Kulis.az aktyor Tərlan Nur Yaşarla olan müsahibəni təqdim edir.
– Tərlan bəy, neçə ildir televiziyadasınız?
– Artıq 22 ildir. İki il də “Şən və hazırcavablar” klubunda olmuşam. Televiziyaya da oradan gəlmişəm. Space-də başlamışam, indi də Space- dəyəm.
– İstədiyiniz yerdəsiniz?
– Space bizim üçün ata ocağı kimidir. Televiziyanın “t” hərfini belə burada öyrənmişik. Bu gün onun belə hala düşməsi bizim üçün ürəkaçan deyil. Çalışırıq onun köhnə əzəmətini geri qaytaraq. Nəticələr də artıq var.
– Niyə komediya?
– Adətən komediya aktyorları insanların xətrinə dəyməyən adamlar olur. Sözü gülə-gülə deyirik. Problemləri də gülə-gülə demək daha asan olur. Komediya aktyoru olmaq dram aktyoru olmaqdan daha çətindir. Çünki istənilən dram aktyoru dramı oynayır. Komediya aktyoru isə oynamaqla bərabər həm də güldürməyə çalışır ki, dediyi problem zarafatla da olsa, insanların yadında qalsın. İnsanların könlünü açmağı xoşlayıram.
– Bir sıra seriallarda müdir obrazlarınız var. “Bacanaqlar”da Xansuvar, “Aramızda qalsın”da Cəsarət və s. Oynadığınız müdirlərlə real həyat qarşılaşdığınız müdirlər arasında oxşarlıq var?
– Bir az Cəsarət oxşayır. O, imkanlı müğənnilərlə şəkil çəkdirmək həvəsində olan biri idi. 22 ildir televiziyadayam, hələ yadıma gəlmir ki, hansısa tanınmış adamla şəkil çəkdirmək həvəsində olum. Kiməsə görə like toplamaq mənlik deyil. Cəsarət kimi adamlar çoxdur. “Üç bacı”dakı müdir obrazını daha çox bəyənirəm. İşlədiyim yerlərdə daha dostyana münasibətin tərəfdarıyam. İstəməzdim kimsə mən müdir olduğum üçün otağa girəndə ayağa qalxsın. Qalxacaqsa da, qorxduğuna görə yox, hörmət etdiyinə görə etsin.
– İlk tərəf müqabilləriniz kimlər olub?
– KVN olaraq tərəf müqabillərim çox olub. Amma daha peşəkar yanaşsaq, “Toy” filmindən Ələsgər müəllimi deyə bilərəm. Bütün “Tək səbir” heyəti orada bərabər oynamışıq. Bizim üçün Yaşar Nuri ilə eyni filmdə çəkilmək ayrı bir məktəb olub. Onun verdiyi məsləhətləri bu gün də xərcləyirəm.
– Məsələn, nə məsləhət verirdi?
– Keçən dəfə bir məşqdə dedim. Uşaqların hamısının xoşuna gəldi. O deyirdi ki, aktyor ssenariyə nə qədər söz əlavə etsə, hamı deyəcək ki, bu sözü ssenarist yazıb. Heç vaxt düşünməyəcəklər ki, onu aktyor tapıb. Amma səhnədə geyimlə, hansısa əşya ilə bağlı zarafat etsə, bunu aktyorun etdiyini biləcəklər. Yaşar müəllimin öz timsalında “Bəyin oğurlanması” filmində pilləkənin üstündən başmaqları götürüb atması, kluba girəndə təpik vurub vedrəni aşırtmasını misal göstərə bilərəm.
Onu bu məsləhətinə qulaq asaraq “Bacanaqlar”da qalstuku əlimlə fırlatmağı özüm düşünmüşəm. Nazirlər belə o zarafatı mənimlə edirdilər. Onda Yaşar müəllimin sözünün böyüklüyünü anladım.
Bundan sonra çəkildiyim səhnələrdə çalışmışam hansısa əşya ilə bağlı zarafat edim.
– Səhhətiniz necədir?
– İndi yaxşıdır. Bir ara pis idi. Mənim ilana qarşı fobiyam var. “Aramızda qalasın”ın bölümlərindən birində öyrəşməsi üçün mənə ilan verdilər. Həmin anda ilandan qorxsam da, səhnəyə görə məcbur olub onu əlimə aldım. Düzü qorxduğumu o qədər hiss etməmişdim. Ondan sonra şəkər oldum. Bir müddət depressiyaya düşdüm, sonra müalicə ilə aradan qaldırdım. Dostumuz İlhamə Bədəlovanın məsləhəti ilə Türkiyəyə getdim. Müalicə aldım. Əməliyyatdan sonra hər şey qaydasına düşdü.
– Niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?
– Bir az kənar fikirlərə, tənqidə açıq olan adam deyiləm. Sosial şəbəkənin tənqidi bir az fərqli olur. Adamlar düşünmədən ağzına gələni deyir. Digər tərəfdən sosial şəbəkələrdən istifadə edənlərin əksəriyyəti təcrübəsi az olan gənclərdir. Onların fikirləri, məsləhətləri məni qıcıqlandırır. Artıq fikir vermirəm. Günümüzün reallığına baxanda buna görə itirdiyimi də başa düşürəm. Çünki günü bu gündə sponsora hansısa işi təqdim edəndə onun reytinqini yox, sosialda nə qədər izləyicimizin olduğunu soruşurlar. Dövrün tələbi budur.
– “Komedixana”nı bəyənirsiniz?
– Ümumiyyətlə, baxmıram. Orada ayrılıqda həyatını bəyəndiyim insanlar var. Bircə dəfə də olsun baxmamışam. Amma insanlar bəyənirsə, yəqin orada bəyəniləsi nəsə var.
– Sizin də işiniz komediyadır, onların da. Rəqib olaraq baxmağınız daha yaxşı olmaz?
– Baxmamaq səbəbim var. Baxmaq istəmirəm. Orada yaxşı dostlarım var. Adlarını çəkmək istəmirəm. Çəksəm, xoşuma gəlməyənlər də bəlli olacaq.
Oradakıların nə edə biləcəyi aşağı-yuxarı bəllidir. Düşünmürəm ki, mənim üçün orada hansısa bir yenilik olsun. Başqa adamlar var ki, təzə bir şey eləyəndə onların layihələrinə mütləq baxıram. Çünki bilirəm ki, bu adam nəsə yenilik edə bilər. Yenə də onlara işlərində uğurlar arzu edirəm.
– İstər “Bu şəhərdə” olsun, istərsə də “Planet Parni iz Baku”, illər keçsə də, olduğu kimi fəaliyyətlərini davam etdirirlər. Heç bir yenilik etmirlər. Müasir tamaşaçı artıq onların zarafatlarına gülə bilmir. Sizcə, onlar bunun fərqindədirlər?
– Öz auditoriyaları var. Tamaşaçıları onları bu cür qəbul edir. Onların konsertlərinə gedib baxsanız, görəcəksiniz ki, həmişə eyni adamlar gəlir. “Bu şəhərdə”ni və “Planet Parni iz Baku”nu bəyənən bərkimiş bir tamaşaçı kütləsi var.
Bu il “Bu şəhərdə” beş, gələn il yeddi konsert verirsə, demək yeni adamları da cəlb edir. Əgər bu il beş, gələn il dörd konsert verirsə, o zaman anlamalıdırlar ki, yeni layihə etmək vaxtıdır. Amma onları sevənlər yetərincə çoxdur. Həyatda şəxsiyyət olmalarının da bunda rolu az deyil. Hər ikisinə xüsusi hörmətim var. Eləcə də Cabir və Tahirə. Biz bu sənətə onlardan sonra gəlmişik. Onların kiçikləriyik. Bizə belə təxribat xarakterli suallar təsir edə bilməz…
Bu adamlar artıq 21 ildir silsilə konsertlər verirlər. Məncə, düzgün istiqamət götürüblər. Çünki televiziyada gəlir bir yerə qədər olur. O yerdən sonra televiziya gəlir və entuziazm tələb edir. Hər adam da bunu bacarmır.
Yumor dəyişib. İndi gənclər daha açıq, daha savadlı yumor istəyirlər. Üzdə olan yumoru bəyənmirlər. Amma böyük kütləyə üzdə olan yumor lazımdır. Səhnəcik qurmaq, düşündürmək son nəticə olaraq tamaşaçıya nəsə vermək lazımdır.
– İndi “Space”də düşündürücü yumor görə biləcəyik?
– Bilmirəm düşündürə biləcəyik, ya yox, amma məqsədimiz odur. Ola bilsin bir müddət digər rəqiblərimizlə mübarizə aparmaq üçün reytinqlərə görə onların üsulundan istifadə edək. Amma müəyyən bir hədəf kütləsinə çatdıqdan sonra həmin o hədəf kütləsini maarifləndirməyə çalışacağıq. Məsələn, Şahan Gökbakar bir ara çox bayağı yumor göstərirdi. İndi isə filmlərinə baxanda hiss olunur ki, adam bir az dərin şeylər vermək istəyir. Hədəf kütləsini toplayıb, indi onu özünə uyğunlaşdırır.
– İmtina etdiyiniz işlər çox olub?
– Son iki ildə demək olar ki, bütün işlərdən imtina etmişəm. Heç yerdə görünmək istəmədim. Bir serialda dörd bölüm digərində iki bölüm çəkildim.
– Buna küskünlük demək olar?
– Ürəyim istəyən işlər yox idi. Həm də mənim üçün çətin dönəm idi. O vaxt ərzində tamam dəyişdim. İnsanlara qarşı daha soyuq oldum. Əvvəl adamları daha yaxın buraxırdım indi isə gülə-gülə məsafə saxlayıram. Çünki gördüm ki, “qardaş” dediklərim məni yoldan keçənin birinə satır. Halbuki ondan əvvəl sənə təklif olunur ki, sən gəl, onları gətirmə. Həmin adamlar məni iyrəndirdilər. Bir müddət aradan çəkildim.
– Bizdə əksər sənət adamları niyə belə paxıl olur?
– Paxıl yox, tamahkar. Ruzini verən Allahdır. Bunu heç kim azalda və artıra bilməz. Bunu başa düşmürlər.
– Bizdə komanda işləri də uzunmüddətli olmur…
– Əsas adamını tapmaqdır. Ondan sonrası asandır. Adətən son gələn nəsildən daha çox hiyləgər insanlar çıxır. Bilmirəm nə ilə bağlıdır.
– “Bacanaqlar” serialından niyə ayrıldınız?
– Heyət olaraq bu serialdan iki dəfə ayrılmışam.
İkisində də o adama görə.
– Kimə görə?
– Adını çəkməyəcəm. Hazırda onu sevən bir kütlə var. İstəmirəm ki, onu kiməsə hədəf göstərim. Kütlə üçün hələki yaxşı adam obrazını oynayır. Mən indi onun pis adam olduğunu desəm, həmin kütlə üstümə cumacaq. Deyəcək ki, ona paxıllıq edirsən. Ona qarşı heç bir paxıllığım ola bilməz. Nə getdiyi, nə gedəcəyi yol mənimki ilə kəsişmir. Sənətin “s”ı belə onun işində yoxdur. O adam ömür boyu pulu fikirləşib və hədəfinə çatıb.
– Nə vaxt o adamın kim olduğunu deyəcəksiniz?
– Onun əslində kim olduğunu öz aramızda hamımız bilirik. Amma elə adam deyilik ki, durub açıqlayaq. Sonra ondan da cavab gəlsin. Bu, bizə ziddir.
– Gənc aktyorlardan kimi bəyənirsiniz?
– Komediyada Nicatı deyərdim. O, çox istedadlıdır. Dram janrında isə sayları çoxdur. Yaxşı aktyorlar yetişir. Ciddi işlər ortaya çıxandan sonra onları tanıya biləcəyik. Məncə, artıq dövlət də bunun üçün nələrsə etməlidir. İdmançılara böyük hörmətim var. Fəxrimizdirlər. Amma, məsələn, sizdən soruşsam ki, 2000-ci il “Olimpiya” oyunlarında ölkəmizə kimlər medal qazandırıb saya bilməyəcəksiniz. Eləcə də “Pekin” Olimpiyadasında və digərlərində.
İdmana qoyulan pul bayraq qaldırılana qədər nəticə göstərir. Azərbaycanda da ikiqat dünya çepionlarımız azdır. Nəyə görəsə idmançılar hədəflərinə tez çatanda işdən soyuyurlar. Onların nailiyyətləri də tez unudulur. İncəsənətə qoyulan yatırım isə daha uzunmüddətli olur. İllər keçir, musiqi, film qalır.
Düşünürəm ki, film mütləq vergidən azad olunmalıdır. Əlavə dəstək olmalıdır. Xarici ölkələrə bizdə film çəkmələri üçün şərait yaradılmalıdır.
– Hansı şərait?
– Bir çox ölkələrdə bu var. Məsələn, gedib hansısa ölkədə film çəkirsinizsə, bir milyon pul xərcləmisinizsə, ölkə xaricinə çıxanda o çeki təqdim edirsiniz, əlavə dəyər vergisi nədirsə onu sizə qaytarırlar. Siz orada çəkdiyiniz üçün büdcəyə 15-20 faiz qənaət etmiş olursunuz.
Bizdə də bu şərait yaradılmalıdır. Şərait yaradılsa, türklər də gəlib seriallarını burada çəkərlər. Bu zaman bizim aktyorları da istifadə edə biləcəklər.
Nəticədə, biz praktika və pul qazanmış olacağıq.
– Ötən aylarda Kino forumu keçirildi….
– Artıq neçənci dəfədir ki, belə tədbirlər təşkil edilir, hamı bir yerə yığılır, iki-üç nəfər yaşlı rejissor nəsə deyir, dağılışırlar. Bununla da hər şey bitir.
– Bu dəfə ciddi müzakirələr olub…
– Heç vaxt zarafatyana müzakirə etməyiblər ki. Tam ciddi müzakirələr ediblər. Bəs nəticə? Yoxdur.
İkinci Qarabağ müharibəsinin yeni bitdiyi vaxtda bir müsabiqə var idi. Zəfər haqqında filmlə bağlı ssenarilərimizi göndərdik. İkinci mərhələ pitçinq mərhələsi idi. Bizim ssenari bu mərhələdən keçmədi. Bəyənilməyən ssenariləri kənara qoyublar. Bəyənilənlər keçib. Jüri üzvi bildiyiniz böyük rejissorlardan biri qayıdıb pitçinqə gələn rejissora deyir ki, əslində sizin ssenarini oxuduq və bəyənmədik. Bəyənmədiyiniz bir ssenari o mərhələni niyə keçib? Bu bir. İkincisi, deyir ki, sən yaxşı oğlansan, biz səni tanıyırıq. Pitçinq mərhələsi hələ bitməyib, bunun kimi 15-20 nəfər yenə də müsabiqədədir.
Onların arasından kim qalib gələcəksə, ona o pul veriləcək. Dedi, amma sən bu filmi çəkəndə bunu belə edərsən, o birini belə edərsən. Təsadüfə baxın, elə həmin adam da qalib oldu.
– Bəs bəyənilməyən ssenari necə müsabiqədən keçib?
– Hansısa ssenarinin haqqına girib o. Bu şeylər yığışdırılmalıdır. Bu cür acgöz, yalançı, tərəfkeş qocalar film sektorundan uzaqlaşdırılmalıdır. Nə qədər ki, onlar var, bu sektor inkişaf etməyəcək. Onlar ancaq büdcəni yeməyi bilirlər. Alındı, alınmadı bir film çəkib öz iki-üç tanış festivallarında mükafat alıb adını da qoyurlar ki, mənim filmim festivalda qalib gəldi. Nə olsun? Sənin filmin bilet satdıra bilmirsə, lap 100 dənə mükafat qazansın, bunun heç bir nəticəsi yoxdur.
Bu gün dünyada filmlərin kassasına baxılır. Amerikanın il ərzində ölkəyə milyardlarla gəlir gətirən kassa filmləri var. Bununla yanaşı, 5 filmi də hansısa Kann festivalında mükafat qazanır. Çünki il ərzində azandıqlarından 5 milyardını bu filmə yatırır. Biz hələ filmlərimizdən pul qazanmamışıq, amma çalışırıq ki, pulları festival filmlərinə yönləndirək. Festivallardan xeyir gəlmir. Onlar ancaq pul qazanmaq üçün olan yerlərdir.
Bizə bu gün filmə ayrılan büdcələrin kassa olaraq geri qayıtması lazımdır. Belə olsa, kommersiya prosesi işə düşəcək. Bu proses işə düşdükcə isə digər mərhələləri yanında inkişaf etdirəcək.
– Yenidən xarici serialları efirlərə qaytarıblar…
– Bəli. Niyə? Versinlər, bunun əleyhinə deyiləm, amma həmin xarici serialdan vergi alınsın. O vergidən əldə olunan gəlirin də yarısını yerli serial istehsalçılarına versinlər. Biz bilək ki, xarici serial bizdə yayımlandığına görə bizim serial da inkişaf edir.
– “Körpü” “Əqrəb mövsümü” seriallarını izlədiniz?
– “Əqrəb” mövsümünə baxdım. Zəng vurub aktyorları təbrik etdim. Rejissoru Emillə o qədər də aram yoxdur. Uşaqlara dedim təbriklərimi çatdırarsınız. Fərqli işdir, yaxşı çəkilib, verilən büdcəni dağıtmayıb. Emil fərqlənməyi bacaran adamdır.
– Gələcək planlarınız nələrdir?
– Plan yox, istəklərim var. Allah da plan quran adamlara gülər. İndiyə qədər heç bir filmdə baş rol almamışam. Baş rolda oynaya biləcəyim yaxşı bir film istəyərəm.
– Necə bir obraz arzusundasınız? Mənfi yoxsa müsbət?
– Məni mənfi obrazda görmək tamaşaçıya yad olar. Düşünmürəm ki, hansısa mənfi rola uyğun gələrəm. Amma komediyada nələrsə etmək olar. Hazırda ən böyük istəyim sentyabra qədər “Space”i ikinci pillədə görməkdir. Hazırda bütün kollektiv bu hədəf üçün işləyir.
– Öz sahənizə nə arzu edirsiniz?
– Yeni işlər, bol qazanc arzu edirəm. Bu sahədə olanların çox problemləri olur. Aktyor metro ilə gələndə ona verilən suallara bir-bir cavab verəndə çox yorulur. Yaxşı olar ki, aktyorun öz maşını olsun. Maddi durumları yaxşı olsa, aktyorlarımız çox gözəl işlər görər. Bir bölümə 70 manata çəkilən aktyora deyirlər ki, milyoneri oyna. Necə oynasın axı? Hələ kostyum da vermirlər, deyirlər ki, öz kostyumlarından birini geyin, gəl. Dəhşətdir.