Kulis.az Ülvi Bahadırın “Qadın gülərsə…” adlı yeni yazısını təqdim edir.
Bəli, Azərbaycanda daha bir qadın vəhşicəsinə döyüldü.
Artıq qadınların döyülmədiyi gün özümüzü qəribə hiss eləyirik. Elə bil ki, nəsə çatmır. Tez girib interneti ələk-vələk eləyirik ki, bəlkə, hansısa qadını küçədə qanlar içində görüb rahatlaşarıq.
Təxminən 2 gün əvvəl tanınmış model və aparıcı Razi Əliyeva instaqram hesabından bir video paylaşdı. Orda qadının hər yeri qançır, gömgöy idi.
Əslində, bu mövzularda yazmaq istəmirəm. Ona görə yox ki, yaza bilmirəm. Ona görə ki, sağlamlığıma, bu yaşımacan keçirdiyim illərə yazığım gəlir.
Təkcə özümə aid deyil. Bu ölkədə bütün əxlaqlı, vicdanlı, ləyaqətli insanlara yazığım gəlir. Gözlərində, baxışlarında, davranışlarında bir bitkinlik, yorğunluq hiss olunur bu adamların. Axı nə qədər eyni şeylərdən danışmaq, eyni şeyləri başa salmaq olar? Bir dəfə, beş dəfə, on dəfə. Tükənir axı adam.
Çox sadə bir misal çəkəcəm, hər şey aydın olacaq.
Deməli, bilirsiniz ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bəh-bəh… Hamı öz uşaqlıq şəkillərini, övladının şəkillərini paylaşır. Bir gün də olsa, dünyaya sevgi mesajları göndərir. Dünyamızın müharibəsiz, qan-qadasız olmasını diləyir. Adam baxır, ürəyi açılır.
Ancaq axı biz harada yaşadığımızı bilirik.
Deməli, təhsil eksperti Kamran Əsədov Elm və Təhsil Nazirliyinin Facebook səhifəsindəki təbrik paylaşımına “irad” bildirib ki, ordakı göyqurşağı LGBT-ni təmsil eləyir.
Təsəvvür eləyirsiniz? Bu adam hər gün efirlərə çıxır, müxtəlif vəzifələr tutur, ölkə təhsilini təmsil eləyir.
Hələ o bir qırağa, nazirliyin səhifəsi də durub şəkli dəyişir. Bu nə deməkdir? Budurmu uşaqlarımıza verəcəyimiz işıqlı gələcək?
İndi deyə bilərsiniz ki, nə dəxli? Mövzudan uzaqlaşdığımı da düşünə bilərsiniz.
Xeyr!
Mövzunun tən ortasındayam!
Yaxın oturun.
Ta uşaqlığımdan müşahidə eləyirəm. Qızlarını, həyat yoldaşlarını, başqa qadınları döyən, incidən, başını kəsib zibil qutularına atanlar bu cür ultra-mühafizəkarlardır. Yaxşı, bəs bu ultralar harda yetişir? Necə olur ki, ultralaşır?
Bax, belə-belə… Yavaş-yavaş…
4-5 yaşında uşaqlar nəsə səhv eləyən kimi deyirlər ki, sən yekə kişisən. Ümumiyyətlə, bu nə kişi axtarışıdır ölkədə, baş açmıram.
Baxırsan ki, bığıburma kişidir, hara girir, qayıdır ki, burda kişi var?
Ə, sənə nə? Ay maymaq, ay bambılı, sənə nə də? Olsa, neyləyəcəksən? Nəyinə lazımdır? Bu nə xoruz döyüşdürməkdir? Sakit, mədəni, insan kimi yaşaya bilmirsən? Niyə istəyirsən ki, kimsə kişi olduğunu sənin üzərində sübut eləsin hamıya?
Feodalizm bitdi. Bütün dünya daha mədəni, daha humanist, daha sivil yollarla həll eləməyə çalışır problemlərini. Nələr-nələr yaranıb bu illər ərzində. Adamlar balaca bir cihazla ölkə çökdürür, bu eşmə bığlı da kişi axtarır.
Yayılan xəbəri oxuyan kimi ağlıma bu gəldi. Əminəm ki, o qadını döyən də, təxminən, bu tipdə adamdır. Ətrafındakılar da indi deyir ki, “boş ver, brattt, zor eləmisən. Hələ az vurmusan, mən olsaydım, dərisi üzərdim”.
Yaxşı, bəs bu adamlar adamlar nəyə güvənir?
Yaddaşsızlığımıza!
Bəli, məhz yaddaşsızlığımıza!
Bir neçə gün əvvəl 13 yaşlı qızı 37 yaşlı kişiyə vermək istəyirdilər. Yəqin çoxunuzun yadından çıxıb. Düzünü deyin, yadınıza salmaq üçün bir xeyli düşündünüz. Hətta bəziniz internetdə axtarış verdi ki, nə məsələdir?
Sonra bir qoca yapalaq yenə 13 yaşlı bir qızı aldatmışdı. Elə danışmışdı ki, qız evdən qaçmışdı. Bunu bulanıq da olsa, xatırlayarsınız. Ancaq bu da bir müddət sonra unudulacaq.
İndi ki danışırıq ha bu mövzudan. Bax, bunun da 1 həftəlik canı var.
Demirəm ee il boyu bunu müzakirə eləyək. Deyirəm ki, ortaya mövqe qoyaq. Münasibətimiz daha sərt, daha sərrast olsun.
Başı paça arasından çıxmayan bu cəmiyyəti ordan çıxarmalıyıq. Ona da yazıqdır ee… Boğulub qalıb. Altını biz çəkirik.
Vallah, adam baxır, yazığı gəlir. Hər şəraiti var. Pul, ev, maşın. Di gəl ki, ağzından horra tökülür.
Hə, bir də deyirlər ki, sən demə, qızı döyən oğlan evli olub.
Vəssalam da, bəhanə hazırdır.
Bunu deyən adamlar özləri təmiz olsalar, cəhənnəm. Elələri var ki, el-aləm tanıyır. Bilir ki, kimdir, nəçidir. Hələ eləsi var, evdən də bilirlər. Ancaq gəlib yazır ki, evli kişi ilə görüşəndə belə də olmalı idi.
Hələ biri də yazır ki, biz tərəflərdə belələrini qatıra qoşub sürüyürlər. Adam bunu fəxrlə deyir. Fəxr eləyir ki, onun kəndində bir qadını qatıra qoşub sürüyürlər.
– Bəs, yaxşı, kişilərə neyləyirlər?
– Iııı… aaaa… Bilirsiniz kişinin yaradılışı belədir də. Allah onu belə yaradıb. Qadın nəsə eləməsə, kişi də eləməz.
O yan-bu yan yazmıram. Yarımca saat əvvəl bu təfəkkürdə olan bir adamla aramızdakı dialoqdur. Hələ bunu deyəndən sonra kişmişi güldü də.
Ən dəhşətlisi isə qadınların amansız münasibətidir. Ümumiyyətlə, bizdə qadınlar həmişə bir-birinə belə yanaşıb. Birini əxlaqsız çıxarmaq üçün əllərindən gələni eləyirlər. Deyim ki, evdə də oğullarını belə – cinsinə düşmən yetişdirirlər.
Gözümün şahidiyəm, bir dəfə qonşumuzun uşağı atası ilə birgə valideyn iclasında gəlirdi. Anası evdə soruşdu ki, kimlər gəlmişdi? Uşaq hansı qadının adını çəkirdi, anası bir qulp qoşurdu. Hələ “filan qızdan xoşum gəlir, amma o uzaq gəzir” deyəndə qayıtdı ki, ləçər Mahizərin qızıdı da, nə gözləyirsən?
İndi də eşidiblər ki, oğlan bu qıza 200 minlik maşın bağışlayıb, sonra geri almaq istəyib-filan. İndi “evli kişi” söhbətini də gözünə qatıb döşəyirlər. Dərd oğlanın evli olması deyil, varlı olmasıdır. Niyə bu qıza o qiymətdə hədiyyə bağışlayırlar, Gülbutaya yox? Axı Gülbuta da istəyir ki, sallana-sallana gəzsin, bir eşmə bığlı tapılsın, ona da azı bir 200 minlik maşın bağışlasın.
Şəksiz ki, mən bu cür münasibətə haqq qazandırmıram. Ancaq hüquqi, sivil ölkələrdə hər şeyin bir üsulu var. Belə qəribə ölkəyik, sərf eləyəndə demokratiya yadımıza düşür, “tez olun, verin” deyirik, eləməyəndə “evli kişi ilə gəzir, zor eləyib” deyirik. Demokratiya bizim kefimizə görə şəkillənmir. O, ya var, ya da yoxdur.
Əsas problem döyülməkdən çox, sizin buna haqq qazandırmağınızdır. Siz haqq qazandırmasanız, hər gün daha da artmaz.
Yaxşı, deyək ki, bu dəfə qız evli kişi ilə görüşürdü-filan.
İndi vicdanınızı, ləyaqətinizi qoyun qabağınıza, deyin, döyülən, öldürülən, bu dəqiqə, bu saniyə ata evində, ər evində ağzı-burunu, gözünün altı gömgöy yaşayan, makyajla “göy”lərini bağlayıb qonaq qabağına çıxan qızların, qadınların hamısı evli kişi ilə gəzir?
Başında araq şüşəsi sındırılan qadınlar evli kişi ilə gəzir?
Qaynananın, ərin göz ağartması ilə, ağzına dəyən şillələrlə ömür boyu lal yaşayan, hər axşam azyaşlı uşaqlarına sarılıb hönkür-hönkür ağlayan qadınlar evli kişi ilə gəzir?
Uşağına ürəyindən gələn adı belə qoya bilməyən, məcbur olub Qamboy, Məmmədalı qoyan, ürəyi istəyən paltarı, beşiyi belə ala bilməyən, uşağının otağını ürəyi istədiyi kimi boyaya bilməyən qadınlar evli kişi ilə gəzir?
Kimə gəlirsiniz?
Tanımıram, bilmirəm sizi?
İçinizdəki Qurbanəlini, Şərəfnisəni görmürəm?
Heç utanırsınız?
Çox yox, bir gilə…
Ayıb olsun!