QURUDULMUŞ ÇİÇƏKLƏR
Qurudulmuş çiçəklərdən
gül ətri gəlməz bəlkə,
Ancaq xatirə qoxusu var
ruhu saran.
Hər kəsi bir gün keçirəcək,
Həyat ağır sınağından
Oğurlayacaq
ən məsum gülüşlərini dodağından.
Kirpiklərin nəm qalan hissəsindən
Asılacaq ümidlər.
Yalnızlığın rütbətindən
Yosun tutar ürəklər.
Uzaqlaşdıqca uzaqlaşarsan,
Ən yaxın saydıqlarından
Qürub çağı doğmalaşar,
Sübh çağı soyuyarsan həyatdan
Aysel Nəsirzadə
KÖRPƏLƏR EVİ
Dünyaya gələn hər körpə,
Sevgidən doğulmur.
Sevgisizlikdən yaranan uşaqlar tamamlayır ‐ körpələr evinin siyahısını.
Ana sevgisi, ata zəhmətiylə böyümür onlar.
O körpələrin ahıdır
göydəki qara buludlar,
Lənətlənir yer üzü.
ʺAnaʺ kəlməsini
söyləyə bilməyən körpələrə
ʺBalamʺ‐ xitabı da gərəksiz,
dayə nəvazişi də soyuq.
Necə inanaq xoşbəxt gələcəyə?
Bu sevgidən kasıb körpələr
Böyüyəcək taleyini söyə‐söyə
Ehtiyacdan töküləndə küçəyə…
****
Dibçəklərə əsir edilən güllərin
Özgürlüyü yoluxa ürəklərə.
Sevgi hissiylə bəslənən,əzizlənən,
Qanadlanıb uçmadan
Ruh vücuda sarılaraq yaşaya azadlığı.
Bu dünyanı cənnət edə
O dünyada cənnətə qovuşmaq istəyənlərin saflığı.
YOL BİR NƏFƏS
Öz dibinə kölgə salmaz
şam ağacı
Dərd gözünü zilləyər
Sevinc baxar qıyğacı
Həyatları ölçər zaman
Ömür adlı
Bir gün gəlib keçmək bilmir
İllər isə yel qanadlı
Uzaq gəlir hər şey uzaq
Ümid əsir arzu əbəs
Bu dünyadan o dünyaya
Uzaq deyil yol, bir nəfəs…
***
Lupanın bir üzünü tutsaq ümidimizin ən xırdaca zərrəsinə,
Bir üzünü Günəşə.
Yenidən alov alsa ümidlərimiz,
Buz bağlayan qəlbimizi sarsaq
Ümid dolu atəşə.
Ömrü əmanət etsək
İkicə xoş kəlməyə,
Bir içdən gələn gülüşə
Yaşayıb getsək belə.
NƏ TEZ UNUTDUN MƏNİ
Viranə könlümdə bayquş ulayar,
Uğramaz səmtimə nə yaz, nə bahar.
Unudulmağın da bir zamanı var,
Nə tez unutdun məni?
Kimə gileylənim, kimə dərd yanım,
Bilməm kimi düşmən,kimi dost sanım.
Ay Məni hamıdan tez anlayanım,
Nə tez unutdun məni?
Sözə ümidlənib, səsə sığındım,
Ən çox güvəndiyim kəsə sığındım.
Deyilmiş ürəkdə əbəs sıxıntım,
Nə tez unutdun məni.
Bir quru hal xoşu, salamı kəsən
Əhsən yaddaşına qəlbinə əhsən,
Sən ki unutmağa həvəsliymişsən
Nə tez unutdun məni
LÖVBƏR SALMAZ GƏMİLƏR
Bu limana lövbər salmaz gəmilər,
Susar qağayılar sahil boyunca.
Günəş də dənizə qıyğacı baxar,
Çəkilər qınına yerdən doyunca.
Rüzgar qayalara çırpar dalğanı,
Dənizə atılmış dərdlər dağılar.
Buxarlanıb göyə çıxan hər dərdə,
Yağış söylər həzin-həzin ağılar.
Yer üzü islanar insan ahıyla,
Allahı unudan yadına salar.
Yenə o sahildə bərk qaya üstə,
Bəxtindən gileyli bir cavan ağlar.
APARDI
Budandı arzumun qolu‐qanadı,
Solub xəzəl oldu, quşlar apardı.
İntizarla açdım səhərlərimi,
Gecəmi sel kimi yaşlar apardı.
Gülüşüm yarımçıq, kəm‐kəsir oldu,
Arzum gözlərimdə lap əsir oldu.
Ürəyim kədərə tələsir oldu,
Ömrümü bəlkələr, kaşlar apardı.
Gedən karvanımı kim çəkib əylər?
Həyat nə eləsə, tək mənə eylər.
Deyin, sahib çıxsın ruhuma göylər,
Cismimi torpaqlar, daşlar apardı.
AYSEL NƏSİRZADƏ