Bir dəfə xalq şairi Sabir Rüstəmxanlı Türkiyədən dönərkən ona bir bağlama gətirir. Görüşüb xalq şairinin maşınına minirlər. Şair bağlamanı ona verəndə xahiş edir ki, maşında yox, evdə açıb baxsın.O, da dözmür, deyir ki, yox, elə indi açıb baxacam. Görüm hədiyyən nədir? Nə isə, açıb baxanda görür ki, zurnadır.
Zurnanı əlinə götürüb ifa etməyə başlayır. Qapının pəncərəsi açıq olduğundan musiqi səsi ətrafa yayılır. Sabir Rüstəmxanlı ha çalışır, onu sakitləşdirə bilmir. Deyir, nəyimə lazım, məni az adam tanısa da, səni bütün ölkə tanıyır. Qoy desinlər ki, xalq şairi maşınında zurnaçalan aparır. Bəs zurna alanda fikirləşmədin ki, belə də ola bilər…
Doğulduğu Yardımlı rayonuna baş ucalığı gətirən ağsaqqallarımızdan biri də İbrahim Yusifzadədir. İstiqanlı, təvəzökar, işgüzar olmağı ilə yanaşı çox baməzə kişidir.
Musiqi duyumu güclü olduğundan gənc yaşlarından bir neçə musiqi alətini dilləndirməyi bacarır. Və hansı məclisdə iştirak edirsə gözəl çıxışları ilə hamını heyran edir, hər dəfə yeni fikir söyləyir. Bir sözlə, onunla ünsiyyətdə olan hər kəs bu yoldaşlıqdan məmnun qalır…
Ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin mühüm şöbələrindən birinə uzunmüddət rəhbərlik edib…
Bu gün İbrahim müəllimin 76 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.
Həmişə belə gümrah, belə gülərüz olasınız, İbrahim müəllim!
76 yaşınız mübarək!
Hörmətlə, Elman Eldaroğlu