“Mərkəzə gələn yoxlamaya əvvəlcədən rüşvət verilib”

“Mərkəzə gələn yoxlamaya əvvəlcədən rüşvət verilib”

“Mənə xəbərdarlıq gəlib ki, guya nizam-intizam qaydalarını pozaraq, vəzifə öhdəliklərini yerinə yetirmirəm. Məni belə şantaj edib hədə-qorxu gəlirlər”.

Bu şikayətlə “Qafqazinfo”ya “DOST” İş Mərkəzi Xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işləyən rayon sakini Elsevər Səlimov müraciət edib.

E. Səlimov iddia edir ki, buna səbəb onun işə qəbul edilmiş şəxslərin əksər hissəsinin, təxminən 80 %-nin aylıq pul verib işə gəlməmələri barədə əsaslı şikayətlər etməsidir: “4 ildir burada fəhlə işləyirəm. “DOST” İş Mərkəzi MMC-nin direktor müavini Elçin İsmayılov mayın 23-də mənə məktub göndərərək qeyd edib ki, “Təhkim olunduğunuz icraçı qurum tərəfindən aldığımız məlumata əsasən nizam-intizam qaydalarını pozaraq, vəzifə öhdəliklərini yerinə yetirməmisiniz. Nəzərinizə çatdırırıq ki, icraçı qurum tərəfindən nizam-intizam qaydalarının yenidən pozulması barədə məlumat daxil olarsa, Əmək Məcəlləsinin müddəalarına əsasən sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər”.

Həmin məktubda qeyd olunanlar əsassız və qanunsuzdur. Bununla mənə hədə-qorxu gəlirlər. Bu yalan məlumatı isə onlara Ucar Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Asəm Kərimov qərəzli olaraq verib. Şikayət ərizəm əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. İşçilər ölkədən xaricə gedib bir neçə ay orada yaşasalar da, onlara işə gəlmələri barədə qanunsuz davamiyyət yazılaraq maaş köçürülüb. Bu, korrupsiya cinayətidir. Bunu Asəm Kərimov, “briqadirlər” və “DOST” İş Mərkəzinin rəhbərliyi ilə əlbir olaraq ediblər. “DOST” İş Mərkəzinin mərkəzi ofisindən Ucara ezam olunan yoxlama aparanlarla Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi əvvəlcədən sövdələşdikləri üçün onların verdiyi siyahı üzrə “yoxlama” aparıb işə gəlməyib haqq verən şəxslərin barəsində heç bir tədbir görmürlər. Çünki ezam olunan yoxlamaya rüşvət verilib”.

Məsələ ilə bağlı “DOST” İş Mərkəzinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Elsevər Səlimov ilə Mərkəz arasında 2019-cu il aprelin 29-da əmək müqaviləsi bağlanılaraq Ucar rayon Kommunal Müəssisələri Kombinatına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunub və onunla bağlanmış əmək müqaviləsi hazırda qüvvədədir. Ucar rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Ucar Rayon İcra Hakimiyyəti, Ucar rayon Kommunal Müəssisələri Kombinatı (bundan sonra – İcraçı) və Mərkəz arasında 10 yanvar 2019-cu il tarixində bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə (bundan sonra-“Saziş”) müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. Saziş”in 4.2-ci bəndinə əsasən “İcraçı” işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istrahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların iş yerlərinin təşkilinə, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə “İcraçı” qurum birbaşa cavabdehdir. Bütün işçilər “İcraçı”nın tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər”.

Qurumdan bildirilib ki, E.Səlimovun müraciətində qeyd etdiyi məsələlər ilə bağlı Mərkəz tərəfindən Ucar rayonu üzrə keçiriləcək monitorinq tədbirləri zamanı araşdırılıb qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcək: “Səlimovun vəzifə öhdəliklərini yerinə yetirməməsi və iş yoldaşlarına qarşı nalayiq hərəkətlər etməsi ilə bağlı Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən tərtib edilən 7, 11 və 20 aprel 2023-cü il tarixli aktlara DOST İş Mərkəzinə daxil olan və Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq DOST İş Mərkəzi tərəfindən 25.05.2023-cü il tarixli 3-17-7/2-S-21693/2023 nömrəli xəbərdarlıq məktubu hazırlanaraq onun qeydiyyatda olduğu ünvana poçtla göndərilib.

İşçilərin işə davamiyyətinin yoxlanılması məqsədilə Mərkəz tərəfindən mütəmadi olaraq regionlar üzrə müvafiq qaydada monitorinqlər təşkil olunur və işçilərin işə davamiyyətinin pozulması, eyni zamanda digər analoji hallar aşkar edildikdə qanunvericiliyə uyğun olaraq tədbir görülür. Əlavə olaraq bildiririk ki, E.Səlumovun bundan öncəki oxşar məzmunlu müraciətlərinə Mərkəz tərəfindən 2 iyun 2023-cü il tarixli 3-17-7/2-S-22531/2023 nömrəli məktubla cavab verilib”. 

Lamiyə Məmmədova


Share: