Kulis.az Azad Qaradərəlinin “Xeyrat” adlı uzun hekayəsinin növbəti hissəsini təqdim edir.
Əmrulla kərpic zavodunun sahibi olan biznesmenə məndən gizlin deyibmiş:
“Baxıram ki, mənim rəhmətlik Rəhmanın anası Gülcamal haqqında sözlərimə sən də inanmırsan. Zavodun işçilərinin isə mənə lağ edib güldüklərini də bilirəm… Hardansa oxumuşam ki, qutan adlı bir quş var. Bəzən balalarına yem tapmadıqda dimdiyi ilə sinəsini parçalayar, axan qanı ilə zılğalarını bəslər… Analar öləndən sonra belə balalarını buraxmaz. Ruhları daim arxalarınca gəzər. Mən bu Giləzi yabanlarında sərkərdan bir ruh görmüşəmsə, bunun bir səbəbi olmalıdır…”
Dostum eşitdiklərini yolda mənə söyləyəndə bir qədər pat vəziyyətində qaldım. Nə gizlədim, onun məndən gizlətdiyi o kəlmələr heysiyyətimə toxundu. Amma analar haqqında mən onunla həmrəyəm, hələ bəlkə ondan da ötədir fikrim. “Dünyanın ən böyük adamı” adlı romanımı anama həsr etdim. Elə bildim ki, ürəyim sakitləşəcək. Yox, qardaşım, yox bacım, yox ki, yox.
Anaların ikinci ömrü öldükləri gün balalarının ömründə başlayarmış. Yaşım yetmişi haqlayıb. Amma anasızlığı hər məqamda hiss edirəm. Və bir də anam hər anımda yanımdadır. Yanıldımmı, əlimin üstündən çırpır, düz yol göstərir… Lap uşaqlıqdakı kimi.
Heç yoxladınızmı? Siz də yoxlayın. Yolunuzu azanda, haram təklif alanda, pis vərdişlərə yol görünəndə ananızı göz önünə gətirin.
Və onda Əmrullanın dediyinə inanacaqsız…
…Maşınımız Şurabadı arxada qoyub. Yaşmaya yaxınlaşdıqca dəniz havası dəyir sifətimizə. Dostum maşını saxlayıb yerə düşür. Əlini gözünün üstünə qoyub yuxarılara baxır. Mən də onun baxdığı səmtə baxıram. İki qartal göyün ənginliklərində süzür, düzü dünyanı veclərinə almadan daha yüksəklərə qalxırlar. Dostum nə fikirləşir, bilmirəm, amma mənim yadıma tariximizin iki əfsanə ismi düşür: Cahid və Çingiz… Və Cahid haqqında keçmiş iş yoldaşım mərhum şair Qaçay Köçərlinin söylədikləri:”Ağdam teatrında pyesim tamaşaya qoyulacaqdı. Ona görə əvvəl öz rayonumuza – Tərtərin Küçərri kəndinə getdim, ev-eşiyimə baş çəkib, Ağdama yollandım. Məşqlər başlamazdan öncə hər kəslə ayrı-ayrı görüşüb tanış oldum. Bir ad diqqətimi çəkdi: Cahid Hilaloğlu…
Əcaba, bu adı mən haradan bilirdim? Bir xeyli fikirləşəndən sonra yadıma saldım. Rəhmətlik Xudu Məmmədovdan eşitmişdim. Cahid və Çingiz adlı iki gənc bir zamanlar Qız qalasının üzərinə Azərbaycanın milli bayrağını sancmışdılar. Onda bu söhbətin özü qorxulu bir mövzu idi. Milyonda bir adam bilirdi, ya bilmirdi milli bayrağımız haqqında. Bilən də dilini qoymuşdu dinməzinə…
Mən bir zamanlar Əmircanda yaşayanda Səttar Bəhlulzadə ilə tanış olmuş və elə ilk dəfə milli bayrağımız haqqında onun ağzından qaçırdığını duymuşdum. Səttar bir az nesenzurnu adam idi, nə gəldi danışan idi. Bu barədə söz açanda hətta belə demişdi:”Bir əsərimdə yaşıl, qırmızı, göy fon var… Özüm yaşlı qabağa salmışam ki, başa düşməsinlər… Elə bil bayrağımızı tərsinə çevirmisən…”
Deməyim odur ki, artıq mənim milli bayrağımız, cümhuriyyətimiz haqqında az da olsa bilgim vardı. O gün Hilalla üstüörtülü söhbət etdik. Məşqdən sonra o, məni yaşadığı mənzilə dəvət etdi. Bütün gecəni Çingizlə apardıqları mübarizədən danışdı. Hətta elə şeylər danışdı ki, ona verilən elə işgəncələrdən bəhs etdi ki, qanım dondu. Nə gizlədim, 1987-ci il olsa da, gecəni səhərəcən yata bilmədim. Mən DTK-nın insanların başına nə oyun açdığını yaxşı bilirdim. Bir dəfə düşdüyüm tələyə bir də dqşmək istəmirdim. O məşum türmə həyatını düşmənimə də arzulamıram…
Yaşlansa da, gözəl siması, efirlik səsi, bəlağətli danışığı adamı ona doğru çəkirdi. Bir əlinin barmaqlarını mənə göstərəndə ürəyimin başı sancdı. Dırnaqlar tamam çıxarılmış, yerində biz tərəflərdə çolaq dırnaq deyilən dırnaqcıqlar çıxmışdı. “Bunları Əzrayıl ləqəbli DTK polkovniki çıxartdırdı. Hər gün bir dırnağımı çıxartdırır, tələb edirdi ki, Brejnyevin adına əfv məktubu yazım, səhvimi etiraf edim…
Mən isə nəinki məktub yazmır, hətta haqq yolda olduğumu qışqıra-qışqıra deyirdim. Sonra huşumu itirirdim…”
Qaçay müəllim danışırdı ki, bir xeyli sonra yenə Ağdama getmişdim və eşitdim ki, naməlum bir Volqa maşını Cahidi vurub öldürüb…
***
Əprayıl hamamı qızdırdı. Əvvəl özü girib ora-burasını yudu və bir az şap-şup eləyəndən sonar tez də çıxdı. Məsumə xanım onun tez çıxmasını hamamın plastik qapısının şaqqıltıyla açılmasından bildi və əzizləyirmiş kimi dedi:
—Ay kəndçi, ay pinti, niyə tez çıxdın? Deməmişəm, özünü yaxşı-yaxşı sabunla?
—Eeee, a Masuma xanım, özün ki bilersen, mən uşaxlıxdan sudan qorxerəm… Bir də yuyundum dana… indi gəl, səni də çimizdirim…
Qadın özünü yığışdırdı, elə bil bir az əvvəl hıqqıldayan qoca qarı deyildi. Kişinin köməyiylə lüt soyundu, onun əllərindən bərk-bərk tutub hamama yönəldi.
***
Bilirsiniz ki, mən Məsumə xanımla tanış idim. Hətta onun haqqında yazdığım bir yazı bizi dostlaşdırmışdı da. Buna baxmayaraq sonralar, yəni işdən çıxdıqdan sonra onunla heç görüşmək imkanım olmamışdı. Bu mənim tərəfimdən sayqısızlıq kimi də yozula bilər, lakin bundan fərz özəl səbəblər də vardı. Birincisi, mənim də ailəm qaçqın həyatı yaşamışdı. Özümə gəlmək üçün illər lazım gəlmişdi. İkincisi də, tutalım, getdim Xızıya, nə deyib gedəcəkdim? Bu bədbəxt qadının ağır həyatını yüngülləşdirmək imkanım yoxdursa, gedib onu acı xatirələrə niyə soxum ki? Bu düşüncə ilə ona baş çəkməyə getməmişdim. Amma Əmrulla ilə görüş, Rəhmanın “Kabus”u və məzarına ziyarət, mənim bu əsəri yazmağa ciddi surətdə meyilli olmağım artıq, Məsumə xanımla görüşümü zərurətə çevirirdi. Düzdür, getməsəm də, o yazını yaza bilərdim, amma qorxurdum ki, nələrisə buraxa bilərdim. Ona görə də Biznesmen dostumun müşayəti ilə bir gün Xızıya yola düşdük…
…Mayın günəşli bir günü idi. Müşfiqin Sayadlar kəndindəki ev muzeyinin yanından ötüb Xızıya yönəlirik. Dostumun “Müşfiqə baş çəkəkmi?” (muzeyə dönüb-dönməməyi soruşur) sualına başımı bulamaqla cavab verirəm. Bir neçə dəfə olduğum bu yetim muzeyə baş çəkmək fikrimi yayındıra bilərdi. O boyda şairin, repressiya qurbanının xaraba qalmış kəndində ata evinin yerində bir otaqlı heç cür imkanları olmayan, talesiz şairə talesiz bir muzey yaradıblar və bu muzeylə şairin ruhunu təzədən incidiblər. Necə? Necəsi yoxdur ki. Baxın, Xızıya daxil olan kimi aşağı məhlədə sizi dəyəri milyonlarla ölçülən villalar qarşılayacaq. Ölkənin müxtəlif məqamlarında çalışan bu adamlar dövlətdən və xalqdan oğurladıqları haram pullarla özlərinə bu bahalı mülkləri tikdirərkən Müşfiqin ev muzeyinə də baş çəkib, bu bir otaqlı muzeyin yanında daha iki sadə otaq tikə bilməzdilərmi? Bəlkə bura gələn adamlardan birinin halı pisləşə bilər deyə, burada bir əlavə qonaq otağı inşa etdirə bilməzdilərmi?..
