Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə müraciət edib.
Moderator.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu müddəti aprelin 16-da bitir.
Qeyd edək ki, kompensasiya ödənişi barədə ilk elan 17 aprel 2017-ci il tarixində dərc edilib.
“Əmanətlərin sığortalanması haqqında” qanuna görə, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.
Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdə bu müddət əmanətçinin ərizəsinə əsasən, uzadıla bilər. Lakin bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ kompensasiya ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.