“Amazon”un Fransadakı anbarını siçanlar “zəbt etdi”

“Amazon”un Fransadakı anbarını siçanlar “zəbt etdi”

“Amazon” şirkətinin Fransanın Orlean şəhəri yaxınlığındakı anbarı uzun müddətdir “siçanların işğalı”na məruz qalıb.

Bununla bağlı görüntülər Fransanın BFMTV kanalında yayımlanıb.

Kadrlarda şəhərin Saran rayonunda qida məhsulları da daxil olmaqla “Amazon”un satışını həyata keçirdiyi məhsulların saxlandığı anbar əks olunub və qutuların arasında rahat şəkildə qaçan siçanlar görüntülənib.

Bəzi qida məhsullarının olduğu qutularda ölü siçan balaları gözə dəyib, bəzi hissələrdə isə çirklilik diqqət çəkib.

Xəbərdarlıqlara baxmayaraq, aylardır həllini tapmayan bu problem həm işçilərin, həm də müştərilərin sağlamlığı üçün təhlükə yaradıb.

Sözügedən anbarda çalışan şirkətin əməkdaşı xəstəliyə yoluxmaqdan qorxduqlarını və səlahiyyətlilərin vəziyyətlə o qədər də maraqlanmadıqlarını bildirib.

İşçilərin həmkarlar ittifaqının nümayəndələrindən Jan-Silver Guillonun sözlərinə görə, anbardakı siçanlardan xilas olmaq üçün görülən tədbirlər nəticə verməyib və daha təsirli həll yollarına ehtiyac yaranıb.

“Amazon” isə öz növbəsində zərərvericilərlə mübarizə qrupunun dəfələrlə anbarda çalışma apardığını, siçanların təmas etdiyi heç bir bağlamanın müştərilərə göndərilmədiyini iddia edib.

Mənbə: Haber Global

Share: