“Şamaxı rayonunda 2019-cu ilin fevralında baş verən zəlzələdə evim bərbad hala düşüb. Damı, divarları 10 sm sürüşüb, döşəmə, tavan aralanıb. 4 il keçsə də, hələ də evimizi bərpa edən yoxdur”.
Bu şikayətlə “Qafqazinfo”ya rayonun Aşıq Məmmədağa küçəsi, döngə:2 ünvanında yaşayan Sahib Əhədov müraciət edib.
O, evinin qəzalı vəziyyətdə olduğunu, 5 nəfərdən ibarət ailə üzvlərinin təhlükəli şəraitdə yaşadığını deyir. Bildirir ki, aidiyyəti qurumlara müraciət etsə də, hələ də heç bir tədbir görülməyib: “Bir dəfə zəlzələ olan günü gəlib baxdılar, ondan sonra maraqlanan yoxdur. Dedilər ki, bərpa-gücləndirici tədbirlər görülməlidir. Sonradan koronavirus pandemiyası ortaya düşdü, evin vəziyyəti də unudulub getdi. Dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətində olmuşam, artıq ora getməyə də utanıram. İcradan dedilər ki, bununla bağlı FHN tədbir görməlidir.
FHN-dən də bir əməkdaş gəldi, evə baxdı və dedi ki, “Tam uçmayıb, burada nə var ki? Sementlə doldurarıq”. Lakin heç bir tədbir görülmür. 4 ildir bu qəzalı evdə yaşayıram”.
S. Əhədovun sözlərinə görə, hazırda rayonda onun kimi evi qəzalı vəziyyətdə olan xeyli ailə var: “Kimin tanışı, adamı var, onun evini düzəldiblər. Mənim vəziyyətimdə olan çoxdur, həm Şamaxının özündə, həm də kəndlərində evi dağılmış vətəndaşlar illərdir oturub gözləyirlər. Bu ev təmir olunacaq halda deyil, gəzəndə evin döşəməsi yellənir. Ev sökülüb yenidən inşa olunmalıdır”.
Problemlə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, zəlzələdən zərər çəkmiş evlərlə bağlı yalnız təmir işləri İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bərpa və yenidən bina tikintisi isə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir: “Təmir kateqoriyasına verilən evlərin təmiri bizim tərəfimizdən həyata keçirilir. Bərpa və qəzalı vəziyyətdə olan evlərlə bağlı vəsaiti FHN köçürür.
Vətəndaş dövlət komissiyasının verdiyi rəydən razı olmayıb. Lakin sonradan razılaşıblar və podratçı şirkət vəsait köçən kimi təmir işləri görəcək. Bu, İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. Vətəndaş bizə də şikayət edib və bununla bağlı İcra Hakimiyyəti FHN-ə müraciət edib”.
FHN-dən isə sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşın evinə baxış keçirilib və ev bərpa olunacaq: “Aşıq Məmmədağa küçəsi, döngə 2 ünvanında yaşayan Sahib Əhədova məxsus fərdi yaşayış evi zəlzələdən ziyan çəkmiş evlər siyahısındadır. Vətəndaşın evinə FHN-in mütəxəssisləri tərəfindən baxış keçirilib və bərpa kateqoriyasına aid edilib. Hazırda layihə smeta sənədləri hazırlanır. Sənədlər ekspertizadan keçdikdən sonra vətəndaşın evinin bərpa işləri tenderə çıxarılacaq”.
Gülnar Əliyeva