Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbə qazandıqdan sonra çıxışında sabitlik və etimad üçün “beynəlxalq hörmətə malik maliyyə komandası” quracağına söz verib və bundan sonra gözlər keçmiş Baş nazirin müavini və maliyyə naziri Mehmet Şimşekə çevrilib.
“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, Ərdoğanın Mehmet Şimşeki yeni xəzinə və maliyyə naziri təyin edəcəyi gözlənilir.
Məlumatda qeyd edilir ki, Şimşek Türkiyənin iqtisadi siyasətinə məsul olacaq və iqtisadiyyatla bağlı bütün koordinasiyanı öz üzərinə götürəcək.
Bundan əlavə, “Reuters”ə danışan dörd yüksəkrütbəli məmur da Şimşekin yeni kabinetə daxil ediləcəyinin dəqiq olduğunu bildirib.
M. Şimşek keçmiş “Merrill Lynch” (qərargahı Nyu-Yorkda yerləşən ABŞ investisiya bankı) strateqidir, ona ortodoks iqtisadi fikirlərini müdafiə etdiyinə görə investorlar tərəfindən hörmət edilir. Şimşek TL-nin sürətli ucuzlaşmasından əvvəl istefa verib. İşlədiyi müddətdə maliyyə bazarları tərəfindən etibarlı fiqur kimi dəyərləndirilib.
Mehmet Şimşek 2013-cü ildə “Emerging Markets” jurnalı tərəfindən “İnkişaf etməkdə olan Avropada İlin maliyyə naziri”, elə həmin il “Foreign Policy” jurnalı tərəfindən dünyanın 500 ən nüfuzlu adamından biri seçilib.
İnanılır ki, Şimşek seçkilərdən sonra bazarlara inamı bərpa edəcək. Artıq onunla bağlı xəbər axınının təsiri ilə birjada artım, risklərdə isə geriləmə müşahidə edilir.
Qeyd edək ki, Türkiyənin hazırki xəzinə və maliyyə naziri Nureddin Nebatidir. O bu posta 2021-ci il dekabrın 2-si təyin edilib.