Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Daməd Salmanoğlunun özbək dilinə tərcümə olunmuş “Özbəkistan duyğuları” lirik poemasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin Füzuli elmi-tədqiqatlar Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri, dosent Gülbahar Aşurova Azərbaycan və özbək xalqları arasındakı ədəbi dostluq əlaqələrindən söz açaraq hər iki xalqın zəngin ədəbi mirasa sahib olduğunu vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov iki ölkə arasında mövcud əlaqələrin yazıçılar, ədəbiyyat xadimləri arasında da yüksək səviyyədə cərəyan etdiyinin qeyd edərək, yeni tərcümələrin, yeni nəşrlərin bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mütəxəssisi, filologiya üzrə fəlsəfə doktor Kərimulla Məmmədzadə Daməd Salmanoğlunun maraqlı ədəbi irsə sahib olduğunu qeyd edərək gələcəkdə əsərlərinin özbək dilinə tərcüməsinin geniş şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə çıxış edən şairə, tərcüməçi sözügedən nəşri özbək dilinə uyğunlaşdıran Gülzira Şaripova Azərbaycan poeziyasının zənginliklərindən, lətafətindən, əsrarəngizliyindən söz açaraq bu poeziyanın özbək xalqı tərəfindən də çox sevildiyini və buna görə də azərbaycanlı müəlliflərin əsərlərinin özbək dilinə uyğunlaşdırılmasına böyük zərurətin meydana gəldiyini qeyd edib.
Sonda şair Daməd Salmanoğlu tədbir iştirakçılarına və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək özbək oxucularında onun poeziyasına qarşı olan bu diqqətin və sevginin onu daha da ruhlandırdığını qeyd edib.
Tədbirin sonunda Füzuli elmi-tədqiqatlar Mərkəzinin tələbələrdən ibarət “Füzuli dilbəndləri” qiraət qrupu tərəfindən Daməd Salmanoğlunun şeirlərindən nümunələr səsləndirilib.