Bakıda daha bir tələbə porno səhifəyə görə cəzalandırıldı

Bakıda daha bir tələbə porno səhifəyə görə cəzalandırıldı

Teleqram sosial şəbəkəsində pornoqrafik səhifələr yaradan və ödəniş müqabilində səhifələrinə üzvlər qəbul edən daha bir tələbə cəzalandırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağsu sakini, 1999-cu il təvəllüdlü E.Əliyev (şərti) Cinayət Məcəlləsinin 171-1.1 və 242-ci (Uşaq pornoqrafiyası və pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə məsuliyyətə cəlb edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan həmin şəxs barədə toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası şərti hesab edilməklə 1 il 6 ay sınaq müddəti təyin edilib.

Araşdırmalar zamanı məlum olub ki, tələbə sosial şəbəkələrdən topladığı, əsasən zorlama, zoofil və uşaq pornoqrafiyasına aid pornoqrafik görüntüləri 2022-ci ilin avqust-dekabr ayları arasında teleqramda yaratdığı “****hub” və digər iki səhifədə yerləşdirib. O, yerləşdirdiyi görüntülərə marağın olması, bəzi üzvlərin ondan daha fərqli videolar tələb etməsindən sonra səhifələrini qapalı edib və ödəniş edən şəxslər üçün kanalı açırmış. Bunun müqabilində E.Əliyev hər üzvdən 10-20 manat pul alırmış. O bank kartını həmin şəxsə göndərərək pulu hesabına köçürməsini istəyirmiş və daha sonra açıq linki həmin şəxsə göndərirmiş.

Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyətini, onun ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunması və oxuduğu universitetin savadlı tələbəsi olmaqla ingilis dilində təhsil alması, gəncliyi, gələcək həyatı, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınıb. Bu səbəbdən E.Əliyevə şərti cəzanın verilməsi qərara alınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daha bir tələbə oxşar əməllərə görə cəzalandırılmışdı.

Nizam Rza


Share: