“WhatsApp” istifadəçilərə naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verən yeni təhlükəsizlik funksiyaları əlavə edib.
Bu barədə mesencerin bloqunda deyilir.
“WhatsApp” nümayəndələri izah ediblər ki, zəngləri və yazışmaları qorumaq üçün əsas tədbir kimi “başdan-sona” (“end-to-end”) şifrələmə xidməti qalır, lakin ekspertlər istifadəçilərin ünsiyyətini qorumaq üçün daha bir funksiya əlavə ediblər.
Beləliklə, bu funksiyalara naməlum nömrələr üçün səsi söndürmək və məxfilik yoxlaması daxildir.
Birinci funksiya avtomatik olaraq spamları, həmçinin fırıldaqçılardan və yad adamlardan gələn zəngləri filtrasiyadan keçirəcək. Səsin söndürülməsinə baxmayaraq, “Zənglər” bölməsində onların arasında vaciblərin olub-olmadığını görmək mümkündür.
İkincisi, istifadəçilərə mesencerdə özlərini necə qorumaq barədə məlumat vermək üçün məxfilik yoxlanışı əlavə edilib. Onun köməyi ilə tədricən bütün məxfilik parametrlərini öyrənmək, beləliklə də mesajlar, zənglər və şəxsi məlumatlar üçün müvafiq qoruma səviyyəsini seçmək mümkündür.