Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin 20 iyun 2023-cü il tarixli iclasında iştirak etmək üçün Türkiyənin Rizə şəhərində səfərdədir.
“Qafqazinfo” Belediyye.info-ya istinadən xəbər verir ki, iclasın ilk hissəsində Rizə (Türkiyə) və Tüp (Qırğızıstan) bələdiyyələri arasında “Qardaş şəhər” protokolunun imzalanma mərasimi keçirilib.
Daha sonra idarə heyətinin iclasında 2023-cü ilin 21 mart – 20 iyun tarixlərində TDBB tərəfindən görülən işlər haqqında məlumat verilib. İclasın ən önəmli məsələlərdən biri “Türk Dünyasının Mədəniyyət Paytaxtının” Bursa Böyükşəhər Bələdiyyəsindən Şuşa şəhərinə (Azərbaycan) verilməsi olub. Bu məqsədlə TDBB rəsmiləri mayın 12-də Şuşada keçirilən “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimində iştirak edib.
İclasda həmçinin qarşıdakı müddət ərzində TDBB-nin dəstəyi ilə üzv dövlətlərdə müxtəlif layihələrin keçirilməsi və bir sira sosial-iqtisadi sahələrə yardımların göstərilməsi ilə bağlı proqramlar barəsində məlumatlar müzakirə edilib.
İclasda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev çıxış edib. O, çıxışında Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi köklərə bağlı olduğunu vurğulayaraq, tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olduğunu bildirib: “Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olub”.
İdarə heyətinin üzvü olaraq Təmraz Tağıyev Türkiyədə keçirilən demokratik seçkilər münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Tədbrin sonunda, assosiasiya sədri xüsusi olaraq toxunan xalçaları ev sahibi olan Rizə bələdiyyəsinin sədri Rahmi Metine və TDBB-nin sədri Uğur İbrahim Altaya təqdim edib.
İdarə heyətinin iclasında həmçinin AŞBMA-nın məsləhətçisi Rövşən Məmmədov da iştirak edib.
Qeyd edək ki, Təmraz Tağıyev TDBB-nin İdarə Heyətinin üzvüdür. Ümumi olaraq TDBB-nin 30 ölkədən mindən çox üzvü var. Birlikdə Azərbaycandan olan üzvlərin sayı 289-dur. Birliyə üzv olan ölkələr sırasında Albaniya, Fələstin, Bosniya və Herseqovina, Qazaxıstan, Şimali Kipr, Monqolustan, Pakistan, Özbəkistan, Qırğızıstan və bir sıra digər Türk dövlətləri vardır. TDBB-nin sədri Uğur İbrahiim Altay isə həmçinin Konya Böyükşəhər bələdiyyəsinin sədridir.