“Tanınmış ziyalılar haqqında söhbətlər” silsiləsindən

“Tanınmış ziyalılar haqqında söhbətlər” silsiləsindən

 

Təşəkkür edirik, Nadejda xanım…

Ömrünün səksən altıncı ilini yaşayır. Amma hələ də qələmi yerə qoymayıb, yazıb-yaratmaq həvəsi onu tərk etməyib. Çox haqsızlıqlarla üzləşib, fəqət heç vaxt ruhdan düşməyib…

Deyir ki,- “O vaxt Nizami Xudiyev televiziyaya sədr təyin olunan kimi müavini vasitəsilə mənə bildirdi ki, fəaliyyətimə böyük hörmət bəsləsə də, hesab edir ki, telekanalın yeni proqram şəbəkəsində mənim yerimi görmür. Bax belə, yeni sədr qəribə qərarını özünə sərf edən şəkildə formalaşdırmışdı. Bu, mənim üçün böyük zərbə idi. Axı birinci iş yerim Azərbaycan Televiziyası olub. O vaxt universitetin filologiya fakültəsinin üçüncü kursunda oxuyurdum. Əyani şöbədə. Oranın jurnalistika fakültəsinin rus bölməsi olmadığı üçün bu fakültəni seçmişdim. Dərsdən sonra da televiziyaya gedirdim. Bir müddətdən sonra mənə dedilər ki, səni ştata götürmək istəyirik, amma gərək qiyabi şöbəyə keçəsən. Mən də razılaşdım. Ta 1996-cı ildə məni bu sahədən ayıran insanlar peyda olana qədər Azərbaycan Televiziyasında çalışdım…”

Onunla ilk və sonuncu dəfə məlum vertalyot qəzsında şəhid olan mərhum Vəli Məmmədova həsr etdiyimiz “Millətin Vəlisi” sənədli filminin çəkilişi zamanı görüşüb həmsöhbət olduq. Çox kübar qadındır. Əsilzadələrə xas olan davranışı ilə seçilir.

“Elə vaxt olub, mən fikirləşmişəm ki, milliyyətcə rus olmağım kiminsə xoşuna gəlməyə bilər və bu, işimə maneçilik törədər. Amma Azərbaycanda belə ovqatın qabarıq xarakter almasını təsəvvür belə etmək çətindi. Biz o vaxtlar elə süjetlər, verilişlər hazırlayırdıq ki, onların həm mövzusu, həm forması hamını cəlb edirdi. Və indiyə qədər də o layihələri xatırlayanlar az deyil. Özü də müxtəlif yaşda olan adamlar mənə yaxınlaşıb deyirlər ki, biz sizin verilişləri indi də xatırlayırıq. Mən hər dəfə bunu qeyd edirəm, bir dəfə Lənkəranda yaşlı bir azərbaycanlı qadın mənə dedi ki, rus dilini o qədər də yaxşı başa düşmürəm, amma sənin danışdığının, çəkdiyinin birini də ötürmürəm, çox vaxt da ağlayıram. Hər cür mükafatdan yüksək olan belə etirafların arxasında yəqin ki, nəsə durur – deməli, anlaşma üçün eyni dildə danışmaq yox, eyni dildə fikirləşmək vacibdi. Məncə, Azərbaycan ruhunu çox yaxşı duyuram. 90-cı illərdə istər münaqişə, istərsə də dinc bölgələrimizdə çəkilişlər aparanda çox şey gördüm. Sadə sakinlər arasında dərrakəli, ləyaqətli insanlar çoxdu. Mən həmişə ətrafımda “məhəbbət ərazisinin” varlığını hiss etmişəm. Azərbaycanlı rəfiqələrim də az deyil, azərbaycanca isə uşaq vaxtı kifayət qədər yaxşı danışırdım, sonralar nədənsə yadırğadım. Düşünürəm ki, mənim televiziyadan getməyim həmin dövrün yaratdığı şəraitlə bağlı deyildi, daha çox peşə paxıllığı ilə bağlı idi. Həmin dövr mənim üçün çox ağrılı idi. Ola bilər, mən məhəbbət bolluğundan ərköyünləşmiş insanam, halbuki uşaq vaxtı aclığın da nə olduğunu bilmişəm. Amma Rasimlə tanışlıq mənə o qədər məhəbbət verdi ki, ömrümün axırına qədər bəs edər. Əgər Rasim İsmayılov kimi ömür-gün yoldaşım olmasaydı, heç bilmirəm televiziyadakı işimdəm ayrılmağımı necə yaşayacaqdım.”- söyləyir.

