Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna Şamaxı şəhərində aşkarlanmış saxsı küpün içərisində olan dəfinə təhvil verilib.
Muzeydən Publika.az-a verilən məlumata görə, 21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli sikkələrdən ibarət qeyd edilən dəfinə sikkələri Muzeyin Bərpa laboratoriyasına göndərilib. Təmizləndikdən sonra bu dirhəmlərin Şirvanşah Yəzid ibn Əhmədin (991-1027) hakimiyyəti dövründə zərb edildiyi müəyyən olunub. Bir sıra Qafqaz dəfinələrində aşkarlanmış, X əsrin sonu – XI əsrin əvvəllərinə aid şirvanşahların adları olan belə sikkələr Azərbaycanda sikkə zərbi və pul ticarətinin səciyyəvi cəhətlərini açıqlayan faktdır.