6-cı Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri açıqlandı

6-cı Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri açıqlandı

İyunun 22-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.

İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.

Qaliblərə mükafatlar “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində təqdim ediləcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Müsabiqəsinin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan “Songlines” jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan “Soqdiana” Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat olub.

Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılmışdı. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib. Özbəkistan bu müsabiqədə çox fəal idi. Seçimlər ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb.

Qeyd edək ki, “Muğam aləmi” 6-cı Büynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib.

Share: