Nəsimi rayonunda iyun ayında 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində təsdiq olunmuş qrafik üzrə RİH başçısı Asif Əsgərov tərəfindən iyun ayında səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, keçirilən 4 səyyar qəbul və görüşlərdə 800-dən çox sakinin iştirakı ilə 60-dan çox müraciət dinlənilib.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olub.
Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb. Qaldırılan məsələlərin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilib.