Kulis.az Fəxri Uğurlunun Şarl Bodlerin “Şər çiçəkləri” toplusu haqqında yazdığı “İblisə səcdə qılan şair” adlı yazısının ikinci hissəsini təqdim edir.
İnsan ömrü Bodlerin bir misrasına dəyməz
Akutaqava Rünoske
Zaman fələyin dəqiq vuran, heç vədə hədəfdən yayınmayan silahıdır. Bircə saniyəsini belə boşa xərcləməz, bircə saniyə belə verdiyindən artıq möhlət verməz, canlı-cansız nə varsa hamısını qocaltmaqdan, öldürməkdən, çürütməkdən usanmaz. Fələk elə bir usta qumarbazdır ki, zər tutar, amma zər verməz, şərbətlə ağunu bir qabdan içirdər. Ondan bircə saat da oğurlamaq qənimətdir. Fələkdən yaxa qurtarmağın bir yolu var (hər halda Bodlerə görə) – ona getmək, canını ona təhvil vermək, ona könüllü təslim olmaq.
Ötən günlər, saatlar, dəqiqələr içində
Gör nə təhər gizlənib vaxtın qızıl damarı.
O qızılı tap çıxart, günləri boş keçirmə,
Ömür də bir qumardı, uduzma bu qumarı.
Vaxtdan güclü qumarbaz tapılmaz ki, tapılmaz,
Neyləsən, əvvəl-axır vaxt udacaq səni də.
Neçə il yaşasan da, deyəcəksən azdı, az,
Yaşamağa bir azca möhlət verin yenə də.
Gözlərini örtəcək buz kimi bir soyuq əl,
Hər şe?rinlə xətrinə dəydiyin incik Allah
Göydən tərs-tərs boylanıb çağıracaq, durma, gəl,
Ötdü ömür, bitdi vaxt, ta bəsdi, öl, ay axmaq!..
(“Saat” – tərcümə Ramiz Rövşənindir)
Ancaq qorxasan öldürəndən sonra da ölüm candan əl çəkməyə, ölmək öləndən sonra da davam eləyə. “Şər çiçəkləri”nin şah şeirlərindən sayılan “Leş” adlı şeirdə olduğu kimi. Bu şeir oxucuya faniliyin, yoxluğun, heçliyin lap dibini göstərir. Bodler burada elə bil anamız təbiətin öldürmək, çürütmək, dağıtmaq, toza döndərib puça çıxarmaq qüdrətini vəsf eləyir, sanki bütün canlılara, bütün gözəlliklərə acıq verir, bir köhlən atın necə biədəb ət torbasına çevrildiyini göstərməklə məzar qurdları üçün yem bəslədiyimizi bizə bir daha xatırladır.
O yay yadındamı, mənim mələyim,
O at yadındamı, mənim balacam?
Gördük ki, ölüsü uzanıb qalıb
Saralmış otların arasındaca.
Elə çürüyürdü yol qırağında,
İyi götürmüşdü uzaqları da.
Qaranlıq küçənin pozğunu kimi
Aralı qalmışdı ayaqları da.
Günəş od tökürdü leşin üstünə,
Ki, külə döndərib yanına çəksin.
Bütöv yaratdığı şeyi təbiət
İndi hissə-hissə canına çəksin.
(“Leş” – tərcümə Salam
Sarvanındır)
Təbiət verdiyini, əlbəttə, geri alır. Hər bir canlı orqanizm toxumu əkiləndən canındakı ölümlə çiyin-çiyinə böyüyür. Ölüm, çürümə, yoxolma bitməyən prosesdir, əslində ölüb qurtarmaq mümkün də deyil. Əbədi yoxluq deyə bir şey yoxdur, əbədi yalnız varlıq ola bilər. Yoxluq isə hər dəm özünü yeniləyəcək, hər an yenidən yox olacaq. Hər saniyə yox olmaqla hər zərrə, hər saniyə bizə puçluğu, faniliyi hər saniyə xatırladacaq.
Yadındamı necə sürünürdülər
O atın qarnının üstündə qurdlar?
Milçəklər də gəlib bu ziyafətə
Murdar sinə üstdə uçuşurdular.
Şişirdi, köpürdü onun cəsədi,
Sanki hələ də boy atmaqda idi.
Elə bil təzədən gəlmişdi cana,
Bədən böyüməkdə, artmaqda idi.
(“Leş” – tərcümə Salam
Sarvanındır)
Bodler bir çox şeirləri kimi bu şeiri də sevgilisi Janna Düvala həsr eləmişdi. Fəqət sevgilisinin gözəlliyini, temperamentini öyən şairlərdən fərqli olaraq Bodler öz məşuqəsini bir gün bu at leşi kimi çürüyəcəyi ilə müjdələyirdi. Bu şeirdə gözəlliklə eybəcərlik, eşqlə ölüm, Erosla Tanatos bir qabda, iç-içə təqdim olunur, estetika etikanın əsarətindən qurtulur.
İndi səninləyəm, gözüm işığı,
Sən də elə bilmə əbədi dağsan.
Şux durub baxdığın bu otun üstə
Bir gün meyit kimi uzanacaqsan.
Sən də, ey gözəlim, çürüyəcəksən,
Toza çevriləcək sümüklərin də.
O qara gününə həmrəng geyinən
Adamlar olacaq hüzür yerində.
(“Leş” – tərcümə Salam
Sarvanındır)
Bütün bu eybəcərliklərin, puçluqların, faniliklərin qarşısına çıxa biləsi bir güc var – sənət! O gözəlliyi ki təbiət belə eybəcər hala salır, poeziya əbədi qoruyub saxlayır, nəsildən nəslə ötürür. Fani, ötəri olmayan yalnız sənətdir, qalan hər şey saniyələr kimi gəldi-gedərdir. 22 yaşında belə bir şeir yazan şair elə o sənətin gücünə Avropa modernizminin təməlini qoymuşdu.
O zaman o qara torpaqda səni
Öpə-öpə yeyən qurdlara de ki:
Gözəl cizgilərin, gözəl qamətin
Əbədi qalacaq mənnən, əbədi.
(“Leş” – tərcümə Salam
Sarvanındır)
Bodler deyirdi ki, nə fərqi var – gözəllik göylərin dərinliyindənmi nazil olub, yoxsa cəhənnəmin dibindən gəlib. Ondan ötrü cənnətlə cəhənnəm bu həyatın ayrılmaz iki üzüydü. Klassik Şərq rindləri sayaq şərabın ani məstliyini vəsf eləsə də, bu məstlik anları xətadan xali deyil. Şərabda dünyanın zövqü-səfası, nəşəsi əzabla, fəlakətlə qucaq-qucağadır, necə deyərlər, həyat deyilən həkim keflə zəhəri bir qədəhdə buyurur. “Qatilin məstliyi” adlı şeir arvadını öldürüb quyuya atmış sərxoşun monoloqudur. Qəflət yuxusunda olan bu qatil sevinir ki, bundan sonra sərbəst içə biləcək, deyingən arvadı onun başını ağrıtmayacaq. Bir bəladan qaçan qafil özünü ondan qat-qat betər bəlaya salır, ona zövq verən şərab verdiyinin əvəzini alır. Şərabın ardınca başağrısı gəldiyi kimi, həyatın sevinci, nəşəsi də hansısa qəzavü-qədərə, bəlavü-dərdə aparan yolda aşılan dağdır.
Çapı qadağan olunmuş şeirlərinin birində (“Vampirin sifətləri”) şair məhəbbəti də bu cür – hər iki sifətiylə təqdim eləyir. Sevənlər bir-birinə həm qənim, həm müttəfiqdir. Zifaf döşəyinin üstündə Erosla Tanatos – bu iki əzəli düşmən qol-boyun olur. Sevgi aktı həm savaşdır, həm də savaşan tərəflərin işbirliyi. Sevən sevdiyinə həm qurban gedir, həm də onun canını alır.
Bodler özünü “lənətlənmiş şair” adlandırırdı. Şəxsi həyatında o, çox bədbəxt idi, təsəllini bəzən şərabda, bəzən narkotikdə, bəzən də qadında tapırdı. Fəqət ana təbiət ona bu əyləncələri də çox gördü, sevgilisi üçün verdiyi “nikbin” proqnoz özünü də tutdu: Avropanı silkələyən şair zöhrəvi xəstəliyə yoluxandan sonra təbiətin əta elədiyi mikrobların, virusların, bakteriyaların, gözəgörünməz qurdların alovlu öpüşləri sayəsində diri-diri çürüməyə başladı. Nəhayət, 46 yaşında ana təbiət ona verdiyi amanatı geri aldı. Səcdəsinə durduğu İblis qucağında ona beşik açdı, bətnində ona yer saldı.
Şeytanın gücünü onun özünə qarşı çevirən, eybəcərlikdən gözəllik, şərdən çiçək, yalandan gerçək yaradan Bodler fələyi belə aldatdı – canını girov qoyub sənətini yaşatdı, yoxluqdan, heçlikdən dəm vura-vura əbədiyyət qazandı.