərlərindən ibarət foto-sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə çıxış edərək bizə miras qalan irsinin milli inkişaf konsepsiyası olduğunu vurğulayıb.
Daha sonra çıxış edənlər dosent Anar Fərmayılov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov və dosent Laçın Həsənova Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu bildiriblər.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələrinin ifasında konsert proqramı tədbir iştirakçılarına təqdim edilib.