Bax, özümə bu sualları verib, fikrimi üzərində işlədiyim bu ağır əsərin notlarını daha da ağırlaşdırmaq istəmirəm.
Budur, artıq biznesmen dostun telefonuna hansısa xızılı dostun atddığı adına “konum” dedikləri elektron bələdçi ilə aünvana çatırıq. Mülkün qarşısında bizi Əpiş qarşılayır. Mənə diqqətlə baxır və sevincək yaxınlaşıb əlini uzadır.
— Məllim, xoş gəlmisıız… Masuma xanım xəstədi… Gözdəri tamam görmür… bilirsıız… Həmi də ürəyində iş… işəmi… eeee… belə doxtur dedi ki, damarrarı tutuler… Ona görə çox incitmiyin…
Nəhayət, bizi içəri buraxır. Məsumə xanım geniş eyvanda fırlanan kresloda oturub. Qapının səsini alar-almaz qımzanır, amma Əpiş tez özünü yetirib onun qalxmasına imkan vermir. Bir anlığa nə edəcəyimizi bilmirik. Mən bu ani sükutdan yararlanıb onu gözdən keçirirəm. Bir zamanlar qarşısında yekə-yekə kişilərin tir-tir titrədiyi bu xanımın kor olduğu səbəbdən belə asanlıqla müşahidə etdiyimə utanıram və gözümü yayındırmağa çalışıram. Fəqət yazıçı marağı imkan vermir.
Qadın mənim gördüyüm Məsumə xanımdan iri gözlərini, parlaq çöhrəsini, bir də əzəmətli duruşunu saxlaya bilib. Əynində qara nazik parçadan yubka, may havasına uyğun qısaqol ağ köynək, yaxasında qalstuk əvəzi qara güldən yerləri olan kəpənəkcik var. (Əpişin mane olmaq istəməsinə rəğmən artıq ayağa qalxıb, sanki bu saat çıxış edəcəkmiş kimi görkəmi var.)
Əpiş gülümsəyən gözlərini bizə zilləyib nəsə düşünür və üzünü Məsumə xanıma tutur:
—A Masuma xanım, dediyim qonaxlardı… Gəliplər…
Qadın bayaqkı vüqarlı duruşunu bir az yumşaltmağa çalışır və sağ əlini qabağa uzadır. Mən tez yaxınlaşıb onun pambıq kimi əlini tutur və əyilərək öpürəm.
—Xoş gördük, əziz Məsumə xanım…
İlahi. Qadının üzünə necə bir işıqlı təbəssüm yayılır?! Mənim bu hərəkətim onda hansısa unutduğu təması oyadır sanki və o biri əlini də mənim əlimin üstünə qoyub gülümsəməyə çalışır. Üzümə baxmağa cəhd etsə də, təəssüf ki, bu alınmır və tamam ayrı bir səmtə boylanaraq bu dəfə içdən gülümsünür.
— Gör nə yaxşı insan gəlib… Mən heyf ki, indi oxuya bilmirəm… Amma sizin yazılarınızdan az da olsa xəbərim var… Mənə dedilər ki… Əpiş dedi ki… Siz…
Nədənsə sözünün dalını gətirə bilmir və üzünü yenə hansısa səmtə tutub:
—Əpiş, sən get uşaqları da çağır, süfrə açın… Əziz qonağımız gəlib… Siz neçə nəfərsiniz? – Narahat halda Əpişin olduğu səmti təyin etməyə çalışır.
—Məsumə xanım, biz iki nəfərik… Giləzi Kərpic zavodunun sahibi… Biznesmen dostum…
—Giləzi? Siz Giləzidənsiniz?.. – Heyrətlə dillənir və əhdi kəsilmiş kimi kreslosuna çökür.
Əpiş gedib. Dostum da salamlaşdıqdan sonra bizi baş-başa qoymaq üçün həyətə çıxıb və indi mən yaşlansa da, yaraşığını itirməyən, qara gözləri, parıldayan çöhrəsi, azca sallanan buxağı, qız məməsi kimi dik döşləri ilə hələ də onu baxımlı edən bu yaşlı qadınla söhbətə haradan başlayacağımı kəsdirə bilmirəm. Amma o bunu hiss edirmiş kimi məni əziyyətdən qurtarır və özü başlayır:
— Bilirsiniz, bu Armudlu kəndi ki var, yaxınlığında qızıl yataqları olub həmişə… Bax orada – əlini harasa uzadır – mənim atamın qazdığı kəhrizdə… Burdan bir kilometrəcən məsafə olar, ya olmaz… Qızıltəpə deyərdilər… Adamları da qızıl kimidi buranın… Mənə “Şərəf nişanı” ordeni veriləndə özümə müəllim bildiyim, həyatımın dəyişməsində müstəsna rol oynamış Çingiz Fərəcov zəng etmişdi. Təbrikdən sonra dedi ki, bax, qızım, “mükafat” sözünün bir mənası da “cəza” deməkdir. Səni qorxutmuram, amma hər bir yüksəlişin sonunda eniş var. Elə işlə, elə yaşa ki, mükafatın cəzan olmasın…
Amma… Mən bacarmadım… Daha doğrusu, həyat özü məni cəzalandırdı… Bilirəm, Rəhmanla bağlı sual verəcəksiniz… Heç zəhmət çəkməyin… Çünki Rəhman mənin əbədi qan verən, heç sağalmayan yaramdır… Bu dünyaya vida etməsi isə o deməkdir ki, elə mənim də vaxtım azalıb… İndi məni həyatda saxlayan yeganə varlıq o gördüyün Əpişdir… Əpiş mənim həm mükafatım, həm cəzamdır… Gözlərim tutulannan sonra anladım ki, Əpişi allah özü göndərib mənimçün… Mükafatla cəza bir-birinə lazım şeylər olsa da, eyni mənanı versələr də, ikisinin bir canda təzahürü çətin məsələdir… Amma mümkünmüş… Əpiş həm mükafatım, həm cəzam ola biləsi yeganə adamdır… Hə… rəhmətlik Çingiz müəllimnən danışırdım axı… Çingiz müəllimin sözünnən sonra gedib axtardım, tapıb bu barədə oxudum. Əski ərəb cəmiyyətində mükafat verilən adamların anaları, bacıları gizlində sinələrini didər, saçlarını yolarmışlar. Çünki mükafat alanların bir çoxunun yolu edam kürsüsünnən keçərmiş…
Xalqımızın böyük oğlu Heydər Hüseynova Stalin mükafatı verilənnən az sonra Mir Cəfər Bağırovun təhdidi ilə əvvəl damarlarını doğradı, sonra da özünü asdı…
Ağıllı adamlar mükafatların onları hara apardığını əvvəlcədən bilib, qaçmışdılar bu yoldan.
Rəhmana mənim başımın üstündən Maarif nazirliyi döş nişanı vermişdi. Lap sonra isə daha irəli gedib, Əməkdar müəllim adına təqdim etmişdilər. Rayon partiya komitəsinin rəyini soruşmadan belə bir mükafat verməyin nə ilə nəticələnəcəyini bilməli idi Rəhman… Düzdür, o döş nişanı o qədər də pristijli bir mükafat deyildi, amma Əməkdar müəllim adını qanunverici orqan verirdi. Əmimin haqlı tələbi ilə biz bu təltifin qarşısını aldıq… Hə, mükafat mükafatdır, cəzası da yanında… Mən çox amansızlıq etdim o zaman… Vəzifə hərisliyi gözümün qarşısını tutmuşdu. O zaman həqiqəti görmürdüm, indi heç nəyi görə bilmirəm… Mənəvi korluğun sonu cismani korluq imiş…
Dayandı. Hiss olundu ki, yoruldu. Həm də bir az əsəbidir. Əlinin biri əsirdi. O biri əli ilə əsən əlini tutub saxlamağa çalışdı və elə əsəbi tonla da çağırdı:
— Əpiş…
Əpiş əlində bıçaq eyvana girdi.
— Hə, Masuma xanım, burdayam… Kəsdiyim beçələri qızdara vererem ki, pöştələsinnər… Day nə sözün var? Ayrı nə qayırım?
— Çay hazırlayın… Süfrə salın…
— Baş üstə. – Əpiş çıxır. Qadın nə isə xatırlayıb bir qədər fərəhlənən kimi olur.
— Bilirsiniz, bu günlərdə məim Karakandadakı bacım oğlu Tiqran gəlməlidir… Ona görə biz bir az həyəcanlıyıq… – Gülümsünməyə çalışır…
— O vaxt rayonda danışırdılar ki, Dıqran, bağışlayın, camaat belə deyirdi, Tiqran çox savadlı oğlan imiş, hətta Rusetdə ali məktəbdə də oxuyubmuş…
— Hə, hə… Mənim Tiqranım… çox savadlı uşaq idi… dır… Hə, Tolyattidə institutda oxuyurdu… Əvvəl yurfaktda oxudu, sonra nədənsə dəyişdi rejissorluq fakültəsinə… Məndə məktubları var, hərəsi bir elmi məqalədir… Dayan… Əpiş… Gəl o Tiqranın sənədləri, şəkilləri olan papkanı gətir mənə…
Əpiş göy rəngli bir qovluğu gətirib qadının qabağındakı masaya qoyur və getmək istəyəndə onu saxlayır.
— Dayan, getmə. Buradan dörd nömrəli sənədi çıxart, ver mənə.
Əpiş bir az eşələnib, üstündə yaşıl flamasterlə 4 yazılmış qoşa vərəqi çıxardıb ona uzadır və gedir. Qadın vərəqləri üzünə tutur. Elə bilirəm ki, kor olduğunu unudub, guya oxuyacaqmış kimi vəziyyət alır. Amma yox, qadın vərəqləri burnuna tutub iyləyirmiş. Nəhayət, onları mənə tərəf, əslində tamam kənara uzadır və deyr:
— Zəhmət olmasa, bir bu məktubu oxuyun…
Mən kiril əlifbasıyla, çox səliqəli xətlə yazılmış məktubu oxumağa başlayanda qadın məndən qabaq bir neçə cümləni əzbərdən söyləyir, sonra nəfəs dərib mənə oxumağa imkan yaradır.
“Əziz xalam! Sən mənim bu dünyada yeganə yaşam səbəbim və qəlbimin ən yaxın adamısan. Baxmayaraq ki, bircə dəfə də üzünü görməmişəm, sənə qəlbən bağlıyam. Biləsən ki, mən artıq ali fəlsəfi dəyərlərə bağlı bir adama çevrilməkdəyəm. Hal-hazırda ölkəmiz Azərbaycanın müstəqil dğvlətə çevrilməsi məni nə qədər sevindirirsə, torpaqlarımızın 20 faizinin işğalı könlümü yaralayır. Elə bu səbəbdən də mən burada qurduğumuz icmaya ermənilərin daxil olmasına icazə vermirəm. Veto hüququmdan istifadə edərək onları bizim ərazidən qovmuşam.
Mən bir sol təfəkkürlü olsam da, daha çox Sartrın ekzistensial dəyərlərinə yaxınam. Yəni o dahinin “fərdi azadlıqlar vasitəsi ilə marksizmi xurafatdan xilas etmək, marksizm vasitəsi ilə ekzistensializmi fərdin fəlsəfəsindən cəmiyyətin fəlsəfəsinə çevirmək” deyimini daha üstün tuturam. Üstün insanın eqosunu ideal cəmiyyətə qurban verməsi nə qədər realdırsa, ideal cəmiyyətin də üstün insanı öz səviyyəsinə qaldırması o dərəcədə real olmalıdır. Mən realla irrealın qovşağındayam. İnsanın min illərlə mövcudluğu, subyektivizm, zahirən məna doğurmayan, absurd aləmlərə insanın qorxulu imitasiyası, oriyentasiyası, çaşqınlığı ekzistensial dəyərlərin önə çıxması ilə nəticələnə bilər. Sartra görə yazıçı, yaxud filosof “özünün təşkilata çevrilməsinə” imkan verməməlidir. Bu nə deməkdir? Məsələn, əziz xalam Məsumə xanım insani həyatını kommunist partiyasına qurban vermiş və bütün subyektiv aləmini obyektiv birinci katib ömrünə dəyişmişdir. Bütün ömrünü makina kimi işləyən, qarşısına çıxanları məhv edən bir partiyanın ruporuna çevrilmək ekzistensizl dəyərlərə ziddir. Ekzistensizl dəyərlər humanizmə söykənərək insan oğluna azadlıq bəxş edir, ona öz imkanlarını səfərbər etmək, özü özünün sahibi olmaq imkanı tanıyır. Müasir fəlsəfi dünyanın bir nömrəli problemi ÖZÜNÜYARATMA problemidir. Mövcudluq insanın ilk halı, azadlıq və humanizm üzərindən özünü yaratma isə son halıdır. İnsan daim özü özünü yaratmalıdır.
Xalacan! Mən bu icmanın beyin mərkəziyəm. İcmamızın qaranlıq məqamları da var ki, onları sadalayıb, sizi qorxutmaq istəmirəm. Hal-hazırda yeganə problemimiz sağlamlıq və maddi təminatdır. Yox, biz burada icma olaraq istehsalla da məşquluq və özümüz özümüzü yedizdirə bilirik – özünüyaratmanın bir modulu da budur. Sadəcə, buraxdığımız samizdat qəzetin çap variantını düşünməyimiz, ana türkcəmizi unutmamağımız üçün icmanın nəzdində türk dili məktəbinin açılması, beyin mərkəzlərinin buraxdığı fəlsəfi jurnallara abunə olmaq və türk respublikalarında, o cümlədən Türkiyədə çıxan bəzi qəzet-jurnalları almaq üçün və daha başqa məsələlər üçün bizə müəyyən qədər vəsait lazım olur. Siz sağ olun ki, bu günəcən bizə yardımda bulunmusunuz. Sizi bərk-bərk qucaqlayır, öpürəm. Humanist salamı ilə bacınız oğlu Tiqran. 10.05. 2014.”
— Bitirdinizmi? Görürsünüzmü mənim Tiqranım necə oğlandır? İnşallah onu qarşılamağa hazırlaşırıq…
Məktub məni gerçəkdən təsirləndirib. Belə bir şey qəti gözləmirdim. Amma nədənsə Tiqrandan birbaşa ayrı səmtə keçirəm.
— Əminiz haqqında soruşmaq istərdim? Ona niyə Qara Əkbər deyirdilər?
—Bilirsiniz, bizim bu Armutluda hamının ayaması var… Ona da belə demişdilər… Əmim, əslində baz-burudlu, ağbəniz kişi idi… Necə deyərlər, yanlış da bir naxışdır…
Hiss etdim ki, xanım heç özündə deyil. Necə deyirlər, biz onunla görüşməyə düzgün zaman seçməmişdik. Əvvala, Rəhmanın ölümünü yeni öyrənib, ikincisi, sevimli bacıoğlusu gəlməlidir… Tərslikdən də yaddaşı tam yerində deyil… Buranı Armutlu sanır. Hələ bəlkə bir az danışdırsam, özünün yenə birinci katib olduğunu düşünəcək…
Qalxıb sağollaşmaq istəyəndə əda ilə əlini qaldırır:
— Olmaz, qəti olmaz! Siz mənim qonağımsınız… İcazə vermərəm ki…
— Bilirsiniz, biz Altıağaca getməliyik… – Yalan danışmalı oluram. Onda yenə Əpişi çağırır.
— Əpiş, o beçələri yaxşı-yaxşı təmizlət, bük, kuloka qoy. Sonra öz təndirimizin çörəyindən də qoy, pendir, göy-zad, iki ədəd də araq al, qoy paketə, ver aparıb Altıağacda nuş etsinlər…
Bir söz demədən sağollaşıb, verdikləri payı da götürürük və bu dəfə doğrudan Altıağaca gedəsi oluruq. Maşına minəndə dostum “fikirli görünürsən” deyir və mən heç özümün də gözləmədiyim cavabı verirəm:
— “İnsan özünün təşkilata çevrilməsinə imkan verməməlidir”…
— Sartr?
— Hə…
Qara cip Altıağac istiqamətinə yol alır.
***
Qadın hamamda çiməndə Əprayıl divanda uzanıb olub-keçənləri düşünməyə başladı. Brejnyev yenicə ölmüş, qoca kommunistlər Kremldə min-düş oyunu oynayırdılar. Çernenkodan sonar Kremlin sahibi olan Andropov ölkənin boşalmış bağlarını sıxmaq, işlədiyi DTK kadrları hesabına dağılan tifaqı kosmetik təmir etmək istəyirdi. Amma uzun illər özlərini partiyaya, ölkə quruculuğuna həsr edən yuxarıdakı və yerlərdəki rəhbərlər anlamışdılar ki, deyəsən, bu xına o xınadan deyil. Bu bina yıxılır və yıxılhayıxılda kimlərisə özünün altında qoyacaq. Ona görə ayıq adamlar başlamışdılar özlərinə gün ağlamağa. Məhz belə bir zamanda əmisi Əkbər kişi raykoma gəlmiş və qardaşı qızına yeni mərhələnin bəzi mətləblərini başa salmağa çalışmışdı.
Əmi köhnə kommunistlərdən idi. Rayonda əksinqilabçıların kökünün kəsilməsində, baş qaldırmaq istəyən ziyalıların Sibirə göndərilməsində ad çıxaran bu adam bir çox vəzifələrdə işləmişdi. Hətta son vaxtlar rayonun ən böyük dəmiryolçular qəsəbəsində qovşaq partiya təşkilatının katibi idi. Oradan təqaüdə getsə də, rayonun ağsaqqallar şurasının üzvü kimi bütün tədbirlərə qatılır, qardaşı qızına məsləhətlər verirdi. (Danışırdılar ki, bu Əkbər kişi yaman sərt, allahsız adammış. Rayonda NKVD-nin rəisi olanda bir köhnə müsavatçı qocanı yanına çağırıb deyir ki, sənin qələmin var, bilirəm. Get kağız-qələm götür, müsavatın, onun qurduğu hökümətin əleyhinə bir yaxşı məqalə yaz, axırda da qeyd elə ki, mən də səhv edib o partiyanın üzvü olmuşam, bir qələtdi eləmişəm.
Yazıq kişi onun dediyi kimi edir, amma axırda o qələt eləmişəm sözünü yazmır. Bu bir deyir, qoca eşitmir, iki deyir, eşitmir, köməkçilərinə göz eləyir, qocanın əl-qolun tuturlar. Stolun üstündəki mürəkkəb dolu qabı götürüb əyir qocanın ağzına. Üstündən yarım saat keçməmiş, kişi zəhərlənib ölür. Səhər bütün rayona yayılır ki, bəs köhnə müsavatçı bir butulka mürəkkəb içərək intihar edib… Yalançılar sözü, Əkbərin bu metodu sonralar bir neçə rayonda da sınaqdan çıxarılıb: mürəkkəb içib ölənlərin sayı durmadan artıb.)
Son məsləhəti də belə olmuşdu: ölkə dağılır, partiya çökür. Özünə gün ağla. Əlindəkini ver qır-qızıla, at bir tərəfə. Görünən o ki, bunlar pulu da öldürəcəklər… Bir də adam tut, kənddə özünə bir ortabab ev tikdir. Gələcəyin üçün…
…Məsumə xanım bir gün özünün sarı VİLLİS-ində doğma kəndlərinə gəldi. Doğulduğu birotaqlı evin qabağında maşından düşdü və içəri girdi. Elə bu həyətin o üzündəki kiçik həyətdə qurdalanan haman bu Əpişi çağırdı, ovcuna bir dəstə pul basıb dedi:
— Gedərsən bir yaxşı usta tutarsan, mənim adım olmasın, guya özünə ev tikdirirsən… On-on iki də fəhləsi olsun. Gətirib burda bir yaxşı imarət başladarsan. Əmim də sənə tez-tez baş çəkəcək. Pul qurtaranda əmimə deyərsən… Bir də ki, özüm arada gələcəyəm…
***
Məsumə xanım ev hazır olan günün axşamı kəndə gəldi. Evin zirzəmisinə düşüb qazma ilə bir çuxur qazdı və özü ilə sarı villisdə gətirdiyi iki termos qızılı həmin çuxurda basdırdı. (Termosların içini sındırıb, şüşələrini atmış, içərisinə qızıldan qol saatları, üzüklər, bilərziklər, sırğalar və sair bu kimi qır-qızıl doldurmuşdu. Bu qızılları o hər dəfə Bakıya gedəndə tanıdığı bir qızıl satıcısından münasib qiymətə alır, sonra həmin termosların içinə atırdı. Nəhayət, mülk hazır olanda qərara aldı ki, bura daha təhlükəsizdir. Əvvala, Əpiş bütün günü mülkün bağ-bağatında çalışır, ağacları suvarır, mülkün digər işləri ilə ilgilənirdi. İkincisi, mülkün siqnalizasiya sistemi vardı. Üçüncüsü isə, əmisi uşaqlarının da gözü mülkün üstündə idi. Bir əmisi oğlu kənd sovetinin sədri, o biri isə kolxozun sədri idi. Bu kəndi və qonşu kəndləri də öz dədə malı kimi idarə edən, kolxozun, sovetliyin var-yoxunu çapıb-talayan qardaşlar katib əmiqızlarının villasına göz qoyurdular. Ona görə də, termosları zirzəmidə basdıranda ürəyi rahat idi.)
***
Məsumə xanım özü yaxşı təqaüd alırdı. Üstəlik, hələ katib olanda Əpişi gizlicə şəhər sovetində işçi kimi sənədləşdirmişdi deyin, ona da dövlət qulluqçusu kimi təqaüd kəsmişdilər. Son vaxtlar ər-arvad kimi yaşadıqlarından onların pensiyaları ikisinin başından girib, ayaqlarından çıxır, hələ artıq da qalırdı. Çörəkxanadan, kirayəyə verdikləri evlərdən gəlir də öz yerində. Bir də Məsumə xanımın Xızıdakı mülkünün kassasında bir xeyli pul vardı. (İşdən çıxandan sonra Armutluda özünə divarın içində xarici kinolarda gördüyü fason bir kassa düzəltdirmişdi və qaçqın düşəndə o kassanı da özü ilə gətirmişdi. Orada saxladığı dollar və avrolardan nadir hallarda istifadə edirdi.) Amma bu təzə xəbərdən sonra ürəyində bir narahatlıq yarandı. “Birdən Tiqrana çox vəsait lazım olar?!. Mən onnan gərək heç nəyi əsirgəməyim ki, bir daha o Rusetə getməsin. Evləndirim, qalıb mənə həyan olsun. Düzdür, Əpiş mənə yaxşı baxır, amma dogma adam başqa şeydir… Gör işin harasıdır ki, mən zirzəmidəki sərvət barədə Əpişə danışmamışam… Amma gərək indi açam ona məsələni. Göndərim, Bakıya getsin, tanış zərgərdən bir az qızıl xırdalasın… Əlim aşağı olsa, Tiqrana mən necə dayaq dura bilərəm ki?..”
Əpişin müşayəti ilə zirzəmiyə endilər. Əlini divarlara sürtə-sürtə küncdə yerə çalınmış dəmir mıxı tapdı, sonra Əpişə dönüb dedi:
— Əpiş, qurban sənə, mənim sənnən saxladığım yeganə sirrim budur… Bunu da haçansa sənə deyəcəkdim… Amma deyirdim ki, qoy Tiqran da gəlsin, axı ona da deməmişəm… İkinizə də birdən deyəcəkdim… Nə isə, külüngü götür, yavaş-yavaş qaz buranı… Burada iki termos basdırmışam… Elə et ki, termosları əzmiyəsən…
(Əpiş ürəyində güldü. Nədən ki, onlar öz rayonlarındakı zirzəmidə basdırdıqlarını çıxardıb gecəynən gətirmiş, buradakı zirzəmidə basdırmışdılar. Gör indi Məsumə xanımın yaddaşı necə pozulubsa, buranı öz rayonları hesab etməyi bir yana, Əpişin burda gizlətdiklərindən xəbərsiz olduğunu düşünür.)
Əpiş irişdi, irişə-irişə dedi:
— Bə qazmanı vursam, termoslar çilik-çilik olmazmı, a Masuma xanım?
— Yox, ay Əpiş, termos deyil ki… Termosun içini çıxartmışam, içinə qızıl yığmışam…
Əpiş gülüb həvəslə işləməyə başladı. Təxminən on dəqiqə sonra termoslardan birini çıxartdı. Məsumə xanım dedi ki, bu bəsdir. O birisinə hələ dəymə.
Sonra özü əlini termosun içinə salıb, bir çəngə qızıl götürdü, Əpişin ovcuna basdı və dedi:
— Minirsən maşına, sürürsən Bakıya, köhnə Paluxində zərgər Ramizin yanına gedirsən… bunları verirsən ona, deyirsən ki, Məsumə xanım dedi ki, bunları pula çevirsin… Pulu alıb, gedirsən bazara. İki qoyun alırsan, təzə yağ, şor, motal pendiri alırsan, bal alırsan. Təzə təndir çörəyi alırsan. Ya da təndir alma, öz təndirimizdən götürərsən çörəyi… Göy-göyərti, qoz-fındıq, mer-meyvə alırsan… İndi bu may ayı ki var, bu ayın təzə çıxan dağ göyərtilərinnən, göbələkdən-zaddan nə var, alıb gətirirsən… Mənim yadımnan nə çıxdı, özün əlavə edirsən… İstəyirəm, Tiqran olan məclisdə quş südünəcən olsun. Hə, bir də soruşarsan, hansı yaxşıdırsa, rus arağı, bahalı konyak, bir də mən likör içirəm axı, likör alarsan… Puldan ürəyin nə istəsə özünə alarsan… Bir az da cibinə xərclik, benzin pulu saxlayarsan… Qalanını dollara çevirib, gətirib mənə verərsən…
Əpiş qızılları adına pinqvin dedikləri plastik torbaya yığdı, abır paltarını geyinib, qarajdakı Mersedesi çıxartdı, birbaş Bakıya sürdü.
***
Səkkizinci kilometr bazarının sağ əlində, bir xeyli yuxarıda Kislotnaya küçəsi vardı. Bax, o küçədəki yataqxanada iki il yaşamışdım. Birinci il Yeni Bakı Neftayırma zavodunda fəhlə işləyən zaman, ikinci ili isə ali məktəbə girsəm də, institutun yataqxanasında yer olmadığından həmin yataqxananın komendantına ayda nə qədərsə pul ödəyib orada qalırdım. Və bu əsər üzərində işləyərkən məlum oldu ki, bir vaxtlar Rəhman da bu yataqxanada qalırmış və hətta sevgilisi Məsumə ilə bir axşam bu yataqxanada macəraları olub, siz artıq həmin səhifələri oxumusunuz…
Mən o nastolji hissləri təzədən yaşamaq üçün o yataqxananın yerləşdiyi əraziyə baş çəkdim. Yataqxananın yerində on altı mərtəbəli bina tikilmişdi. Binanın qabağındakı parkda iki gənc qol-qola gəzir, hərdən zarafatla bir-birini dümsükləyirdilər.
O gənclərə həsədlə baxıb (ağlıma bədbəxt qəhrəmanlarım – Məsumə ilə Rəhman gəldi təbii) geri dönürdüm ki, yaşayış binasının altındakı mağza, bərbərxana, gözəllik salonununun yanında üstündə KABUS yazılmış qapı görüb heyrətləndim. Bir an nə edəcəyimi bilmədim. Yaxınlaşıb qapını itələsəm də, açılmadı. Qonşu bərbərxanaya girdim.
— Bağışlayın, üstündə KABUS yazılan yerin sahibi kimdir? Orada nə açıblar? Niyə qapısı bağlıdır?
Bərbər saçını düzəltdiyi adamla şirin söhbətdə idi deyə mənim suallarımı bir qədər gec cavablandırdı:
— Oraya müəmmalı adamlar gəlir hərdən. Yığışıb nə barədəsə söhbət edir. Sonra dağılışırlar… Son zamanlar isə qapı bağlı olur… Nə bilim vallah… Ağzında kabus deyirsən…
Bərbər müdrik görkəm alıb işinə davam edir. Mən isə bağlı qapıya bir də yanaşıb bozalaq şüşədən içərini görməyə çalışıram. Bu vaxt içəribdən elə kabus kimi səslər gəlir. Arxama baxmadan oradan uzaqlaşıram…