Ömür-gün yoldaşı, mərhum Rasim İsmayılovu ehtiramla yad edir. Ona olan sevgisinin hələ də tükənmədiyini dilə gətirir.

Deyir ki,- “Biz AzTv-də tanış olmuşuq. Məni o vaxt yenicə işə götürmüşdülər. Rasim isə “VGİK”i bitirib, təcrübə keçmək üçün Bakı televiziyasına gəlmişdi. Ona elə Rusiyada, ya da Pribaltikada da təcrübə keçmək təklif olunmuşdu. Amma özü Bakıya gəlmək istəmişdi. Rasim sonralar xatirələrində yazmışdı ki, televiziyanın dəhlizində bu qızı ilk dəfə görən kimi başa düşdüm ki, mənim gələcək həyat yoldaşım məhz o, olacaq. Həmin gün mən işə gecikmişdim, iş otağıma isə sədr müavininin kabinetinin qabağından keçib getməli idim. Gecikməyimi gizlətmək üçün çantamı dəhlizdə qoydum, özüm isə kabinetin qabağından elə keçdim ki, elə bil bayaqdan işə gəlmişəm. Şöbə müdirindən xahiş elədim ki, çantamı gətirsin. Rasim isə sən demə, dayanıb bütün bunları maraqla müşahidə edirmiş. Xoşbəxtlikdən onu da bizim şöbəyə təyin elədilər. Bir də gördüm ki, içəri sarışın bir oğlan girdi. Elə həmin gün bir həmkarımız şöbənin işçilərini evinə qonaqlığa dəvət elədi. Rasim isə təzə işçi olmasına baxmayaraq, dedi ki, olar mən də gəlim? Sən demə, onun planı var imiş. Həmin qonaqlıqda o həmkarımız bir müddətdən bəri qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları xanıma rəsmi evlənmək təklifi elədi. Rasim məni evə ötürəndə dedi ki, bəlkə biz də evlənək? Onun hisslərindən xəbərsiz olduğum üçün bu təklif hətta xətrimə dəydi. Fikirləşdim ki, gör bir, mən ağatlı şahzadə gözləyirdim, indi isə “za kampaniyu” evlənmək təklifi eşidirəm. Sonra isə düz 43 il xoşbəxt ailə həyatı yaşadıq. Həyatımın xoşbəxt anları yalnız Rasimlə bağlıdı. Bizim ailə həyatımız elə ülvi hisslər üzərində qurulmuşdu ki, dost-tanışlarımızın bir çoxu bizdən nümunə götürürdülər. Biz ruhən o qədər yaxın olmuşuq ki, vəfatından illər ötməsinə baxmayaraq, indi də onu yanımda hiss edirəm, o, indi də mənə kömək edir…”

Ərinin ölümündən sonra axirət dünyasına inanmağa başlayıb. Bir dəfə qızı Cəmilə səhər tezdən İtaliyadan zəng edərək ona deyib ki: “Atamı yuxuda gördüm, yuxuda onunla telefonla danışırdım. Atamın səsini lap aydın eşidirdim, məndən soruşdu ki, sizin üçün Yeni il hədiyyəsi seçə bilmirəm, nə istəyirsiz, de, alıb göndərim. Dedim ki, bizim üçün ən böyük hədiyyə səni görməkdi, ünvanı de, gələk. Atası isə cavab verib ki, yox, sizə bura gəlmək olmaz, heç burdan zəng də eləmək olmaz, mənə hörmət eləyib icazə veriblər…”

Bütün xatirələri Rasim İsmayılovla bağlıdır. Necə deyərlər, adı dilindən düşmür.

“Rasim vətəndən uzaqda yaşamağa meylli insan deyildi. Halbuki bunun üçün kifayət qədər geniş imkanları var idi. Səyahəti çox xoşlayırdı. Sovet vaxtı birlikdə dünyanın az qala yarısını gəzmişdik. Hər dəfə də Bakıya çatanda Abşeronun havasını, Xəzərin neft qoxuyan ətrini hərisliklə ciyərlərinə çəkirdi. Mən onun bu cəhətini həmişə yüksək qiymətləndirmişəm. Azərbaycanı pafosla, hirslə tərk edən cavanlara həmişə deyirəm ki, doğulub boya-başa çatdığın torpaqdan belə üz döndərmək olmaz, gedirsiniz, gedin, daha belə acıqlı-acıqlı danışmaq nəyə lazımdı? Axı günah torpaqda deyil ki, siz burda öz yerinizi tapa bilməmisiniz, günah yaranmış şəraitdədi. O illərdə Rasimə Estoniyadan, Moskvanın Qorki adına kinostudiyasından dəvətlər oldu. Özü də tam real dəvətlər. Rasim müstəsna dərəcədə bacarıqlı operator olmaqdan başqa rejissor kimi də elə təkcə “Şir evdən getdi” filmi ilə ən görkəmli, ən müxtəlif aktyorlarla işləmək, baxımlı film yaratmaq bacarığını sübut etmişdi. Ümumiyyətlə, indiyə qədər Rasimin işlərinə bərabər ola biləcək nümunə tapmamışam. Mən istəyirdim ki, o, dəvətləri qəbul edib, yenidən öz işi ilə məşğul olmaq üçün imkan qazansın. Hətta bir müddət özü də buna hazır olduğunu sandı. Amma bir gün mənə dedi ki, Bakıdan köçüb-getsəm, ölərəm. Mən də dedim ki, onda bu söhbəti bağlayaq, sən mənə diri lazımsan.
Qarabağ məsələsi başlayanda isə onu burdan heç bir qüvvə çıxarda bilməzdi. Belə sarsıntılar fəsadsız keçib-getmir, mütləq sağlamlığa təsir edir. Rasim dörd gün “koma”da qaldı. Mən özümü elə aparırdım ki, elə bil hər şey yaxşı olacaq, sonun çatdığını qəbul eləyə bilmirdim. Nəhayət, bir gün mənə dedilər ki, dəfn yerini müəyyənləşdirməliyəm.”- söyləyir.

Bəli, haqqında söhbət açdığım ssenari müəllifi və kino redaktoru kimi yaddaşlarda yer alan əməkdar jurnalist Nadejda İsmayılova çox mehriban, geniş dünyagörüşünə malik, parlaq istedadlı və sədaqətli xanımdır. Xatirələrini elə şərh edir ki, olub keçənlər sanki kino lenti kimi gözlərində canlanır. Bir vaxtlar mavi ekranlarda tez-tez görünən bu xanım, öz gözəl verilişləri ilə bizi çox maarifləndirib. Uzun illər bu verilişləri sevə-sevə izləmişik.
Bəlkə də mənimlə həmfikir olan insanlar da var. Düşünürəm ki, haradsa, qəlbimizin dərinliyində ona təşəkkür borcumuz qalıb. Yəqin ki, bu borcu ödəməyin zamanı çatıb. Axı insan ömrü elə də uzun deyil…

Azətbaycan jurnalistikasında misilsiz xidmətlərinizə görə sizə təşəkkür edirik, Nadejda xanım. Çox yaşayın!

Elman Eldaroğlu

Share: