Şəxsiyyət kimi tam, sözübütöv, mərd, qorxmaz…

Şəxsiyyət kimi tam, sözübütöv, mərd, qorxmaz…
VƏLİ ƏSMƏTOV- 60

Bütün kainat Allahın yaratdıqlarından ibarətdir. Allah isə heç kimi, heç nəyi nahaq yaratmayıb. Qeyri səlist məntiqə əsasən, Yer kürəsinin harasında yaşamasından asılı olmayaraq insanlar arasında fərq qoyulmamalıdır və bu dünyada heç kimə kiməsə yuxarıdan aşağı baxmaq haqqı verilməyib…

Qanunlar, qaydalar, qadağalar insanların düşüncəsinin məhsuludur. Əminamanlıq, sülh, nizam-intizam olsun deyə sonradan düşünüb həyata keçiriblər. Yadıma “xuliqan” ifdəsi düşdü. Bu gün bu söz bizdə ictimai intizamı pozan adamlara deyilir. Əslində Xuliqan adam adıdır. Bir vaxtlar bu adı daşıyan nadinc bir ingilis uşağı həyətdə tay-tuşları ilə oynayarkən tez-tez dava saldığından, anası “Xuliqan, Xuliqan!”- deyə çığıraraq onu sakitləşdirməyə çalışırmış. Sonradan bu ad bütün dünyaya yayıldı. “Filankəs xuliqandır”, “xuliqanlıq eləmə” kəlmələri də bu addan yaranıb…
Deyəsən, çox uzağa getdim. Axı Vəli Əsmətovdan danışmalıydım. Hə, o da uşaqlıqda nadinc, sözgötürməyən, təəssübkeş, zirək uşaq olsa da böyüyüb alim, professor oldu. O qədər xoş xüsusiyyətləri var ki, heç bilmirəm hansından başlayım. Şəxsiyyət kimi tam, sözübütöv, mərd, qorxmaz, cəsur ürəkli, sözü üzə deyən, dostluqda sadiq, səxavətli, bir sözlə, əsl KİŞİ adamdır. Əgər hər hansı bir ssenarist onun obrazını yarada bilsəydi, bu rolu yalnız mərhum Fuad Poladov ifa edə bilərdi…
Vəli Yadulla oğlu Əsmətov 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-1980-ci illərdə Çayüzü kənd orta məktəbində təhsil alıb. 1981-1984-cü illərdə keçmiş Sovet ordusunda hərbi xidmətdə olub. 1984-1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə profilaktika fakultəsində ali təhsilə yiyələnib, həmin fakultəni fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə institutun Böyük Elmi Şurasının qərarı ilə Farmakologiya kafedrasında baş laborant vəzifəsinə təyin olunub. 1991 – 1994-cü illərdə Farmakologiya ixtisası üzrə aspiranturada əyani təhsil alıb və tibb elmləri namizədi elmi dərəcəsinə yüksəlib. 1995-ci ildə Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının V.V.Zakusov adına Elmi-Tədqiqat Farmakologiya İnstitutuna ezam olunan Vəli Əsmətov elə həmin ildən institutun doktorantı olub. 1995 – 2005-ci illərdə üzərində işlədiyi “Uzunmüddətli neyrolepterapiya zamanı əmələ gələn əlavə effektlərin farmakoloji korreksiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə yiyələnib. 2010-cu ildən bütün dünyanın qəbul etdiyi BEYNƏLXALQ DƏRƏCƏLİ TİBB ELMLƏRİ DOKTORUdur. Hal-hazırda Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının professorudur. 3 övladı və bir neçə nəvəsi var…
Bəli, professor Vəli Əsmətov köhnə kişilərə xas olan bütün keyfiyyətləri özü ilə gələcəyə daşıyan nadir kişilərdən biridir. Belə adamları Vətən qədər sevib qorumaq lazımdır. Biz tez-tez milli dəyərlərdən danışırıq. Amma bu dəyərlərin təcəssümü olan insanlara bəzən laqeyd yanaşırıq. Televiziyalarda onlarla bu mövzuda verilişlər var. Kaş Vəli müəllimi vaxtaşırı həmin verilişlər vasitəsilə dinləyə bilərdik. İnanıram ki, onun çıxışları gənc nəslin formalaşmasında böyük rol oynayar…
İyunun 2-si professor Vəli Əsmətovun doğum günüdür. Bu dəfəki ad günü 60 yaşına təsadüf edir, yubileyidir. Bilirəm ki, təvəzökar adamdır, özü heç kimə bildirməyəcək. Dostları- vəlisevərləri bu istiqamətdə nəsə bir iş görməyə səsləyirəm…
Çox yaşa, Vəli müəllim, gözəl insan, böyük kişi!..
Elman Eldaroğlu
Share: