Günəş kremi D vitamininin yaranmasına əngəl olur?

Günəş kremi D vitamininin yaranmasına əngəl olur?

Sirr deyil ki, mütəxəssislər yay aylarında küçəyə çıxmazdan əvvəl günəşin zərərli şüalarından və dəri xərçəngindən qorunmaq üçün günəş kremindən istifadə edilməsini tövsiyə edir. Lakin günəş insan sağlamlığı üçün çox faydalı olan D vitamininin əmələ gəlməsinə də səbəb olur.

“Qafqazinfo” xəbər verir ki, bu xüsusda bir çoxlarını günəş kremindən istifadə edərək günəşin faydalarından məhrum olub-olmadığımız maraqlandırır. 

Belə ki, bəziləri günəş kremlərindən mütəmadi istifadə etdikdə D vitamini əskikliyinin yarana biləcəyindən narahatlıq duyur.

Türkiyəli professor Zekayi Kutlubay sözügedən məsələ ilə bağlı bir çoxlarını narahat edən suallara aydınlıq gətirib. 

Onun sözlərinə görə, digər hormonlardan fərqli olaraq, D vitamininin bədənimizdə əmələ gələrək istifadə olunması üçün günəşdən gələn ultrabənövşəyi şüalara ehtiyac duyulur: “Günəşdən gələn şüalar UVA, UVB və UVC olaraq üç yerə bölünür. UVC şüalar ümumiyyətlə dünyaya çatmır, UVB-nin isə 70-90%-i, UVA-nın isə 100%-i dünyaya gəlib çata bilər. UVB günəş yanığı və D vitamininin əmələ gəlməsinə, UVA isə dəri xərçəngi və dərinin qocalmasına səbəb olur. Günəş kremlərinin üzərində gördüyümüz “SPF” ifadəsi kremin UVB şüalardan nə qədər qoruduğunu göstərir. SPF30 olan kremlər UVB şüalardan 97, SPF50 kremlər isə 99 faiz qoruyur. Günəş kremlərindən mütəmadi və intensiv istifadə UVB-nin dəriyə çatmasının qarşısını ala və D vitamininin sintezinin azalmasına səbəb ola bilər”.

O əlavə edib ki, günəş kremləri tövsiyə edildiyi kimi 2 saatdan bir yenilənərsə D vitamini qəbulunu azalda bilər: “Lakin az sayda insan bu tövsiyəyə əməl etdiyindən dəri günəşdən mütləq olaraq D vitamini sintezini əldə edir. Bir şəxsin gündəlik D vitamini ehtiyacı üçün günorta saatlarında dirsəklərindən aşağı, ya da dizdən aşağı yarım saat günəş enerjisi qəbul etməsi kifayət edir. Bu isə o deməkdir ki, günəş kremi mütəmadi olaraq istifadə olunsa da, gündə yarım saatlıq günəş enerjisi qəbul etmək istənilən ehtiyacı qarşılayar”.


Share: