“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Biləsuvar şəhəri, Heydər Əliyev Mərkəzində Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri ,qazilər, gənclər və KİV nümayəndələri iştirak edib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin təşkil olunmasının əsas məqsədi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaq, onların xatirəsini daima qürurla, ehtiramla yad etməkdir.
Vətən müharibəsi veteranı, Anar Nəhmətov qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, hərbi tərbiyəsində böyük rolundan danışıb. Bu cür qəhrəmanlıq salnaməsinin gənclər arasında təqdimatının əhəmiyyətini vurğulayıb.
Tədbirdə şəhidin döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub.
Şəhidin həyat səlnaməsini əks etdirən “Əfsanəvi kəşfiyyatçı” adlı xatirə kitabı rayon ictimaiyyətinə təqdim edilib.
Tədbirin bədii hissəsində Əməkdar artist Sevinc Sarıyevanın ifasında vətənpərvərlik mahnıları səslənib.