Şəhid Rüfət Mustafayevin adına “Buta” rəqs dərnəyində 1 iyun uşaqlar bayramına özəl tədbir keçirildi
Sumqayıt şəhərində fəaliyyət göstərən şəhid Rüfət Mustafayev adına “Buta” rəqs dərnəyinin təşkilatçılığı ilə uşaqlar bayramına özəl təntənəli tədbir keçirilib. Tədbirdə dərnəyin müəllimləri ilə yanaşı, şəhid ailələri, şagirdlər və valideynlər də iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və çıxış üçün ilk söz şəhid Rüfət Mustafayevin anası Afət xanıma verilib. Afət xanım uşaqlara sülh içində gözəl günlər arzuladıqdan sonra dərnəyin rəhbəri Nərgiz Ağayeva şəhid anasına gül buketi bağışlayıb. Nərgiz müəllimə öz çıxışı zamanı qeyd edib ki, “biz şəhidlərimizin qarşısında borcumuzu ödəyə bilmərik. Onlar hər zaman bizim qəlbimizdə yaşayanlar”
Daha sonra söz şairə Esmira Günəşə verilib. Şairə xanım tədbirin digər qonaqları olan şəhid Sabirin anası Mehparə xanımı təqdim edərək bildirib ki, o da evin tək övladını vətənə qurban vermiş analardan biridir. Tədbirin birinci hissəsində şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirlər və musiqilər səsləndirilib. Dərnəyin fəal şagirdləri Sertivikatlarla təltif olunub. Tədbirin ikinci hissəsində isə şəhid Qubad Əliyevin üzünü görmədiyi oğlu balaca Qubadın ad günü qeyd olunaraq dərnəyin kollektivi şəhid ailələri ilə birlikdə tort kəsiblər. Tədbir şagirdlərin hazırladıqları bir-birindən gözəl rəqslərlə davam edib.
Uşaqlar bizim gələcəyimizdir. Onlar xoşbəxt böyüsün deyə bizim igidlərimiz canından keçib. Odur ki, gəlin uşaqlarımızı xoşbəxt və sağlam böyüdək. Bir neçə saatlıq da olsa yüzlərlə uşağı sevindirən Şəhid Rüfət Mustafayev adına “Buta” rəqs dərnəyinin kollektivinə təşəkkür edirik.
Esmira Günəş