Bu gün dünya şöhrətli ispan şair Federiko Qarsiya Lorkanın doğum günüdür.
Müstəqil.AZ Mahir N.Qarayevin onun haqda yazdığı “Ən kədərli sevinc” adlı yazısını və tərcümə etdiyi şeirlərini təqdim edir.
Federiko Qarsiya Lorka – 125
ƏN KƏDƏRLİ SEVİNC
“Mən Qranada düzənliyindəki kiçik bir Əndəlüs kəndində doğulmuşam. Atam – Federiko Qarsia Rodriges, anam – Visente Lorka Romerodur. Yeddi yaşımda məni Almeriyada monastır məktəbinə verdilər. İmtahanlardan sonra möhkəm xəstələndim, boğazım elə bərk ağrıyırdı ki, danışa bilmirdim. Güzgüdə şişkin sir-sifətimi gördüm, danışa bilmədiyimdən yazmağa məcbur oldum və beləcə ilk yumorlu şeirimi yazdım. Həmin şeirdə özümü şişman Mərakeş sultanı Mulya Hafidə oxşatmışdım. Sonra Qranadaya köçdük. İlk şeir kitabımı musiqi müəllimim don Antonio Sequraya – Verdidən dərs almış qoca bəstəkara ithaf etdim. Məndə qədim Əndəlüs nəğmələrinə ilk marağı məhz Antonio Sequra oyatmışdı…”
Siyasətdən uzaqda dayanmağa çalışan, yalnız sənət yanğısıyla yaşayan Lorka öz qısa ömrünün tərcümeyi-halına, adətən, belə başlayırdı.
Əfsuslar olsun ki, siyasət ondan gen dayanmamışdı və faşizm İspaniyaya ayaq açanda nasizm qurbanlarının müdafiəsi üçün ispan manifestinə imza atan ilk şair məhz Lorka oldu. 1935-ci ildə o, ikinci Antifaşist manifesti imzalamaqdan da çəkinmədi. 1936-cı ilin 14 fevral tarixli “Ziyalılar Xalq cəbhəsini dəstəkləyir” çağırışındakı birinci imza da Lorkaya məxsus idi.
Lorka ilk baxışda göründüyü qədər də sadəlövh deyildi və bütün bu ötkəm hərəkətlərin nə ilə nəticələnəcəyini, hara aparıb çıxaracağını, hər halda, dərk edirdi. Bununla belə, səmimiyyətdən irəli gələn bir duyğuyla o, bircə dəfə də olsun ürəyinin istəyinə qarşı getmədi. Məşhur ispan ziyalıları arasında onun hamıdan öncə həbs olunması da təsadüfi deyildi, baxmayaraq ki, çoxları bunu adi yanlışlıq kimi düşünüb, şairin tezliklə azad olunacağına sadəlövh ümidlər bəsləyirdi. Amma dostlar yanılırdı: Lorka İspaniyada faşizmin ilk qurbanı oldu!
Lorkanın ardınca ispan ziyalılarını fəlakətə aparan yolun qapıları taybatay açıldı: görkəmli publisist Ruis Karnero vəhşicəsinə öldürüldü; Qranadanın alkaldı doktor Montesinos güllələndi; “La Barraka” teatr truppasının on cavan aktyoru qiyamda həlak oldu, bombalanan binada Lorkanın əlyazmaları ilə birgə teatrın bütün arxivi külə döndü; qiyam günləri qaçqınlara qoşulub Pireney dağlarını aşan ixtiyar yaşlı Antonio Maçado dünyaya iztirablar içində göz yumdu; gənc şair Migel Ernandes faşist həbsxanasında qətlə yetirildi; Rafael Alberti vətəndən didərgin düşdü; dünya şöhrətli bəstəkar Manuel de Falya və sonradan Nobel mükafatına layiq görülən şair Xuan Ramon Ximenes qürbətdə həlak oldu.
Lorkanın gec-tez həbs ediləcəyi labüd idi, ancaq, görəsən, məhz ilk qurban olacağını özü təsəvvür edirdimi? Hər halda, Salvador Dali dostunun qətl xəbərini eşidəndə acı-acı gülümsünüb belə demişdi: “Onun həyatı üçün bundan gözəl sonluq düşünüb tapmaq heç mümkün də deyildi…”
1936-cı ilin məşum avqustu…
Lorkanı məhz 1936-cı ilin avqustunda həbs etdilər. İkicə gündən sonra, gecə yarısı həbsxana maşını Qranadadan çıxıb kiçik bir Əndəlüs kəndinin yaxınlığında dayandı – maşında 38 yaşlı Lorka idi, tanımadığı qoca bir dustaq idi, bir də üç falanqaçı. Cəlladlar kənarda dayanıb səhərin açılmasını gözləyirdilər, kameranın darısqallığından sıxılıb yumağa dönmüş Lorka isə gecənin əsrarəngiz gözəlliyindən vəcdə gəlmişdi. Ağlına gəlməzdi ki, bir azdan güllələnəcək…
İşıqlaşanda təzədən maşına doluşdular, ancaq maşın kənddən azacıq aralanıb təkrar dayandı. Öncə qoca dustağı düşürüb apardılar. Lorka hələ də heç nədən şübhələnmirdi, ancaq güllə səsi eşidiləndə içindən soyuq bir gizilti keçdi.
Ölmək istəmirdi… əllərini maşından güclə qopartdılar; bu zaman ağladı da.
Dalbadal bir neçə güllə açıldı, amma o dikəlmək istəyirdi. Ölümünə heç cür inana bilmir, hər atəşdən sonra təkrar dikəlib qalxırdı. Axırda zalım falanqaçı ayağı ilə onun sinəsindən yerə basdı və düz sifətinə atəş açdı.
38 yaşlı şair beləcə ölümünə inanmadan köçdü dünyadan…
“Öləndə –
siz məni çay qırağında
gitaramla qoşa basdırarsınız…”
Belə demişdi Lorka.
Ancaq Lorka ölmədi. Onu ölməyə qoymadılar. Onu öldürdülər…
“Ən kədərli sevinc – şair olmaqdır!”
Bunu da Lorka demişdi. Və çox güman ki, 38 illik qısa ömrünrdə Lorka şair olmaq sevincinin bütün kədərini yaşamağa, duymağa macal tapdı…
…Bir zamanlar bu dünyada bir gitara səslənirdi. O gitara lap elə bil dünən çalınırdı. Hərdən adama elə gəlir ki, o gitara heç zaman susmayıb; dünya yaranan gündən çalınır, həmişə də çalınacaq…
Mahir N. Qarayev
Lorka poeziyasından bir neçə yarpaq
GİTARA
Başlanır gitaranın
yanıq-yanıq naləsi.
Çiliklənir, tökülür
səhərin piyaləsi.
Nalə çəkir gitara!
Ondan sükut ummayın,
nahaqdan üz vurmayın –
çətin, çətin qurtara!
Nalə çəkir gitara!
Ağlayır arx boyunca
sellər ağlaşan kimi,
qarlı çöllər boyunca
yellər ağlaşan kimi…
Allahı sevərsiniz –
yalvarmayın o sussun!
Qürub o cür ağlayır
dan şəfəqindən ötrü,
O sayaq ağlayır ox –
hədəfdən ki yan ötdü!
Gün altda qovrulan qum
eləcə zulum-zulum,
eləcə için-için
ağlayır bir çiçəyin
sərin kölgəsi üçün!
İlan çalmış quşcuğaz
o cür
dünyadan köçür –
köçür sinəsi dağlı…
Ah, gitara, gitara –
beş amansız xəncərin
biçarə qurbanlığı!
MEMENTO
Öləndə –
siz məni çay qırağında
gitaramla qoşa basdırarsınız.
Öləndə…
o köhnə portağallıqda
bir gül ləçəyində siz məni yalnız.
Öləndə –
yelqovan olasıyam mən
küləkli gecələr bir dam belində.
Sükut…
mən öləndə!
AŞİQ
Aşiq,
zavallı aşiq –
otağında üzərlik yandırmışıq.
Ya get,
ya qal çar-naçar –
kilidləyib bu qapını bir açar.
Gümüş açar
qara lentdən asılıb,
lentin üstdə
üçcə kəlmə yazılıb.
Heç bilmirsən
nə yazılıb, ay yazıq!
Yazılıb ki:
“Könlüm çox uzaqdadı”.
Boş-boşuna
burda gəzmə, dolaşma
Boz küçəmin
havasına bulaşma.
Aşiq,
zavallı aşiq –
otağında üzərlik yandırmışıq.
İDİLLİYA
Nə dil tök, əzizim, nə yalvar mənə –
baharın sirrini açmaram sənə.
Mən sirri içində gizli saxlayan
sirr dolu yamyaşıl iynəyarpağam.
Elə bir ağac ki, min barmağıyla
tuşlanıb min yola, min bir cığıra.
Üz vurma, əzizim, demərəm axı
çay niyə bu qədər yavaşdan axır.
Amma sığışacaq nəğməmə, yəqin
sənin səma kimi qonur gözlərin.
Dövrəmdə rəqs edib fırlanan zaman
gen dayan iynəli yarpaqlarımdan.
Xoşbəxt əsirinə dönərəm sənin
o ehtiras dolu çılğın rəqsinin.
Amma xeyri yoxdu, qoy deyim yenə:
baharın sirrini vermərəm sənə.
DÖYÜLƏN QARAÇININ NƏĞMƏSİ
Sinirdim otuz zərbəni,
dözdüm şillə-qapazlara!
Anacığım bükər məni
Gecə gümüş kağızlara.
Aman, zalım gözətçi,
bir qurtum su ver, içim!
Sizdən iltimasım budur!
İstədiyim təkcə sudur!
Heç olmasa, bircə içim!
Heç olmasa, bircə udum!
Vurma, zalım gözətçi,
üz-gözüm qan içində!
Sən ey divanda yayxanan
üst qatdakı baş keşikçi!
Yoxmu bir ipək dəsmalın
üz-gözümü silmək üçün?!
ÖLMÜŞ UŞAĞA QƏZƏL
Hər axşam,
hər axşam bir uşaq ölür,
bir uşaq gömülür Qranadada.
Hər gecə sular da verib baş-başa
danışır bu dərddən, bu qan-qadadan.
Buludlu, buludsuz
qoşa külək var –
ölənlər hamısı yosun qanadlı.
Qüllənin başında
bir cüt qırqovul –
uşaq yarasıtək qürub da qanlı.
Göydə
qaranquşun kölgəsi qalmaz
şərab kahasında səni görüncə.
Yerdə
bulud izi, göy izi qalmaz –
çayın sularına sən gömülüncə.
Batdı sel-suyunda
güllər, köpəklər
dağların başında əriyən qarın.
Uyu bu sahildə,
sən ey buz mələk –
uyu kölgəsində ovuclarımın.
ƏNDƏLÜS DƏNİZÇİLƏRİNİN
GECƏ NƏĞMƏSİ
Kadisdən Cəbəllütariqə
uzun bir yol başlayırdı.
Yolda çəkdiyim ahları
dalğalar bir-bir sayırdı.
Malaqanın limanında
Ay qız, gəmilər azdımı?!
Kadisdən Sevilyayacan
uzanır limon bağları.
Bütün ağaclar tanıyır
mənim çəkdiyim ahları.
Malaqanın limanında
Ay qız, gəmilər azdımı?!
Sevilyadan Karmonadək
ötürdük neçə dalğanı.
Ay gümüşü bir oraqtək
küləyi kəsdi, doğradı.
Ay oğlan, qoyma dalğalar
alsın aparsın atımı!
Unutdum səni yollarda,
bada verdim ilk eşqimi.
Varsa bir ürək axtaran
uf demədən dəyişərdim.
Ay oğlan, qoyma dalğalar
alsın aparsın atımı!
Kadis,
yaxın gəlmə bura –
çəkər səni sular indi.
Sevilya,
ayaq üstə dur –
boğularsan, çay dərindi.
Di bəsdi, oğlan! Bəsdi, qız!
Bu bir yoldu, uzun yoldu!
Limanda gəmi azdımı?!
Meydan nəsə bumbuz oldu!
SANTYAQO ŞƏHƏRİNƏ MADRİQAL
Yağış yağır Santyaqoya,
qəlbim sevgilər yuvası.
Titrəyir parlaq günəşin
göydə bəyaz kamelyası.
Yağış yağır Santyaqoya
qaranlıqda həzin-həzin.
Gümüş yuxunun otları
qapayır Ayın üzünü.
Yağış yağır boz küçəyə,
daş səkilər inildəyir.
Dənizin tutqun kölgəsi
dalğın küləkdə titrəyir.
Günəş qaçıb Santyaqodan,
boz kölgəli dəniz hanı?!
İslaq səhərlərin suyu
canımda çağlayır mənim.
GİZLİ SEVGİYƏ QƏZƏL
Sənin gül çələnginə
mən bir verbena hördüm –
Vela çanından ötrü, Vela çanından ötrü.
Ayın itib-batdığı
otların arasında
Qranada elə bil zərli güləbətindi.
Bağım Kartaxenada
saraldı, soldu, getdi –
Vela çanından ötrü, Vela çanından ötrü.
Tənha yelqovanların
arxasında qızaran
Qranada elə bil yaralı bir cüyürdü.
Yandım, alışdım
sənin bədəninin odunda –
Vela çanından ötrü, Vela çanından ötrü.