Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü olub — Foto

Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü olub — Foto

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında 2021-ci ildən etibarən sayca 5-ci üçtərəfli görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Rusiyanın Baş prokuroru İqor Krasnov həmkarlarına Azərbaycan və Erməni xalqlarının ümumi rifahı naminə regionda sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib. 

Bundan başqa, üçtərəfli formatın səmərəliliyi qeyd edilməklə regionda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilib.

Kamran Əliyev Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirərək mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının, eyni zamanda ətraf mühitin qorunmasında əhəmiyyətini diqqətə çatdırılmaqla bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edib.

Baş prokuror bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki əsgərimizin əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistanın hərbçiləri tərəfindən əsir götürüldüyünü, onlara qarşı saxta sübutlarla cinayət təqibi aparıldığını, habelə iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olunmasına maneə olduğunu bildirib.

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilməklə gələcəkdə gərginliyə səbəb ola biləcək halların qarşısının alınması üçün preventiv tədbirlərin  gücləndirilməsi ilə bağlı əldə olunan razılaşmanı bir daha dəstəkləyiblər.


Share: