Sevdiyi qıza görə tələbə yoldaşını döyən Xalq şairi

Sevdiyi qıza görə tələbə yoldaşını döyən Xalq şairi

Bu gün Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Uşaqlığı kitabların arasında keçib. Sabiri, Mirzə Cəlili elə o zamanlar oxuyubmuş. Bir də gül əkməyi sevərmiş. Həyətdəki bütün gülləri o əkibmiş.

***

Yaradıcılığa da “Kitab” şeiri ilə başlayıb. Bu şeiri 16 yaşında yazıbmış.

***

Gələcək həyat yoldaşı Firəngiz 1-ci kursda, Xəlil isə 4-cü kursda oxuyurmuş. Qızın bacısı şairlə bir yerdə oxuyurmuş. Tez-tez bacısının yanına gələn bu xanım şairin xoşuna gəlir, onun arxasınca düşür. Düzü, bu, xanıma narahatlıq versə də, bir yandan da Xəlilin cəsarəti diqqətini çəkmişdi. Xəlil məktublar yazır, o isə gecə hamamda gizlicə oxuyurmuş.

Oğlunun dəfnində gəlinini təbrik edən Xalq şairi

***

Xəlil Rzanın tez-tez Firəngizin oxuduğu auditoriyada görünməsi oğlanların xoşuna gəlmir. Mübahisələr, söz-söhbətlər… Bir dəfə isə Firəngizin qrup yoldaşlarından birini döymüşdü. Bu böyük problemlər yaratmışdı, onun universitetdən qovulması məsələsi gündəmə gəlmişdi. Sonra rektor Əlövsət Quliyev hər iki tərəfi barışdırıb məsələni həll etmişdi.

***

Qız dəqiq cavab vermirdi, Xəlil də onun arxasınca düşməyə davam edirdi. Amma bu da xoş deyildi, qohumları görə bilər, qız üçün problem yarana bilərdi. Axırda qız məsələni anasına danışır. Anası da atasına deyir və ata da Xəlilin elçi göndərməsini istəyir. Ardını müsahibəsində belə danışır: “Sonra Xəlilgil elçi gəldi. Anam da istəyirdi ki, mən öz nəslimizdən olan həkimə gedim. Eyni vaxtda həm Xəlilgil, həm də anamın qohumları elçi gəldi. Birini öz evimizdə, birini də qonşunun evində əyləşdirdilər. Mənlə söhbət etdikdən sonra atama cavabımı dedim”. Cavab təbii ki, Xəlil Rza olub.

***

Milli azadlıq hərəkatı vaxtı Xəlil Rza təkcə rus millətçiləri ilə deyil, rus sözləri ilə də mübarizə aparırdı: danışığında rus sözlərindən istifadə edənləri cərimələyirdi. Və toplanan pul şairlərin yeyib-içmək məclislərində xərclənirdi.

Xəlil Rza Ulutürkün həyat yoldaşı məhkəmədə ifadə verdi

***

Soyadlardakı “ov”, “yev” hissəciyindən imtina etmişdi. Adamları da o cür çağırırdı. Misal üçün, Sabir Əhmədov yox, Sabir Əhməd, İsa Hüseynov yox, İsa Hüseyn…

***

Doğma dilimizdə təmiz danışa bilməyən adamlar üçün hər yabançı sözə görə 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı adamlar üçün isə 1 manat verərdi.

***

Yeni sözlər yaratmağın təşnəsiydi. Məsələn, bir dəfə metro sözünün qarşılığını tapmışdı. Bir dəfə harasa tələsən gənc yazarlar üzünü Xəlil bəyə tutub soruşublar:

– Ustad, nəylə gedəcəyik? Taksiyləmi?

Xəlil Rza:

– Xeyir! Lağımla!

***

Xəlil Rzanın arxiv səliqəsi və gündəliyi dillərdə dastandır. O, demək olar ki, hər şeyi qeyd edirdi. Həyat yoldaşı Firəngiz xanım bu gündəlikləri yığıb çap etdirirdi. Hətta qızıllarını satıb şairin kitablarına xərcləmişdi.

Oğlunun dəfnində gəlinini təbrik edən Xalq şairi » ZİM.Az | "ZİYA"  İnformasiya Mərkəzi

***

Bir gün həmyerlisi şair Əlisəmid Kür ondan borc almağa gedir. Fikirləşir, 100 manat desəm, verməz, 50 deyim. Və o cür də edir. Xəlil Rza bir topa onluq çıxarıb üstündən beş dənə sayır, stolun üstünə qoyur və dəftərinə nəsə qeyd edir. Əlisəmid onun cibində pulun çox olduğunu görüb deyir:

– Xəlil müəllim, əslində mənə yüz lazım idi, dedim birdən olmaz, ona görə əlli dedim. İmkandırsa, beşini də qoy üstünə.

Xəlil Rza:

– Olmaz!

Əlisəmid:

– Niyə?

Xəlil Rza:

– Gündəliyə 50 yazdım! Dəftəri qaralaya bilmərəm.

***

Universitetdə müəllim olduğu vaxtlarda tələbələr onu çox sevir, hətta evinə qədər ötürürdülər. Dərs keçdiyi zaman İsmayıl Şıxlı öz tələbələrini onun auditoriyasına gətirirdi.

***

Gənc bir şair Xəlil Rzaya yaxınlaşıb əlini uzadır və amiranə səslə deyir:

– Təvəkkül Yanar!

Xəlil Rza onun əlini sıxaraq gülümsünür:

– Xəlil Rza söndürər.

***

Xəlil Rza Yazıçılar Birliyinin iclasında çıxış edəndə çoxu o iclasdan qaçırdı…

Xəlil Rza ULUTÜRK - Azadlıq Həsrəti | səs.: Xumar Qədimova - YouTube

***

Bir dəfə evlərinə gələn adam telefon düzəltmək adıyla içəriyə dinləmə cihazı qoyur. Yazıçılar İttifaqından bir nəfər zəng edib şairin həyat yoldaşına diqqətli olmalarını söyləyir: “Ehtiyatlı olun, sizin bütün danışdıqlarınızı dinləyirlər”. Bu hadisənin üstündən xeyli vaxt ötür, Xəlil Rzaya Əməkdar incəsənət xadimi adı verirlər. Həmin adam Xəlil Rzanın evinə gəlir və xanımından üzr istəyir:

– Bağışlayın, Xəlil müəllimdən üzr istəyirəm, məni məcbur elədilər.

***

Hansısa görüşdə emosional vəziyyətdə şeir oxuyan Xəlil Rza gözlənilmədən vəcdə gələrək, köynəyinin yaxasını cırır. Görüşdən sonra tədbiri təşkil edənlər deyirlər, şair, tələsmə, sənə köynək alıb gətirək. Xəlil Rza diplomatını açır, içindən təzə köynək çıxarıb deyir:

– Narahat olmayın, özümdə ehtiyat var.

***

60-cı illərdə Azərbaycan Yazıçılar İttifaqında bütün vəzifələri tutan titullu yazıçılar haqda Xəlil Rza bu ifadəni işlədirdi: “İribuynuzlu feodallar” Onun məşhur ifadələrindən biri də “Boşqab dibi yalayanlar” idi. “Maygülü” ifadəsindən də tez-tez istifadə edirdi.

***

Xəlil Rza Gəncədə yaşayıb işləyən füzulişünas-alim Sabir Əliyevlə Bakıda gəzirmiş. Tanışlardan kimi görürsə, Sabir müəllimi uzun-uzadı təqdim edir. Bir dəfə, iki dəfə, beş dəfə… Axırı bezib deyir:

– Sabir, səni tanıtmaqdan yoruldum, sən canın məşhurlaş, canım qurtarsın!

***

1990-cı ildə Xəlil Rzaya dövlət ev verir. Xəlil Rza deyir:

– Mənə evi sovet KQB-si verdi… Qorxusundan!

Xəlil Rza Ulutürk | Fictional characters, Character, Art

***

Xəlil Rza bir neçə tanınmış şairlə Qarabağdan qaçqın düşmüş Pedaqoji Universitetin Şuşa filialına – tələbələrin görüşünə gedir. Ağır vəziyyətdə oxuyan tələbələr peşə məktəbinin uçuq-sökük binasına sığınmış universitet üçün aidiyyatı yerlərdən kitab və mebel alınması işində şairlərdən kömək istəyirlər. Hamı söz verir ki, bu problemin həllində onlara yardım edəcək, bircə Xəlil Rzadan səs çıxmır. Tələbələrsə ondan cavab gözləyirlər. Şair axırda dilə gəlir:

– Söz vermirəm. Birdən, bacarmaram, yanınızda yalançı çıxaram.

***

Xəlil Rza Lefortovo həbsxanasından gələndən sonra Ulutürk adını alıb. 1960-cı illərdən başlayaraq onu inqilab şairi kimi tanıyırdılar.

***

Lefortovo zindanından çıxdığı gün dostunun evinə gedir. Dostunun balaca qızı onun uzanmış saqqalına, pərişan halına baxanda Xəlil Rza deyir:

– Qızım, məni Füzuli roluna çəkirlər, ona görə belə saqqal uzatmışam.

***

60-cı illərdə onu işlədiyi Pedaqoji Universitetdən uzaqlaşdırırlar. Universitetin rektoru Xəlili çağırıb deyir: “Bizə tapşırıq verilib ki, səni tələbələrin içinə buraxmayaq. Ən yaxşı müəllimlərimdən birisən, ürəyim ağrıyır”. Rektor deyir ki, səni birdəfəlik çıxara bilmərəm. Sənə kömək edə bilərəm ki, sən doktorluq ezamiyyətinə gedirsən. Belə bir ərizə yaz mənə. Xəlil də ərizəni yazır.

***

Image result for Xəlil Rza Ulutürk

Yəqin indi gənclərin çoxu bilmir ki, Xəlil Rzanın “Davam edir 37” şeiri 90-cı illərin əvvəllərində bir telekanalın görə bilmədiyi işi görmüşdü. Bu şeiri əlyazmada əl-əl gəzdirir, yüz minlərlə adam əzbər bilirdi.

***

Xəlil Rza şəhid olan oğlu Təbrizin dəfnində çıxış edərək deyir:

– Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə!

***

Xəlil Rzanın oğlu Təbrizin dünyaya gəlişi münasibəti ilə yazdığı şeiri diqqətlə oxuyanda onun şəhid olacağını sezmək olur. Bu, bir mistika olsa gərək.

Qoy sənə doğulan günəş deyim ki,

Nurunla açılan al səhərəm mən.

Yeddi il yol gələn, a mənim ilkim,

Gəldiyin yollara gül düzərəm mən.


Özüm də bilmirəm nə işdir bu iş,

Yerdənmi, göydənmi tapmışam səni.

Bəlkə də səni heç tale verməmiş,

Taleyin əlindən qapmışam səni.


Sən – bu gün sevincim, qanadım-qolum,

Dünən ürəyimə dağ olmusan sən.

Heç ana bətninə düşməmiş, oğlum.

Bu ata könlümdə doğulmusan sən.


Özün də bilmirsən öz qiymətini,

Döyüş səngərimsən, qalamsan mənim.

Bir evin qeyb olmuş səadətini

Min evə qaytaran balamsan mənim.


Ən böyük sevincsən, ən müqəddəs qəm,

Məni od içinə atan Təbrizim.

Üzünə baxanda balam deyirəm,

Adını çəkəndə – atam Təbrizim.


Mən səni görəndə çırpınır qəlbim,

Deyirlər naşıyam, görməmişəm mən.

Alıram boynuma niyə gizlədim,

Sənin tək səadət görməmişəm mən.


Anan süd veribdir fəqət mən sənə.

Köksümdə közərən odu vermişəm.

Seçib milyon-milyon adlar içindən,

Dünyada ən gözəl adı vermişəm.

***

Xəlil Rza Fəxri Xiyabanda dəfn olunanda bir nəfər qaranəfəs özünü çatdırıb qışqırır:

– Əl saxlayın! Onu burda dəfn eləməyin! Xəlil Rza şəhid olub! Onun yeri Şəhidlər Xiyabanıdır.

Share: