Kapridə ədəbsiz ölüm – Fəxri Uğurlu yazır…

Kapridə ədəbsiz ölüm – Fəxri Uğurlu yazır…

Kulis.az Fəxri Uğurlunun İvan Alekseyeviç Buninin “San-Fransiskolu cənab” povesti haqqında olan yazısının ikinci hissəsini təqdim edir.

Əvvəli burada

İndi artıq San-Fransiskolu cənab zəhmətinin bəhrələrini rahat-rahat, arxayınca həzm-rabedən keçirə bilər. On illər boyu bu cənab zənginləri özünə örnək seçib, həm xəyalda, həm əməldə onlarla yarışa girib. Budur, artıq xəyallar gerçək olub, indi o da başı başlara (özü də necə başlara!) qoşub.

Burada bir az irəli qaçıb Buninin ustadı Turgenevin “Asya” povestindəki bir məqamı xatırlatmaq istəyirəm: həmin əsərin sonlarında müəllif qəhrəmanın diliylə deyir ki, xoşbəxtliyin dünəni, sabahı olmur, xoşbəxtlik ya indi-burada var, ya da yoxdur…

Cənabla ailəsi dekabr ayında Neapolda yağınlığa düşürlər, palçıq, çirkab onları bezdirir. Dinən deyir ki, indi Kapri adası hər yerdən səfalıdır, orada göyün üzü açıq, hava mülayimdir. San-Fransiskolu cənab ailəsini də götürüb kiçik gəmiylə qədim ada-şəhərə üzür. Burada onlar bahalı otelin ən bahalı nömrəsində yerləşirlər. Yorucu səfərdən sonra təntənəli nahara hazırlaşan cənab oteldə dəri kresloya yayxanıb qəzet oxuya-oxuya arvadıyla qızını gözləyir. Birdən onun gözündə sətirlər bir-birinə qarışır, eynəyi sürüşüb burnunun üstündən yerə düşür, nəfəsi təngiyir, qıvrılan gövdəsi döşəməyə sərilir. Yaxınlıqda oturan bir alman turist qışqırıb otelə hay salır, nahara yığılan qonaqlar bu xəbərdən ürküb pərən düşürlər, otel sahibi qonaqları sakitləşdirməyə çox çalışsa da, gecənin ovqatını geri qaytarmağa, pərtliyi aradan qaldırmağa gücü çatmır.

Nökərlər xırıldayan cənabı yerdən qaldırıb kiçik, nəm otaqdakı dəmir çarpayının üstünə uzadırlar. Arvadıyla qızı can verən milyonçunun ölümlə əlbəyaxa qalmasına çarəsiz-çarəsiz baxırlar. Cənab keçinəndən sonra xanımı otel sahibindən cəsədi onların nömrəsinə köçürməyi xahiş eləyir. Ancaq bu, mümkün deyil! Söz Kapriyə yayılsa, heç kim daha bu bahalı otağı kirayələmək istəməyəcək! Adada hazır tabut da yoxdur, gərək əvvəlcədən sifariş verəsən. Odur ki, San-Fransiskolu cənabın meyidini su şüşələrinin daşındığı yeşiyə yerləşdirəsi olurlar.

Səhəri cənazəni əvvəlcə kiçik gəmiylə adadan çıxarır, sonra həmin “Atlantida” layneriylə üzügeri – yeni qitənin sahillərinə doğru uğurlayırlar. Bu dəfə onu sərnişinlərin gözündən uzaq yerdə, gəminin cəhənnəmtək isti, qaranlıq dibində, qaynar sobaların, mexanizmlərin arasında qaçaq mal kimi aparırlar.

San-Fransiskolu cənab bu dünyada qazandığı hakimiyyəti bir andaca itirir. Ölümün cənginə keçən kimi onun həyatının gerçək mahiyyəti açılır – əlli səkkiz il bəslədiyi qiymətli cəmdəyinə nə kral ədasıyla qədəm basdığı oteldə, nə krallara layiq gəmidə yer tapılır. Mehmanxana sahibi bahalı müştərilərini oteldən qaçıran, bahalı proqramını pozan, ona filan qədər ziyan vuran ölünün əlindən zəncir gəmirir. Ölmək dirilərin əyləncəsini pozan ədəbsiz bir davranışa çevrilir. Ölümün lap yaxında dolaşdığını, gecə-gündüz sağ canlara keşik çəkdiyini yada salan cənab heç vaxt ölməyəcəyini zənn eləyən diri bəxtəvərlərin xoşbəxtlik illüziyasına tərbiyəsizcəsinə haram qatır. Buna görə onu cəzalandırıb gəminin cəhənnəminə atırlar. Yuxarı qatlarda isə ayaqlarının altındakı cəhənnəmdən xəbərsiz qayğısız sərnişinlər çıraqban salonlarda çalıb-çağırmağa, deyib-gülməyə, yeyib-içməyə davam eləyirlər…zİvan Buninin “San-Fransiskolu cənab” povestini kapitalist həyat tərzinin, burjuaziyanın, çağdaş sivilizasiyanın, snobizmin, istismarçılığın ifşası kimi yozanlar da tapılar, ancaq məncə, belə yanaşma bir az üzdən getmək olar. Müəllif öz əsərinə varlı olmayan bir adamı da qəhrəman seçə bilərdi, ancaq onun cəsədinin su şüşələri daşınan yeşiyə uzadılması bunca effekt verməzdi. Söhbət bu fani dünyada söz sahibi, nüfuz, hörmət yiyəsi olmaqdan ötrü bütün ömrü boyu dişiylə-dırnağıyla çalışmış, min-min bəşər övladının əzabları üstündə xaniman qurmuş bir insanın miskin aqibətindən gedir. O, başqalarının bədbəxtliyi hesabına qazandığı xoşbəxtlikdən barınmağa imkan tapmır; ona görə yox ki, qəfil ölüm canına müsəllət olur, ona görə ki, belə bir xoşbəxtlik ümumiyyətlə yoxdur. Əgər səfərini sağ-salamat başa vursaydı belə, xəstəhal qızına varlı adaxlı tapsaydı belə onun ömrü bir dəyər, məna, mahiyyət qazanmayacaqdı.

Onun gedişiylə qayıdışı bu həyatın bir-birindən doğan iki üzüdür – povestin mükəmməl kompozisiyası da bu gediş-gəlişin üstündə qurulub. Yazıçı bununla demək istəyir ki, mənəvi həyatdan məhrum insan fəzada bizi daşıyan gəminin dərin qatlarına quylanacaq, bu dünyada ondan heç bir əsər-əlamət qalmayacaq. Necə ki, San-Fransiskolu cənabın həyat səhnəsindən çəkilməsi kimsənin canından bir ovuc can aparmır, onun adını keçdiyi yollarda, o cümlədən Neapolda, Kapridə bir kimsə xatırlamır. Çünki onun adı, namı, fərdiyyəti, individuallığı yoxdur; o bu kosmik gəmidə üzən milyon-milyon şeytan fəhləsindən biridir. Ölüm onu layiq olduğu yerə göndərir, ona layiq olduğu dəyəri verir.

İşıqları qaranlıqda bərq vuran “Atlantida” gəmisini Cəbəllütariq boğazındakı bir qayanın üstündən, duman-çiskinin arxasından müdrikcəsinə izləyən qoca İblis də yəqin elə bunları düşünürmüş.

Share: