Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə heyətinin sədri Ülkər Səttarova Agentliyin fəaliyyət istiqamətləri, xarici diplomların tanınması qaydaları, tələb olunan rüsumlar, Akkreditasiya Şurasının qəbul etdiyi qərarlar və digər məsələlərlə bağlı sualları cavablandırıb.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
– Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əsas fəaliyyət istiqamətləri hansılardır?
– Prezidentin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə uyğun olaraq, Agentliyin ölkədə effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətinin təşkil edilməsi, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılması, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsi məqsədilə üç əsas fəaliyyət istiqməti var. Bunlar, təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasıdır. Eyni zamanda, Agentlik təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlayır və təlimlər təşkil edir, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil edir. Təhsil sisteminin və bu sahədə dövlət standartlarının davamlı inkişafının, təhsil müəssisələrinin nüfuzunun və mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasının təşviq edilməsində, təhsil fəaliyyətinin lisenziyalaşdırılması məqsədilə rəy verilməsində iştirak etməklə yanaşı, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək Agentliyin əsas vəzifələrindəndir.
– Bir müddət əvvəl Akkreditasiya Şurasının yeni tərkibdə ilk iclası keçirildi. Bu haqda nə deyə bilərsiniz?
– İclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib. Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin isə institusional akkreditasiya nəticəsinin “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması qərarı alınıb. Ali Təhsil Müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya prosesin təşkil edilməsi gözlənilir. Əlavə olaraq, (“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.3.3. digər dövlət qurumları tərəfindən təhsil müəssisəsində yoxlamalar aparıldıqda yarımbəndi ilə əlaqədar olaraq) Naxçıvan Dövlət Universitetində institusional akkreditasiyanın 2024-cü ildə keçirilməsi ilə bağlı təklif qəbul olunub. Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur. İclaslarda təhsil və ya müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də, tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
– Xaricdə əldə etdiyi kvalifikasiyaların ölkə ərazisində tanınmasını istəyən şəxslər nə etməlidir?
– Həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər xarici ölkələrdə əldə etdikləri ixtisasları Azərbaycan ərazisində tanıtmaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada (www.tkta.edu.az) müraciət etməlidir. Tanınma üçün müraciət edən şəxslər tələb olunan sənədləri müvafiq qaydada elektron sistemə yüklədikdən sonra müraciətlərini təsdiq etməlidir. Daha sonra təsdiq olunmuş müraciət TKTA tərəfindən icraata götürülür və müvafiq ekspertiza aparılır.
– Xaricdə əldə etdiyi kvalifikasiyaların ölkə ərazisində tanınması zamanı peşə tanınması hansı formada həyata keçirilir?
– Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli, 34 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiqlənib. Həmin Qərarın əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycanda mövcud olan uyğun kvalifikasiya üzrə peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilməlidir. Bunun üçün ərizəçidən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
– Xaricdə natamam ali təhsil alan şəxslər təhsillərinin qalan hissəsini Azərbaycanda davam etdirmək üçün nə etməlidirlər?
– “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq, təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün elektron qaydada (www.tkta.edu.az) Agentliyə müraciət etməlidirlər. Ərizəçilərin kvalifikasiyaları qismən tanındıqdan sonra onlar Azərbaycanda ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ əldə edirlər.
– Xarici ali təhsil müəssisələrində fərdi, qrafik üzrə, distant və ya eksternat təhsilalma formaları üzrə təhsil almış şəxslərin kvalifikasiyaları ölkə ərazisində tanınırmı?
– Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalar”na uyğun olaraq Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, distant (onlayn) və eksternat təhsilalma forması nəzərdə tutulmamadığından qeyd olunan təhsil formaları üzrə xaricdə təhsil almış almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir.
– Vətəndaşlar qarşılaşdıqları suallar və ya çətinliklərlə bağlı hara və nə formada müraciət edə bilər?
– Vətəndaşların diqqətinə çatdırmaq istərdik ki, müraciət zamanı yaranmış və ya qarşılaşdıqları hər hansı sual və çətinliklər ilə bağlı, adını, soyadını və ata adını qeyd etmək şərtilə, [email protected] ünvanına elektron məktub göndərə və ya 146-8 çağrı mərkəzinə zəng edə bilərlər.
– Qeyri-formal və informal təhsilin tanınması necə həyata keçirilir və bu zaman hər hansı ödəniş tələb olunurmu?
– Agentliyin fəaliyyət istiqamətlərindən biri olan Qeyri-formal və informal təhsilin tanınması yalnız bilik, bacarıq və səriştələrin qiymətləndirilməsi formasında təşkil olunur. Nazirlər Kabinetinin 5 avqust 2020 tarixli, 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”na uyğun olaraq qeyri-formal və informal təhsilin tanınması xidməti TKTA tərəfindən həyata keçirilir.
Sözügedən xidmət Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixli 508 nömrəli Qərarına əsasən ödənişlidir, bununla bağlı vətəndaşlardan müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üzrə 80 AZN məbləğində ödəniş tələb olunur. Tələb olunan sənədlər barədə isə TKTA-nın rəsmi internət səhifəsində müvafiq bölmədə ətraflı məlumat verilib.
– Qeyri-formal və informal təhsilin tanınması zamanı imtahanlar hansı formada təşkil olunur və qiymətləndirmə necə aparılır?
– Ərizəçilərin diqqətinə çatdırmaq istərdim ki, imtahanlar iki formada həyata keçirilir: nəzəri və praktiki. Nəzəri imtahanlar test formasında olur və ərizəçilərin bilikləri qiymətləndirilir, praktiki imtahanlar isə praktiki tapşırıqları əhatə edir və ərizəçilərin bacarıq və səriştələri qiymətləndirilir. İmtahan zamanı suallar baza modullarını əhatə edir. Ərizəçi qeydiyyat bölməsində hər ixtisas üzrə tərtib edilmiş metodik vəsait hissəsinə daxil olaraq modullarla tanış ola bilər. Hər bir modul üzrə 10 sual olur və hər düzgün cavab 1 balla qiymətləndirilir. Birinci, yəni nəzəri imtahanda sualların 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi ikinci imtahana yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində tapşırığın ən azı 50 faizini düzgün icra edən ərizəçi “məqbul”, 50 faizindən az hissəsini düzgün icra edən ərizəçi isə “qeyri-məqbul” alır. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində qeyri-məqbul nəticə göstərən ərizəçi eyni modul üzrə qiymətləndirilmə üçün Agentliyə 6 (altı) aydan sonra təkrar müraciət edə bilər. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində “qeyri-məqbul” nəticə göstərən ərizəçi istəyindən asılı olaraq, müvafiq peşə təhsili müəssisələrində təlim prosesinə yönəldilir. İmtahan nəticələri ilə razılaşmayan ərizəçilərin müraciətlərinə baxılması üçün Agentlik tərəfindən Apelyasiya Komissiyası yaradılır və məsələyə yenidən baxılır.
– Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlar hazırlayan assosiasiyanın İdrarə Heyətinin üzvü seçilmisiniz. Eyni zamanda, Astanada keçirilən Baş Assambleyada növbəti Baş Assambleyanın Bakıda keçirilməsinə aid qərar qəbul olunub. Bu uğurlarınızla bağlı sizi təbrik edirik.
– Bəli, CEENQA-nın İdarə Heyətinin üzvü seçilmək mənim üçün çox xoş və qürürvericidir amma bu mənim şəxsi uğurum yox, bütün təhsil sistemimizin uğuru kimi qəbul edilməsi daha ədalətlidir. Ümid edirəm, bu kimi xəbərlərin tez-tez şahidi olacağıq. Sizə və oxucularınıza təşəkkür edirəm.