İl 2023, Heydər Əliyev dərs keçdi…

İl 2023, Heydər Əliyev dərs keçdi…

Heydər Əliyev Mərkəzinə “İz”i izləməyə getmişdik. Sənədli filmin sonunda belə qənaətə gəldim ki, Ümumilli lider Heydər Əliyev 52 dəqiqə tribunadan çıxış etdi, biz də dinlədik. Müəlliflər müasir Azərbaycanın tarixini 52 dəqiqəyə sığdıra bilmişdilər. Və bu tarixin hər parçasında Heydər Əliyevin izi var idi…

Filmə baxa-baxa özümü yenidən lap 5-ci sinifdə oxuyan, ilk dəfə “Azərbaycan tarixi” kitabını əlinə alan məktəbli kimi hiss etdim. “Azərbaycan tarixi” də, “Ümumi tarix” də, elə “Zəfər tarixi” dərslikləri də bu sənədli filmdə cəmləşmişdi.

Baş müəllim qismində isə qarşımızda həmin tarixi yazan Heydər Əliyevin şəxsən özü dayanmışdı. Vəzifəsindən, rütbəsindən, statusundan asılı olmayaraq, zalda əyləşən iri ranqlı məmurlardan tutmuş, incəsənət nümayəndələrinə, siravi vətəndaşlara qədər hər kəs auditoriyada mühazirə dinləyən tələbələr kimi idi. 

Zalda tez-tez səslənən alqışlardan da aydın olurdu ki, heç kimin əlində dəftər-qələm yox idi, hamı ürəyini götürüb gəlmişdi. Axı bu, həm də yazılan tarixin şifahi mühazirəsi idi. Mövzu heç kimin dana bilməyəcəyi faktlarla, sübutlarla, fotolarla təqdim olunurdu. 

Filmin, daha doğrusu, dərsin sonlarına yaxın Heydər Əliyev kiçik bir tənəffüs götürür. Bu məqamda belə başa düşürəm ki, bu kiçik tənəffüs onun bəlkə də Azərbaycana xidmətləri dövründə ən uzun məzuniyyəti və ya  ya istirahətidir.

Tənəffüsdən faydalanan Heydər Əliyev auditoriyada onu diqqətlə dinləyən tələbələrə səmimi etiraf edir:

“Bəzən düşünürəm ki, mən də insanam axı… Mənim də həyatım var, mən də yaşayıram. Məni öldürmək istəyən də olubdur. 87-ci ildə Moskvada böyük çaxnaşmalardan istefa verəndən sonra başıma nə bəlalar gəldi. Məni orada əzmək istədilər, həbs etmək istədilər, boğmaq istədilər, boğa bilmədilər. Getdim Naxçıvanda ucqar yerdə yaşadım, orada boğmaq istədilər, boğa bilmədilər. Əcaba, nə cür olur ki, bir belə xəyanətkar, bir belə terrorçu, bir belə qəsd edənlər öz istəklərinə nail ola bilmirlər. Məni Allah qoruyur”. 

Film Heydər Əliyevin “Mənim özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq” cümləsi ilə başlamışdı. Filmin sonunda isə Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşaya gəlir. Heydər Əliyevin izi ilə…

Emin Səfərov


Share: