Daşkəsən rayonu ərazisinə yağan güclü dolu və leysan yağışları qısa müddət ərzində ciddi problemlər yaradıb.
“Qafqazinfo” xəbər verir ki, sel Daşkəsən şəhərində istinad divarlarını dağıdıb. Yol infrastrukturuna, elektrik və rabitə xətlərinə ziyan dəyib. Həmçinin sel suları bir çox fərdi yaşayış evlərinin bünövrələrini uçurub, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçir. Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanın aradan qaldırılması davam etdirilir.