Kulis.az “Sözün Güneyi” layihəsindən Ülkər Ucqarın şeirlərini təqdim edir.
Dəniz
Nə dəniz görmüşəm, nə gəmi, amma
bilirəm bir anda necə hay düşər.
Qalxanda gəminin “gedirəm” səsi,
mürgülü dalğalar birdən ürküşər.
Gəmini uzaqdan çağırar bir səs,
Dənizin əlləri ətəyin tutar,
Özünü öldürən bir adam kimi
qışqırıb özünü dənizə atar.
Nə dəniz görmüşəm, nə gəmi, gülüm,
“Boğulmaq” sözünə inanmamışam.
Bilmədən ayağım yerdən üzülüb,
qorxuram bilmədən sənə yanaşam.
Tilsim
Səksən beş yaşında sonsuz qarıyam,
əllərim titrəyir, sümüyüm əsir,
o qədər yorğunam, o qədər yorğun,
gözlərim ölümün dərvəçəsidir.1
Səksən beş yaşında sonsuz qarıyam.
Məncə, hər nədənsə vaz keçmək olar,
vaxtında çəkmişəm gündə sürməmi,
vaxtında tikmişəm güllü boğçalar…
Vaxtında nə qədər bayatı falı…
Vaxtında nə qədər qızırqanmışam,
vaxtında nə qədər sevə bilmişəm,
vaxtında nə qədər adaxlanmışam.
Səksən beş yaşında qarı deyirəm…
Gör, necə ağzında sözü büzüşüb.
Qarının yuxusu düz çıxar görən?
Hər gecə yuxuda bir dişi düşüb.
Səksən beş yaşında.
qınama məni,
sevdiyin o qızı böyüdüb yaşam.
Düz səksən beş illik yorğunam,
ancaq iyirmi üç yaşda tilsim olmuşam.
1Darvǝçə-nəfəslik, kiçik pəncərə
Üzdür məni
Mən cəhənnəmin son qatından döndüm,
hələ kirpiklərimdə qarsalanma qoxusu var,
hələ uzun sürə saçlarımdan asıldığım üçün
Milaq üzümü kimi,
Möv ağaclarından,
uzaq həm də nisgilli xatirələr gəzir içimdə.
Cəhənnəmin son qatından döndüm,
bir əlimdə Zəncan narı,
bir əlimdə Savə bıçağı.
Həyatın yolunu mənə göstər,
üç yol ayrımında durub
sonuncu tövbəkarını gözləyən son bələdçi,
Həyatın yolunu mənə göstər!
Bu qurbanlığı qapısında kəsib də
qayıdım.
diyirlənə-diyirlənə buraxdığım Yer kürəsinə,
yazılmamış kitabının hər sətrinə belə inanıram,
çəliyin ilana dönmədən
“hə” deyərəm sənə,
“hə” deyərəm sənə…
Üç yol ayrıcında rastlandığım birinci ozan,
biləklərimdə qərənfillərimi canlandır,
məni “Dırnaq üstü” yola sal1
“kərəm eylə”, məni yola sal
üç yol ayrıcında.
Mənə qanı qaynayan insan oğlu insan,
mən cəhənnəmin son qatından
indicə döndüm,
qoy töyşümü alım,
sonra aç qollarını
həyata doğru,
üzdür məni gedim.
Üzdür məni də, tez yola sal,
atam çay istəmişdi
geciksəm acıqlanar…
1 Dırnaq üstü – rəqs tərzi.
Qopuz əlimdə
Sən məni
qopuz əlimdə öldürdün.
Ağlına gələrdimi heç
quruyacaq qolun?1
Ömür boyu
sən öldürər,
mənsə ölər qalacağam
önündə sənin?
Sən məni qopuz əlimdə öldürdün.
Şahsənəmlə Şahvələdin toyunu²
bu gecə çalmağa gedəcəkdim…
Aşıq Qərib Şam-i Hələbdə sərgərdan,
mən çalmağa gedəcəkədim,
ölər qalmasaydım önündə sənin.
1Dədə Qorqud saz əlində ikən ona qılınc çəkən birisini qarğıdı, onu əli qurudu. Əski inanclara görə saz əlində birinə tərəf qaçsan qolun quruyar.
2Aşıq Qərib Şam-i Hələbdə olarkən sevgilisi Şahsənəmi Şahvələd adlı birinə verirlər..
Ev şeiri
Dadar-dadar gəmilərin yollanmasına baxma,1
bu şeir ev şeiridir
ev başmağı kimi,
ev paltarı kimi,
mən bu şeirdə
başıaçıq dolanıram, görürsən
və suyun üzündə yeriyib
sərxoş gəmiçilərə
meyvə tuturam.
Mən bu şeirdə
sonbeşiyimizə şal toxuyuram,
sən bütün kişilər kimi ekrana dikilirsən,
yelkənlər yellənir,
Biz evimizdəyik,
gəmilər yollanır,
biz evimizdəyik,
bu isə bir şeirdir!
1Gəminin yollanma fitinin səsini göstərən bir səs, təmtəraqlı anlamında da işləyir.
Sevgililiyim
Bir süfrənin başında,
bir yastığın döşündə,
analıq olan kimi,
atalıq olan kimi,
sən də mənim sevgililiyim idin.