Paris haqqında belə bir ünlü deyim var: “Həmişə bizimlə olan bayram” (Heminquey). Bir də “Ah Paris, Paris” (ELÇİN) var.
Əlbəttə, Paris haqqında onlarla, yüzlərlə başqa deyimlər, yaraşdırmalar da xatırlana bilər – bunlar öz yerində. Paris son vaxtlar öz yerində deyil. Öz yeri – Parisdə yaşayıb-yaratmış mütəfəkkirlərin müəyyənləşdirdiyi yer, respubluka qurmuş fransızların uyğun bildiyi yer deyəlim. Deyəlim ki, Fransa Azərbaycana elə o Fransanın Qəhrəmanı (Şarl de Qollun dostu, silahdaşı) olmuş Əhmədiyyə Cəbrayılovun ruhunun haqq etdiyi (şəkilləndirdiyi) səviyyədə münasibət göstərə bilmir. Demək, oralarda nəsə, kimsə yerində deyil… Bir vaxtlar deyilmiş “Yalnız Paris Romaya layiqdir; yalnız Roma Parisə layiqdir” sözləri günümüzdə keçərlidimi? – Qoy bu suala hər kəs öz bilgisi içində cavab versin… Yalnız onu deyək ki, başqalarının beynəlxalq hüquq normalarına dayalı haqq-hüququnu gözardı edən dövlət ləyaqətli dövlət sayılmaz.
2,102,650 sakinin yaşadığı Paris, Avropa Birliyinin 4-cü ən çox əhalisi olan şəhəri olub, Yür üzünün ən sıx məskunlaşmış 30-cu şəhəridir. Aha, görəsən niyə Paris daha çox insanın yaşadığı bir şəhərə çevrilməyib? Əhalisi bizim şəhər qədər belə deyil. Özgə vaxtı bizi bəyənməyən Fransa başbilənləri şlyapasını qabağına qoyub fikirləşməlidir: paytaxtının, ümumən ölkənin etnik yapısı baxıməndan başqa (yaxın-uzaq) ölkələrə niyə uduzurlar? Paris London deyil, Berlin deyil, Varşava, Budapeşt deyil, bir çox başqa şəhərlər də deyil…
Parisdə məskunlaşmış immiqrantların çoxu Əlcəzair, Mərakeş öndə olmaqla Afrika olkələrindən (qismən Portuqaliya və digər Avropa ölkələrindən) olan gəlmələrdir. Şüarı “Liberté, Égalité, Fraternité” (“Azadlıq, Bərabərlik, Qardaşlıq”) olan ölkənin paytaxtı son günlərdə başqalarının azadlığına, bərabərhüquqluluğuna dözümsüzlük içində olduğunu bir daha göstərdi. Dünyada soyqırım törətmiş dövlətlərdən olan Fransa vaxtilə dədə-babalarını işgəncəylə öldürdüyü qeyri-fransızların indi uşaqlarını Parisin ortasında polisin əli ilə güllələyir. “Soyqırım irsi” yeni formada davam edir. – Fransa ki Fransa!..
Fransada qardaşlıqdan əsər-əlamət yoxkən qana daş atırlar – düşmənçilik, barışmazlıq, dözümsüzlük fransız kültürünün tərkib hissəsidir, qaliba… Paris immiqrantlarçün cəhənnəmə dönüb. Dərviş Məstəli Şahın Qarabağdan Parisə bəddua etməsinə ehtiyac yoxdur artıq: Qarabağa, Azərbaycanla Edmənistana, ümumən Qafqazlara barış gəlməsi ehtimalını belə sinirə bilməyən rəsmi Paris, bir şəhərdə belə qalıcı əmin-amanlıq yarada bilmir. Azərbaycanafob, türkofob, islamofob haramxorlar ölkəsinin paytaxtı getdikcə insanofoblar şəhərinə çevrilir. Bir zamanların fransız kültür intibahı tam tərsinə inkişaf edir, deyəsən. Özünün ən yüksək qatına çatmışdımı da üzü enişə gedir?..
Fransa Paris başda olmaqla aşağı gedir, mənəviyyat endirimindədir… Yoxsa, soyqırımı etiraf edər və soyqırımın “s”-sı qədər antihumanist gərginlik yaratmazdı, elə deyilmi? Əlcəzair kökənli nümayişçini güllələyən polisin dövləti guya Yer üzündə təhlükəsizliyə, birgəyaşayışa, barışa, əmin-amanlığa sorumlu ölkədir. BMT TŞ daimi üzvü, AB və NATO qurucu üzvü Fransa, hansı mənəvi, əxlaqi keyfiyyətlərə malikdir? Məsələn, Azərbaycanlı jurnalistə qarşı heyvərəlik etmək, diplomatları qorumamaq, dinc nümayişçilərə divan tutmaq beynəlxalq mandatla nə dərəcədə uyğunluq təşkil edir? Hər yerdə Parisdəki kimi davranacaq? Allah qoymasa, hələ bir ATƏT-in Minsk qrupunun da həmsədriydi… Keçmiş olsun! Biz keçmiş deyirik, öz paytaxtında dinc nümayişçilərə vandalca davranan ölkənin siyasi rəhbərliyi hələ də ölünü xortdatmağın peşindədir…
Bəli, Paris yenə qarışıb. Afrikada milyardlarla haram gəlirdən əli çıx(arıl)an Fransa prezidenti, boşalan yeri doldurmaqçün alternativlər araya-araya gah Monqolustana gedib çıxır, gah dənizaşırı torpaqlarda mərkəzdənqaçma meyllərinin qarşısını almağa çalışır və s.
Rəsmi Paris Orta dəhlizin Azərbaycan torpaqlarından, o cümlədən Zəngəzurdan keçəcəyini bilir, vurnuxur. Aradabir “balaca bacı”sını şirnikdirir, qızışdırır amma bacı da bacı ola…
Uzun sözün qısası, Müsyo Jordan həncəri deyirdi: “Paris dağılır”! Bəli, Paris cəhənnəmə dönür – həmişə cəhənnəmə… – Bizdən uzaq!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
P.s. Rəhmətlik Şamil müəllim (Millət vəkili Prof.Dr. Şamil Qurbanov) vaxtilə “Jak Şirak qudurub” deyirdi. Mən Millət vəkili, professor və ağsaqqal olmadığımçün elə qəti diaqnoz qoya bilmirəm. Ustadoğlu Mahir (Qabiloğlu) deyir, cümləni sual şəklində qur: “Görəsən, Parisdə yenəmi quduran var”?.. Ustadoğludur deyir də, ta nə deyim?..